Bakıda rusların milli bayramı olan “Maslenitsa” qeyd edilib

Azərbaycanda multikulturalizm dövlət siyasəti təzahüründə müxtəlif xalqların nümayəndələri tərəfindən milli bayramları böyük həvəslə qeyd edilir. SİA xəbər verir ki, Azərbaycanda Rus İcması tərəfindən təşkil olunan “Maslenitsa” konsert proqramı İçəri Şəhər tarixi-memarlıq qoruğunun “Şirvanşah” bağında keçirilib.

Bayram tədbirində millət vəkilləri, ictimai-siyasi xadimlər, incəsənət xadimləri və Rus icmasının üzvləri iştirak ediblər. Tədbir boyunca rus xalq mahnıları səsləndirilib, rus xalqının milli rəqsləri nümayiş etdirilib. Milli rus mətbəxi qonaqlara təqdim edilib. Bayram tədbirində rus əsilli vətəndaşlarla yanaşı, digər xalqların nümayəndələri də iştirak ediblər.

Tədbirlə bağlı təəssüratlarını bölüşən millət vəkilləri bu kimi tədbirlərin Azərbaycan xalqının birlik və bərabərliyində xüsusi rol oynadığını bildiriblər. Qeyd edilib ki, multikultural dəyərlərə xüsusi önəm verən Azərbaycanda bütün millətlərin nümayəndələri dostluq, qardaşlıq içində yaşayır. Bütün xalqların nümayəndələri ölkəmizdə milli bayramlarını qeyd edə, milli adət-ənənələrini yerinə yetirə bilirlər.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə