Kapitan Qrantın uşaqları - KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Elmi fantastika janrının atası, ölməz yazıçı Jül Vernin “Kapitan Qrantın uşaqları” əsəri dünya macəra ədəbiyyatının şah əsəri sayılır. Bu əsəri oxumayan çətin tapılar.

Amma mövzumuz onunla bağlı deyil. Biz tamam başqa Qrantın uşaqlarından danışmaq istəyirik. Bu Qrant həzrətləri ilə xalqımızın ilk tanışlığı Sovet İttifaqının dağılmasından sonra müstəqil respublika kimi yaşamağa çalışdığımız ilk dövrlərdən başlayır.

İttifaqın dağılmasından sonra qlobal güclərin, böyük dövlətlərin keçmiş Sovet respublikalarına hücumu başladı. Respublikamızda saysız hesabsız siyasi partiyalar, dini icmalar, etnik birliklər və sair qeyri-hökumət təşkilatları... və sayı-hesabı bilinməyən media orqanları yaranmağa başladı.

Adam lap məəttəl qalırdı- kiçik bir respublikada bu qədər çox sayda mətbu orqan və ictimai təşkilat nəyə və kimə lazımdır? Ölkənin, xalqın maliyyə-iqtisadi vəziyyəti son dərəcə ağır olduğundan bu qədər təşkilatı, qəzeti, icmanı kimin maliyyələşdirdiyi sual doğururdu.

Təsəvvür edin, ölkədə dini icmaların sayı 1000-i, siyasi partiyaların sayı 100-ü, qeyri-hökumət təşkilatlarının sayı 4000-i, media orqanlarının sayı isə 5000-i keçib. Bu, ilk baxışda demokratiyanın təntənəsi kimi görünə bilər. Amma alt qatlarda məsələ başqa cürdür.

Artıq 90-ların ortalarından çoxlarına aydın oldu ki, belə təşkilatların yaranması, cəmiyyətin monolit formasından çıxarılaraq saysız siyasi, dini, etnik qruplara bölünməsi hansı xarici mərkəzlərə və niyə sərf edirmiş, pullar haradan və necə gəlirmiş.

Qrant adlandırılan bu çirkli pulları mədəni formalara salıb müxtəlif bəzəkli adlar altında ölkədəki qulbeçələrinə göndərirdilər. Nə bilim, demokratiyanin inkişafı naminə, vətəndaş cəmiyyəti uğrunda, hüquqi dövlətə doğru, qadın azadlığı, tolerantlıq mədəniyyəti və s. adlarla.

Ölkə boyu beynəlxalq təşkilatların seminar, treninq, konfrans və sair bu kimi tədbirlərinin sayı-hesabı itib. Belə tədbirlərə, əsasən, aktiv gənclər dəvət edilir və onların beyninin yuyulması üçün peşəkar əcnəbi mütəxəssislər təlim keçirdi. Hətta fərqlənənləri xarici səfərlərə aparıb orda Qərbin “demokratik”, “zəngin” mənzərələrini onlara nümayiş etdirirdilər ki, “lazımi” təfəkkürə yiyələnsinlər. Buna xüsusi xidmət orqanlarında “verbovka” deyilir.

Amma gəlin görək, bu qrantları alan media və QHT-lər hansı layihələr həyata keçirir və bunların cəmiyyətə hansı faydaları olub? Gəlin görək, bu şəxslərin neçəsi xalqın problemlərini həll etmək üçün, cəmiyyəti obyektiv məlumatlandırma və maarifləndirmə üçün, mənəvi dəyərlərin və insan hüquqlarının qorunması üçün fəaliyyət göstərir. Çox az sayda olar.

İndi gələk politoloqlara, iqtisadçılara, ilahiyyatşünaslara, digər sahələrdə “müstəqil” ekspertlərə. Heç kim bilməsə də, jurnalistlər yaxşı bilir ki, hər hansı bir siyasi, iqtisadi, sosial, dini problemlərin araşdırılması üçün obyektiv ekspert tapıb rəy almaq necə müşküldür. Yeri gəlmişkən elə jurnalistlərin arasında da bu qrantlardan bəhrələnən xeylisi var. Onların yazılarından bu cəmiyyətə hansı faydalar toxunur, burası aydın deyil.

Biri Amerikanın mənafeyindən çıxış edəcək, biri Avropanın, o biri İranın, digəri Rusiyanın... ya da biri adını müxalifət qoyaraq “qaraya da qara”, “ağa da qara” deyəcək... Necə deyərlər, pulu kim verirsə, mahnını da o sifariş edir.

Yalnız intellektual şəxslər, alternativ mənbələrdən faktları əldə edib, analiz edə bilənlər obyektiv qənaət hasil edə bilirlər. Bəs sadə xalq kimə inansın? Eyni hadisə ilə bağlı 2 fərqli mövqenin hansının düzgün olduğuna necə qərar versin?

Nə qədər ki, hamı savadlı deyil, hamının alternativ mənbələrə çıxışı yoxdur, hamı analitik təfəkkürə malik deyil, kütləni istənilən yalana inandırmaq asandır. Necə ki, indi Qərbin nüfuz agentləri Qarabağ mövzusunda xalqa cəfəngiyyat danışır, qələbəmizə və bu istiqamətdə aparılan uğurlu siyasətə kölgə salmağa çalışırlar. Onlara inananlar çoxdur, çünki dediyimiz kimi savadlı və məntiqli adamlar azdır.

Belə çıxır ki, problemin həlli yolu hamının savadlanmasından və analiz qabiliyyətinə malik olmasından keçir. Bu da çox çətin görünür. Bu səbəbdən də, hələ ki, Kapitan Qrantın uşaqları ictimai rəyi lazımi şəkildə yönləndirə bilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə