Tramp Zelenskini “yola salır”....

Ukrayna ətrafındakı gərginlik artıq təkcə hərbi toqquşmalarda deyil, həm də diplomatik və siyasi cəbhədə də şiddətlənməkdədir. Ağ Evdə Donald Trampla kəllə-kəlləyə gələn Ukraynanın hazırkı Prezidenti Volodimir Zelenski üçün yolun sonu da görünməyə başlayıb. Artıq V.Zelenski qarışıq bütün Avropa liderləri D.Tramp qarşısında “ağ bayraq” qaldırıblar. Üstəlik Kiyevdə yeni seçkilər barədə görüşlər keçirilir, Ukrayna siyasətində canlanma başlayıb. Nəyin bahasına olursa-olsun Ukrayna müharibəsini bitirib sülh elan etməyi hədəfləyən D.Tramp, Kiyevdəki hakimiyyətə qapını göstərməyi də tezləşdirməyə çalışır. İlk hədəf heç şübhəsiz ki, yeni ABŞ liderinə qarşı baş qaldıran keçmiş şoumen - aktyorun iqtidarına son qoymaqdır.

Budur, Ciddədə aparılan danışıqlardan sonra Ukrayna Rusiya ilə atəşkəsə razılıq bəyanatı verib və üstəlik, ABŞ da Ukraynaya hərbi yardımı bərpa edəcəyini bəyan edib. Bir başqa tərəfdən görünən odur ki, D.Trampa qarşı əks mövqedə dayanan Avropa Birliyi də yeni Ağ Ev sahibinin diktəsini qəbul edib Əslində Ağ Evdə V.Zelenski ilə bütün dünyanın gözü qarşısında aparılan gərgin söz müharibəsi və gərginlik həm də hazırkı Ukrayna rəhbərinin “qələminin qırılması” üçün start da sayılmalıdır. Bütün dünyaya, həttda siyasətlə yaxından-uzaqdan əlaqəsi olmayan dağdakı çobana da bəlli oldu ki, yeni ABŞ rəhbərinin Ukrayna barədə öz planları var və bu planlarda V.Zelenski qəti yer almır. Çünki prezidentiliyinin ilk günündən başlayaraq Bütün dünyanın gözünün qarşısında, tərəddüd belə etmədən Ağ Ev sahibi açıq mətnlə prezident Volodimir Zelenskini qeyri-legitim dövlət başçısı elan edib. Eyni zamanda, prezident Donald Tramp Ukrayna liderini kollektiv Qərbin maliyyə dəstəyini şübhəli məqsədlərə yönəltməkdə, hətta korrupsiyada suçlayır. Digər tərəfdən, Ağ Ev sahibi Rusiyanın Ukraynanı cəmisi bir neçə gün ərzində darmadağın edə biləcəyini, ancaq Kremlin bunu etmək istəmədiyini də vurğulayıb.
Son baş verənlərdən sonra isə üzünü Avropa ittifaqına çevirən Ukrayna lideri D.Trampın daha çox qəzəbinə tuş gəlib. Budur, Ağ Ev Adminsitrasiyası Kiyevdə yeni siyasi proseslər üçün düyməni basıb.
“Politico” nəşri yazır ki, ABŞ prezidenti D. Trampın yaxın çevrəsindən olan dörd yüksəkvəzifəli şəxs Ukrayna müxalifəti ilə prezident seçkiləri ilə bağlı gizli danışıqlar aparıb. Bu barədə "Politico" adlarının çəkilməsini istəməyən üç ukraynalı deputat və Respublikaçılar Partiyasının xarici siyasət üzrə ekspertinə istinadla xəbər verir. Nəşrin məlumatına görə, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ilə Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun tərəfdaşları ilə söhbətlər aparıblar.
Nəşrin iddiasında vurğulanır ki, danışıqların əsas mövzusu Ukraynada atəşkəs razılaşmasından sonra prezident seçkilərinin keçirilməsidir. Görünən odur ki, ABŞ Administrasiyası müharibə bitən kimi Ukraynadakı yeni siyasi xəritə barədə planlarını işə salacaqlar.
Maraqlısı odur ki, P.Poroşenko və Y.Timoşenko "Politico"nun xəbərinə reaksiya veriblər. Hər iki müxalif deputat amerikalı tərəfdaşları ilə danışıqlar apardıqlarını, lakin onlarla seçkiləri müzakirə etmədiklərini bildiriblər. P.Poroşenkonun sözlərinə görə, o, sülh bağlanmadan seçkilərin keçirilməsinə qarşıdır. Əslində, hər iki müxalifət lideri ABŞ-ın təşəbbüsünə müsbət yanaşır və Ukraynada müharibənin başa çatdırılmasını gözləyirlər ki, siyasi səhnədə əl-qol atsınlar.

Bundan başqa, hazırda Ukrayna savaşının gələcək taleyi ilə bağlı ABŞ-Avropa Birliyi siyasi qarşıdurması yaşanır. Düzdür, Avropa liderləri bir neçə gün öncə Ukrayna barədə atəşkəs təklifini və D.Trampın sülh təşəbbüslərini dəstəklədiklərini bəyan ediblər. Amma müəyyən nüanslar da qalmaqdadır.

Məsələ ondadır ki, Tramp adminstrasiyası Ukrayna savaşının dayandırılmasına yalnız Rusiya ilə anlaşaraq, nail olmağa çalışır. Üstəlik, bu prosesə həm taleyi həll edilməkdə olan Ukrayna, həm də ABŞ-ın Rusiyaya vəd etdiyi güzəştlər ucbatından böyük risk altına düşə biləcək Avropa Birliyi buraxılmır. Yəni, Tramp adminstrasiyası bütün prosesi yalnız Rusiya ilə yürüdür. Və müşahidələr onu göstərir ki, səhnə arxası sövdələşmə birmənalı şəkildə yalnız ABŞ-Rusiya cütlüyünün maraqları üzərində qurulmaqdadır. Artıq Ukrayna məsələsi ilə yanaşı dünya siyasətinin özü də yenidən dizayn olunur. Kimin harda yer alacağına isə belə görünür ki, Ağ Ev və müəyyən qədər də Kremldə qərar veriləcək...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə