"COP-larda əldə olunan razılaşmaları icra etmək asan deyil" - MUXTAR BABAYEV

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarında (COP) əldə olunan razılaşmaları icra etmək asan deyil. SİA xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Мuxtar Babayev 30-cu Yubiley Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə Dubay və Bakıda əldə olunan razılaşmaların icra edilməsinin vaxtı yetişib: "Son iki COP-da ölkələr böyük icra proqramı və maliyyələşdirmə barədə razılığa gəliblər. İndi bunları həyata keçirmək lazımdır. Amma hazırda ölkələr, xüsusilə donorlar böyük dilemma qarşısındadır. İnkişaf etməkdə olan ölkələrdə bu 300 milyard dollarlıq öhdəliyin həyata keçirilməsi ilə bağlı bəzi şübhələr var. Bu, əsasən dünyada hərbi sahəyə ayrılan böyük vəsaitlərlə əlaqədardır, çünki hazırda yeni çağırışlar, çoxlu münaqişələr var. 2024-2025-ci illərdə dünyada 52 münaqişə olub. Bu, rekord rəqəmdir. Bütün bu münaqişələr, müharibələr, militarizasiyaya yeni böyük maliyyə vəsaitlərinin xərclənməsinə səbəb olur".

M.Babayev qeyd edib ki, dünyada bir tərəfdən iqlim dəyişikliyi ilə mübarizəyə dair böyük vəsait ayrılır, digər tərəfdən, istehsal prosesləri zamanı böyük miqdarda emissiyalar yaranır: "Müharibələr, münaqişələr dünya, təbiət üçün çox təhlükəlidir. Bütün bunlar böyük miqdarda emissiyalara səbəb olur. Hazırda COP-larda əldə olunan razılaşmaları icra etmək asan deyil. Lakin strategiyamız və işimiz indi iştirakçılarla aktiv müzakirələrə, donorlarla, mümkün böyük oyunçularla aktiv müzakirələrə əsaslanır ki, icra mərhələsini aktivləşdirək. Bu, çox vacibdir. Buna görə də komandamız indi ismarışlarımızı çatdırmaq, ölkələri, donorları öhdəliklərini, vədlərini yerinə yetirməyə təşviq etmək üçün hər fürsətdən istifadə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə