Oğul Sorosun Trampa qarşı Demokratlarla birləşməsi ABŞ Administrasiyasını hərəkətə keçirib
Dünya siyasətində çirkin oyunları, bir sıra dövlətlərin hakimiyyətlərinə qarşı qiyamlar hazırlayan, ölkələrdə çaxnaşmalar yaradıb siyasi xaosdan yararlanan Corc Sorosun "dəftəri bağlanmağa" doğru gedir. Çünki ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında C.Sorosu hədəfə alan paylaşım edib. Ağ Ev rəhbəri milyarder C.Soros və oğlu Aleksandrın ölkədəki etirazlara dəstək verdiyinə görə mühakimə olunmasına çağırış edib. Belə görünür ki, uzun onilliklərdir ki, Amerika liderlərinin "xeyir-duası" ilə dünyada böhran və xaoslar törədən C.Soros, indi elə ABŞ-ın özü üçün bir nömrəli təhlükə halına gəlib. "Dollar sehribazı" artıq Ağ Evdə də ciddi başağrısı kimi qəbul edilir. Əlbəttə, dəlisov, amma məharətli biznesmen kimi ad çıxarmış milyarder D.Trampın C.Sorosu da tarixin zibilliyinə atacağı elə də xəyal kimi görsənmir. Dolların qoxusuna yaxşı bələd olan Ağ Ev sahibi, qoca Sorosun "nəfəsini kəsməyin" yolunu da bilməmiş deyil.
Diqqət edin, ABŞ lideri bildirib ki, milyarder C.Soros və oğlu ABŞ-dakı etiraz aksiyalarına dəstək verdikləri üçün RICO (reketçilik və qanunsuz təşkilatlara görə mühakimə aktı) qanununa əsasən mühakimə olunmalıdır. O əlavə edib ki, ABŞ hakimiyyəti "bu dəli insanlara ölkəni parçalayıb dağıtmağa imkan verməyəcək". D.Trampın bu açıqlaması açıq şəkildə on illiklərdir ki, dünyanı qarışdıran bu maliyyə mafiyasının çöküşü üçün "fatihə" deməkdir. Əslində, bu, gözlənilən proses idi.
Çünki D.Tramp hakimiyyətə ikinci qayıdışından sonra dünya siyasətində əməllicə mövqe tutduğu bir vaxtda ABŞ daxilində əlində trilyard dollarlarla gəzişən canlı təhlükə istəməzdi. "Pul hər şey deyil, amma çox şeydir" ritorikası həmişə qorxulu olub. Elə bu gün də elədir. Milyarder prezident bu məsələdə titiz davranır. USAİD kimi siyasi qərəz, dünyada bütün pisliklərin ana xətti və "dollar borusu" olan dağıdıcı qurumdan sonra, indi də C.Sorosun hədəfə alınması əslində Sorosların ABŞ daxilindəki siyasi proseslərdə təsirinin getdikcə genişlənməsi və oğul Aleks Sorosun daha böyük iddialarla çıxış etməsidir. ABŞ mətbuatında yazılanlardan da aydın olur ki, C.Coros və ətrafı artıq ABŞ-ın daxili siyasətinə "dizayn etmək" qərarı veriblər. Hədəfdə əlbəttə milyarder prezidentdir. Amma məsələnin o tərəfi də var ki, D.Tramp C.Soros üçün "asan yem" deyil. Hazırda dünya siyasətinə hökmranlıq edən birisinə qarşı meydan oxumaq nə deməkdir, bunu da az-çox siyasətlə maraqlanan hər kəs əla bilir.
Hamıya aydın oldu ki, D.Tramp C.Sorosla yanaşı, onun oğlunu da hədəf alıb. Aleks Sorosun ölkə siyasətində təsiri getdikcə güclənir. Eyni zamanda, onun demokratlara yaxınlığı da bir sıra qaranlıq faktlardan, eləcə də onların D.Tramp hakimiyyətinə qarşı hərəkətə keçməsindən xəbər verir. Sözsüz ki, hazırkı ABŞ prezidenti özünün hakimiyyətinə qarşı baş verən bu proseslərə kor ola bilməzdi. Bu səbəbdən də Ağ Ev rəhbərinin yaxınlaşan təhlükəni əvvəlcədən duyması, onlara qarşı hərəkətə keçməsi anlaşılan addımdır. Çox yəqin ki, yaxın vaxtlarda dünya Sorosların çöküşünü də izləməli olacaq. Amma bu baş verərsə, o zaman bu təkcə Sorosların çöküşü olmayacaq. Bu, həm də dünyanın yeni qaydalarının yaranması demək olacaq. Əlbəttə, ABŞ yeni dünya nizamı üçün gələcək Sorosunu çoxdan müəyyənləşdirib...
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə