Prezident İlham Əliyevin Şuşada keçirilən Media Forumunda ABŞ Prezidenti Donald Tramp barədə dedikləri, onun fəaliyyətini yüksək qiymətləndirməsi, bunun ardınca Ağ Ev sahibinin Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün əla imkanın yarandığı barədə açıqlaması Cənubi Qafqaz üçün yeni dönəmin başlayacağına işarədir. Çünki Qərbmeylli Nikol Paşinyan hakimiyyətinin ABŞ rəhbərinin siyasi kursuna ağız büzəcəyi qətiyyən mümkün deyil. N.Paşinyan da bu prosesdən daxili siyasətdə faydalanmağa, ona düşmən kəsilən revanşistləri Ermənistan siyasətindən birdəfəlik “təmizləməyə” və qarşıdakı seçkilərə qədər Sülh Sazişinin imzalanmasına çalışır. Açıq görünür ki, hazırkı ABŞ Administrasiyası Azərbaycan və Ermənistan arasında Sülh Müqaviləsinin bağlanması üçün real imkanları işə salmağa hazırlaşır.
Ağ Ev Sülh Müqaviləsinin reallaşmasına indi əvvəlkindən daha çox istəkli görünür. Xüsusilə Vaşinqtonda Ermənistanın Türkiyə və Azərbaycanla əməkdaşlığının qurulması, rəsmi Ankara vasitəsilə bölgədəki proseslərin ABŞ-ın “dirijorluğu” ilə formalaşdırılması üçün düşünürlər. Bu elə bil vaxtda baş verir ki, artıq D.Trampın dəfələrlə onu aldadan, Ukrayna müharibəsində ABŞ rəhbərinin istəklərinə qarşı çıxan Vladimir Putinə zərrəcə qədər də inamı qalmayıb. Bu fakt, ABŞ-ın Cənubi Qafqaz siyasətində Türkiyə ilə birgə hərəkətlilyini şərtləndirir. Təəccüblü deyil ki, hazırda Rəcəb Tayyib Ərdoğanla son dərəcə yaxşı münasibətləri olan D.Tramp bölgə siyasətinə Türkiyə lideri ilə məsləhətli siyasət yürüdür. Bunun nə vaxta qədər davam edib-etməyəcəyini zaman göstərəcək. Lakin reallıq odur ki, Ərdoğan və Tramp arasında mühüm tərəfdaşlıq siyasəti davam edir. Əlbəttə, rəsmi Bakı üçün əsas maraqlı olan məqam, D.Tramp-R.T.Ərdoğan əməkdaşlığının Azərbaycan və Ermənistan arasında Sülh Müqaviləsinin bağlanmasına nə dərəcədə müsbət təsir göstərəcəyidir. Hazırda Ermənistan daxilində revanşistlər, Rusiyameyilli qüvvələr və ona düşmən kəsilən keşişlərlə mübarizə aparan N.Paşinyan da böyük məsuliyyət altındadır. Elə addımlar atmalıdır ki, Sülh Müqaviləsi imzalansın, erməni ictimai fikrini də real və alternativi olmayan konstruktivlik siyasətinə tamamilə inandırıb özünün müdafiəçisi halına gətirsin.
Amma ən əsas məsələ, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Media Forumunda dediyi kimi, keçmiş Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu maddələrinin silinib atılmasıdır.
Yəni görünən odur ki, Sülh Müqaviləsini imzalamağa hazır olduğunu deyən N.Paşinyan hakimiyyəti ilk əvvəl Ermənistan Konstitusiyasına “əl gəzdirməli” olacaq. Çünki bu Azərbaycanla normal münasibətlər qurmaq, Sülh Müqaviləsi imzalamaq və bununla da Ermənistanın bölgədəki mühüm iqtisadi layihələrə qoşulmasına yaşıl işıq yandırması üçün ən mühüm şərtdir. Əgər D.Tramp Administrasiyası və şəxsən Ağ Ev sahibi bu siyasəti davam etirərsə, biz yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında Sülh Müqaviləsi üçün mühüm addımların şahidi olacayıq. Əlbəttə, “şeytan çarxı” ortaya girməsə...
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə