Kənd təsərrüfatı iqlim üçün transformasiyaedici qüvvə ola bilər

Dayanıqlı torpaq idarəçiliyi təcrübələrini təşviq etməkdən tutmuş suyun səmərəliliyinin artırılmasına qədər kənd təsərrüfatı iqlim üçün transformasiyaedici qüvvə ola bilər. SİA xəbər verir ki, bunu COP29 Fəaliyyət Gündəliyi qrupunun həmsədri Jalə İbrahimova COP29 çərçivəsində təşkil olunmuş "Fermerlər üçün Bakı Harmoniya iqlim təşəbbüsünün işə salınması: İqlim dəyişikliyinə davamlılığı təmin etmək üçün fermerlərin səlahiyyətlərinin artırılması" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, aqrar sektor iqlim dəyişikliyi həllərinin aparıcısı olmaq potensialına malikdir: "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünü işə salmaqla bu sürəti davam etdirməkdən qürur duyuruq. Bu təşəbbüs daha böyük təsirə nail olmaq üçün ahəngdarlığı, koordinasiyanı və öyrənmə mübadiləsini artırmağa kömək edəcək. COP29 Fəaliyyət Proqramı çərçivəsində bu təşəbbüs fermerlərin, kəndlərin və kənd icmalarının iqlim dəyişikliyinə davamlılığını artırmaq üçün onların səylərini gücləndirmək kimi ümumi məqsəd ətrafında fərqli təşəbbüsləri, koalisiyaları, şəbəkələri və tərəfdaşlıqları bir araya gətirəcək".

J.İbrahimova əlavə edib ki, ötən həftə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə bu təşəbbüsü daha da irəli aparmaq üçün niyyət məktubu imzalanıb: "Bu inklüziv təşəbbüs vasitəsilə biz nəinki mövcud iqlim çağırışlarına cavab verən, həm də uzunmüddətli davamlılığa, ərzaq təhlükəsizliyinə, kənd yerlərinin inkişafına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verən inteqrasiya olunmuş sistem yaratmağı hədəfləyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə