AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru, çayçılıq və sitrusçuluq sahəsində tanınmış alim, professor Fərman Quliyevin əsərlərinin IV və V cildləri işıq üzü görüb. Qeyd edək ki, Professor Fərman Quliyev sabiq SSRİ-də, Yaxın Şərq ölkələrində və Azərbaycanda kənd təsərrüfatı sahəsində tanınmış və aparıcı alimlərdən biri olmaqla, subtropik meyvə və texniki (çay, limon, naringi, qreypfrut, kinkan, portağal, feyxoa, nəcib dəfnə,bambuk, badam, püstə, innab, əncir, nar, zeytun, kivi, quayava və s.), habelə müxtəlif dərman bitkilərinin becərilməsinin və arealının genişləndirilməsinin elmi əsaslarının öyrənilməsi ilə məşğuldur.
O, uzun illər ərzində Azərbaycanda çay və digər subtropik meyvə və texniki bitkilərinin intensiv becərilmə texnologiyasının, ekologiyasının elmi və praktik əsaslarının öyrənilməsinə böyük əmək sərf edib. Professor F. Quliyev elmi-tədqiqat işlərini bir müddət sabiq SSRİ-nin Umumittifaq Çay və Subtropik Bitkilər Elmi Tədqiqat İnstitutunda (Gürcüstan Respublikası Maxaradze rayonunda – indiki Ozurqeti), Ümumittifaq Sənaye Gülçülüyü və Dağ Meyvəçiliyi İnstitutunda (Rusiya Fedeasiyası, Soçi səh.), Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ EA-nın Bitki Fiziologiyası Elmi-Tədqiqat İnstitutunda davam etdirib. O,
uzun illər (1968-1984 illərdə) Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtrupik Bitkilər İnsitutunun indiki Az.ET Meyvəçilik və Çayçılıq İnstitutunun Lənkəran Çay və Sitrus Bitkiləri filialının direktoru vəzifəsində işləyib. F.Quliyevin Lənkəran filialına gəlişi və uzun müddət ərzində direktor vəzifəsində çalışması subtropik bitkiləri, xüsusilə çay, sitrus, feyxoa, nəcib dəfnə, bambuk və i.a. üzrə elmi tədqiqat işlərinin genişlənməsi və dərinləşməsində, bu bitkilərin respublikanın cənub bölgəsində arealının artırılmasında mühüm əhəmiyyət kəsb edib. Hazırda F.Quliyev AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru kimi elmi-tədqiqat fəaliyyətini uğurla davam etdirir.
Tanınmış alimin keçən ilin sonu və bu ilin əvvəlində çap olunan əsərlərinin IV(2015-2020-ci illər) və V(2021-2022-ci illər) cildlərinə müəllifin son 8 ildə işıq üzü görmüş çay, sitrus, feyxoa, nar və digər subtropik və texniki bitkilərinin Azərbaycanın rütubətli və quru subtropik bölgələrində becərilməsinin elmi əsaslarının öyrənilməsinə həsr olunmuş məqalələri daxil edilib. Məqalələrdə bu bitkilərin bioloji və ekoloji xüsusiyyətlərinin əsaslı sürətdə öyrənilməsi, ekoloji amillərin və iqlim şəraitinin düzgün qiymətləndirilməsi, torpaqların bu bitkilər altında daha səmərəli istifadəsi, spesifik xüsusiyyətlərə malik olan bölgə
torpaqlarında meliorativ tədbirlərin həyata keçirilməsi, subtropik bitkilərdən daha yüksək məhsul əldə edilməsinin elmi istiqamətlərinin hazırlanması və nəhayət praktiki tətbiqi araşdırılır.
Professor F.Quliyev bölgənin aqroiqlim potensialından səmərəli istifadəsində subtropik meyvə və texniki bitkilərinin rolunu şərh etməklə, onların “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın, “Çayçılığın” və “Sitrus meyvəçiliyinin” inkişafına dair Dövlət proqramlarının yerinə yetirilməsində mühüm əhəmiyyət kəsb etdiyini göstərib.
IV cildə alimin müxtəlif respublika və beynəlxalq jurnallarda nəşr edilən 25 və V cildə 30 məqaləsi daxil edilib. Hər iki cildin ön söz müəllifi və elmi redaktoru AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor M.R.Qurbanov, redaktoru Sərraf Talıbovdur.
Qeyd edək ki, tanınmış alimin əsərlərinin I cildi(1963-1983-cü illər) 2013-cü ildə, II cildi(1983-2000-ci illər) 2014-cü ildə, III cildi(2000-2014-ci illər) isə 2017- ci ildə nəşr olunub.
Kitab geniş profilli aqronomluq ixtisası alan tələbələr, magistrant, dissertant, doktorant və həmçinin bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB