Bəzən elə gəlir ki, dünya daha sürətlidir indi. Sanki saatlar qaçır, günlər əllərimizin arasından su kimi süzülür. Amma ən çox dəyişən zaman deyil… insanların sağlamlığıdır. Və acı bir həqiqət var: xəstəliklərin yaşı gəncləşib.
Bu gün klinikanın qapısından içəri girənlər arasında saçına dən düşməmiş, hələ həyatın nə olduğunu tam anlamamış gənclər var. Bir vaxtlar yalnız yaşlılara aid sayılan ürək-damar problemləri, şəkər, hormonal pozuntular, hətta onkoloji xəstəliklər indi otuzların, iyirmilərin qonağıdır. Bəzən elə gənclər gəlir ki, üzlərində hələ gülüşün izi solmayıb, amma baxışlarında yorğunluq gizlənib…
Niyə belə oldu?
Çünki həyatın ritmi dəyişdi. İnsanlar qaçdıqca yoruldu, yorulduqca dayana bilmədi. Stress artıq günün tərkib hissəsinə çevrilib. Biz daha az yatıb, daha çox düşünürük; daha çox danışıb, daha az hiss edirik. Sosial şəbəkələr gözümüzə yalançı xoşbəxtlik göstərdikcə, içərimizdəki yük ağırlaşır. Bir tərəfdə təzyiq, digər tərəfdə depressiya, o biri yanda düzgün qidalanmama, hərəkətsizlik… və bədən nəhayət bu yükü daşıya bilmir.
Amma ən qəribəsi nədir, bilirsən?
Heç kim özünü xəstə saymaq istəmir. Gənclər “məndə heç nə olmaz” deyə-deyə özlərini itirirlər. Bəzən elə bilirlər ki, güclü olmaq susmaqdır, içindəki ağrını gizlətməkdir. Halbuki xəstəlik gizlənməyi sevir , nə qədər gizlənsə, bir o qədər güclənir.
Həkimlər son illərdə elə diaqnozlar görür ki, bir vaxtlar bunu yalnız altmış yaşdan yuxarı insanlarda görmək mümkün idi. İndi isə 18 yaşında qızın qandakı dəyərləri pozulur, 22 yaşında oğlanın damarları yorulur. Həyat çox şeyin dadını tez göstərdi, amma sağlamlığın dəyərini unutdurdu.
Xəstəliklərin yaşı gəncləşib, bəli…
Amma bu, dünyanın bitdiyi anlamına gəlmir. Bəlkə də bu çağırışdır - özümüzə, bədənimizə, ruhumuza daha çox qulaq asmağın çağırışı. Bir az yavaşlamağın, dərin nəfəs almağın, iç dünyamızla barışmağın vaxtıdır.
Sağlam olmaq yalnız xəstəliksiz olmaq deyil…
Sağlam olmaq - ruhunu, düşüncəni, nəfəsini qorumaqdır. Dünyanın sürətinə uyğun qaçmağa məcbur deyilik. Bəzən dayanmaq da bir qələbədir.
İnsan gənc ola bilər, amma sağlamlıq həmişə yaş soruşmur.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB