“Özünü sevməyin ilk addımı: sağlam qidalanmaq

Bəzən həyatın tələskənliyində özümüzü itiririk. Səhər evdən çıxanda çörəyi yarımçıq dişləyib tələsik qaçırıq, günortaya qədər bir fincan qəhvə ilə özümüzü “yaşadıb”, axşam isə yorğunluğun içində ən asan yola – zərərli qidaya üz tuturuq. Elə bil bədənimiz bizə qəzəblənmir, incimir, yorulmur… Amma içimizdə bir yerdə sakitcə pıçıldayır: “Mənə qulaq as…”

Sağlam qidalanmaq sadəcə kalori hesablamaq deyil. Bu, bədənimizlə münasibət qurmaq, ona dəyər verdiyimizi göstərməkdir. Çünki insan ən çox dəyər verdiyi şeyə qayğı göstərir. Bəzən biz başqaları üçün saatlarla yorulur, qayğı çəkirik, amma öz bədənimizə gələndə ona ən ucuz, ən tələsik və ən laqeyd variantı layiq görürük.

Halbuki bir boşqab salat, bir kasa ev yeməyi, təmiz su – bunlar sadə görünür, amma insanın ruhunu belə yüngülləşdirir. Özünə yaxşılıq etməyin ən gözəl forması elə budur. Sağlam qida bədəndə yükləri azaldır, düşüncəni açır, xroniki yorğunluğu seyrəldir. Hətta ən kiçik dəyişiklik belə insana həyatı başqa cür göstərir.

Ən maraqlısı isə budur: sağlam qidalanmağa başlayanda insanın özünə münasibəti də dəyişir. Çünki bədəninə yaxşılıq edən insan, özünü sevdiyini hiss edir. Özünü sevən isə heç vaxt yarımçıq yaşamır.

Biz çox şey arzulayırıq – uğur, xoşbəxtlik, gözəl görünüş… Amma bütün arzuların kökündə bir sadə həqiqət dayanır: sağlam bədən. Sağlam olmayan bədən, yorğun ürək və gərgin zehin heç bir arzunu daşıya bilmir. Ona görə də hər tikə bir seçimdir: özümüzə qarşı sevgi, ya da laqeydlik.

Bu gündən etibarən bədənimizin pıçıldadıqlarına bir az daha diqqətlə qulaq asaq. O, bizə əslində nə istəyəcəyimizi çoxdan deyib: təbii yemək, təmiz su, sakitlik… Yəni özümüzə qayğı.

Axı həyat elə budur: özünə yaxşılıq etməyə cəsarətin çatdığı qədər gözəldir.

Müəllif: Hacıyeva Günay

Bütün xəbərlər Facebook səhifəmizdə