Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı rəsm sərgisi açılıb

Aprelin 12-də Tbilisidəki Dmitriy Şevardnadze adına Milli Qalereyada Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisi açılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılış mərasimində Azərbaycanın Xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarulidze, xarici işlər nazirinin müavini Xatuna Torturadze, Milli Qalereyanın direktor müavini Nika Axalbedaşvili, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.

Nika Axalbedaşvili çıxış edərək Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, Çingiz Fərzəliyevin əsərlərindən ibarət sərginin açılmasını iki dövlət arasındakı mədəni əlaqələrin inkişafına xidmət etdiyini bildirib.

Ç.Fərzəliyev çıxışında deyib ki, bu sərgi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. O, sərginin təşkilatçılarına minnətdarlıq edib.

Səfir Faiq Quliyev çıxış edərək ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərindən danışıb. Ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, eləcə də mədəniyyət və incəsənət sahəsində inkişafında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirdiyini vurğulayan diplomat, eyni zamanda, Heydər Əliyev Fondunun Gürcüstanda reallaşdırdığı layihələrin əhəmiyyətindən danışıb.

Fərhad Xəlilov, Kaxa Sixarulidze, Xatuna Tortuadze və digər çıxış edənlər Ç.Fərzəliyevin yaradıcılığından söz açıb, bu cür sərgilərin qarşılıqlı olaraq Azərbaycanda və Gürcüstanda təşkil olunmasının əhəmiyyətini qeyd ediblər.

Bildirilib ki, Ç. Fərzəliyevin yaradıcılığı heyrətamiz mənzərələri, natürmortları və fəlsəfi xarakteri ilə seçilir.

Sərgidə böyük rəssamın yağlı boya ilə kətan üzərində çəkdiyi 50-yə yaxın əl işi nümayiş etdirilir.

“Zamanın pillələri ilə” sərgisi çərçivəsində Gürcüstanda nəşr olunan sərgiyə dair kataloq təqdim edilib.

Sərgidə, həmçinin Çingiz Fərzəliyevin müəllifi olduğu çoxsaylı nəfis nəşrlər, kitab və albomlar nümayiş etdirilir.

Sərginin kuratorları Çingiz Fərzəliyev, Könül Rəfiyeva və Məryəm Dvalidir.

Sərgi mayın 10-dək ziyarətçilər üçün açıq qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə