Türkiyə 31-ci Minsk Beynəlxalq Kitab Sərgisində

Minsk Kitab Sərgisi martın 17-dək açıqdır

Türkiyə Belarusda keçirilən 31-ci Minsk Beynəlxalq Kitab Sərgisinə qatılıb.

Paytaxt Minskdəki “BelExpo” Sərgi Mərkəzində açılan yarmarkada Türkiyənin Belarus səfirliyi tərəfindən stend qurulub.

Türkiyənin tarixi, arxeologiyası və mədəni irsi, təbii gözəllikləri və Türkiyə ədəbiyyatından əsərlərin nümayiş olunduğu stendi sərginin ilk günü minlərlə belaruslu kitabsevər ziyarət edib.

SİA-nın əldə etdiyi məlumata görə, türk dilini öyrənən Belarus universitet tələbələri Türkiyənin stendinə xüsusilə böyük maraq göstərib.

Belarusun informasiya naziri Vladimir Pertsov və Belarus Prezident Administrasiyası rəhbərinin birinci müavini Maksim Rıjenkov da Türkiyə stendinə baş çəkiblər. Türkiyənin Belarus səfiri Cem İşıq onlara Türkiyənin ədəbi və mədəni zənginliklərindən danışıb.

Türkiyə Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Təhsil Nazirliyi və Diyanət İşləri İdarəsi də Türkiyə stendinin sərgidə iştirakına töhfə verib.

Qeyd edək ki, Belarusda ilk dəfə 1994-cü ildə keçirilən sərgiyə Türkiyə 2019-cu ildə 4 kvadratmetrlik stend sahəsi ilə qatılıb, sonrakı illərdə isə sahəsi 12 kvadratmetrə çatdırılıb.

Minsk Kitab Sərgisi martın 17-dək açıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə