Ailə büdcəsinə qənaət: kiçik addımlar, böyük fərq

Bəzən elə düşünürük ki, qənaət yalnız böyük dəyişikliklərlə mümkündür - maaş artanda, borclar bağlananda, daha yaxşı günlər gələndə… Amma əslində, ailə büdcəsini qoruyan məhz gündəlik həyatda seçdiyimiz o görünməyən, sakit addımlardır.

Hər evin öz hekayəsi var. Bəzən masanın üstünə qoyulan bir çaynik daha az su ilə dəmlənir, bəzən bir lampa daha tez söndürülür, bəzən “lazım deyil” deyə dönüb gedilir. Kiçik şeylərdir bunlar, amma evin içindəki rahatlıq sanki elə bu kiçik addımlardan doğur.

Qənaət kasıblıq deyil , bir-birini düşünməkdir. Valideynin uşağı üçün sabaha bir manat artıq saxlaması, övladın evdə israf etməməsi ilə valideynini yükləməməsi, həyat yoldaşlarının bir-birinin çiynində yük qoymadan yaşaması…

Hər dəfə evdən çıxanda söndürdüyümüz işıq, artıq almamaq qərarına gəldiyimiz lazımsız bir məhsul, israf etmədiyimiz bir tikə çörək… Bütün bunlar bəlkə gözə də görünmür, amma ailənin içində toplanan rahatlıq sanki nəfəs kimi yüngülləşdirir insanı. Ayın sonunda “bu ay özümüzə yaxşılıq elədik” hissi insanın sinəsinə bir istilik qoyur.

Qənaət özünü məhrum etmək deyil, düşünərək yaşamaqdır. Bu, həm bugünün yükünü yüngülləşdirir, həm də sabahın qayğısını bir az da azaldır. Ailə büdcəsi düzgün idarə olunanda evdə gərginlik azalır, əvəzində sakitlik, güvən və bir-birinə arxalanmaq hissi artır.

Bir də ən gözəli odur ki, qənaət ailənin içində birlik yaradır. Uşaqlar da öyrənir ki, hər şeyin qiyməti var, hər qəpik əziyyətlə qazanılır. Böyüklər də anlayır ki, kiçik addımlar bəzən ən böyük dəyişikliklərin başlanğıcı olur.

Həyat elə bundan ibarətdir… Bir fincan çayı israf etməmək, lazım olanda “yox” demək, sabah üçün bir az artıq güvən saxlamaq. Dəryanı dolduran damlalardır axı , ailə büdcəsini də rahatladan, ailəni də qoruyan o balaca, amma dəyərli addımlar…

Kiçik addımlar… böyük fərq… Və ən əsası - daha sakit bir ailə, daha güvənli bir sabah.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə