Noyabrın 6-sı ölkəmizdə Televiziya və Radio Günü kimi qeyd olunur. Bu tarix, əslində sadəcə bir yubiley və ya təqvimdə sadalanan adi günlərdən biri deyil. Bu, illərdir efirdə xalqla birgə olan, onun sevincini, kədərini, ağrısını və ümidini paylaşan bir peşə ordusunun, görünməz qəhrəmanların bayramıdır.
Televiziya və radio – bir vaxtlar yalnız xəbərlərin ötürüldüyü, indi isə cəmiyyətin düşüncəsini, mədəniyyətini və duyğusunu formalaşdıran əsas vasitələrdəndir. O ekranların, o mikrofonların arxasında yüzlərlə insanın zəhməti dayanır: aparıcılardan tutmuş, operatorlara, montajçılardan rejissorlara qədər hər kəs bu sahənin ayrılmaz hissəsidir.
Bəzən bir xəbərin hazırlanması üçün gecə-gündüz çalışan jurnalist, bəzən bir səhv sözün məsuliyyətini üzərinə alan aparıcı, bəzən də səsi ilə milyonların qəlbinə toxunan diktor – hamısı bu böyük ailənin parçasıdır. Onların işi çox vaxt diqqət mərkəzində olmasa da, təsiri cəmiyyətin hər qatına yayılır.
Televiziya və radio, yalnız məlumat vermək deyil, həm də cəmiyyətin ruhunu ifadə etmək gücünə malikdir. O, xalqın yaddaşını formalaşdırır, hadisələri tarixə çevirir, hadisələrin fonunda insan talelərini işıqlandırır. Bəzən bir xəbərin arxasında bir ömürlük hekayə, bir səsin arxasında bir millətin ağrısı gizlənir.
Bu gün texnologiya inkişaf edib, sosial media hər kəsə “efir” imkanı yaradır. Amma yenə də televiziyanın etibarı, radionun səmimiyyəti, jurnalistin məsuliyyətli sözü hələ də əvəzolunmazdır. Çünki bu peşə sadəcə informasiya yaymaq deyil, həm də vicdanla həqiqəti demək sənətidir.
Bu gün o insanlara təşəkkür etmək günüdür – mikrofon qarşısında deyil, bəzən mikrofon arxasında çalışan, görünməyən, amma səsi və əməyilə cəmiyyətə işıq tutan media fədailərinə. Televiziya və Radio Günü – səsi ilə cəmiyyəti birləşdirən, efir dalğalarında tarix yazan insanların bayramıdır. Onların səsi heç vaxt susmasın, işıqları heç vaxt sönməsin.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB