Avstriyalı məktəblilər Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanış olublar

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatının Avstriyada təbliği üçün müxtəlif səpkili tədbirlər keçirməklə yanaşı, yerli ictimaiyyət üçün maraqlı layihələrə də imza atır. Belə layihələrdən biri Novruz bayramı ərəfəsində Vyana məktəbliləri üçün təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Vyanadakı beynəlxalq məktəblərdən birinin bir qrup şagirdi üçün Azərbaycan Mədəniyyət Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı şagirdlərə Azərbaycan barədə, onun coğrafi mövqeyi, milli adətləri və mətbəxi, Novruz bayramı barədə məlumat verilib, Azərbaycan haqqında cizgi filmi nümayiş etdirilib, eləcə də Azərbaycan dilində uşaqlara sözlər və ifadələr öyrədilib. Uşaqlar Mədəniyyət Mərkəzi ilə tanış olublar, kitabxanaya, nümayiş olunan sərgi və eksponatlara baxıblar.

Sonra Abdulla Şaiqin “Tıq-tıq xanım” mənzum nağılının motivləri əsasında hazırlanmış kukla tamaşası Mərkəzin əməkdaşları Rəşidə Əsgərli və Gülər Əzizovanın təqdimatında alman dilində nümayiş olunub. Dostluq dəyərlərinin ön planda dayandığı tamaşa şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Ekskursiya çərçivəsində avstriyalı məktəblilər Novruz ənənələri ilə tanış olublar, yumurta boyayıblar və həmçinin yumurta döyüşdürüblər. Buta motivli yumurtaların boyanmasında onlara rəssam Cəmilə Qasımova və mərkəzin dil kurslarının müəllimi Yaqut Abdalla kömək ediblər.

Daha sonra uşaqlara “Yallı“ rəqsini ifa etmək öyrədilib və onlar birlikdə rəqs ediblər. Yekunda uşaqlara Novruz hədiyyələri təqdim olunub.

Şagirdləri müşayiət edən müəllim heyəti və valideynlər ekskursiyadan böyük məmnunluq ifadə ediblər, gələcəkdə digər siniflərin tanışlıq ekskursiyalarında da maraqlı olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə