Putin və Tramp Ukraynanı bölüşdürürlər...

Hazırda dünya siyasətinin ən əcaib oyunlarından birinə şahidlik edirik. “Cəlladlar və onların qurbanları aşkarca göz qarşısındadırlar. Co Baydenin qanlı əsəri sayılan Ukrayna “müharibəsi” ucbatından on minlərlə ukraynalı öldürüldü, yüz minlərlə insan dünyanın dörd yanına səpələndi getdi. Soyuq fevral günündə, şaxtada-çovğunda hara gəldi qaçan, yollarda məhv olan ukraynalıların o dəhşətli görüntüləri hələ də gözlərimin qarşısındadır. Siyasət və milyard dollarlar qazanmaq naminə, silah ticarəti üçün bu insanlar qurban verildilər. Əlbəttə, bütün siyasətlərin isti yorğan kimi bürünüb özünə haqq qazandırdığı ideyalar, “nəyinsə naminə, nəyə görəsə” kimi ifadələr, siyasi iyrənclik kimi bir vaxtlar dəbdə olan “demokratiya” şüarı və sairə...

İndi məlum olur ki, C.Baydenin başlatdığı bu qanlı BİZNES və KORRUPSİYA oyunu müharibə deyil, elə əsl oyun imiş və bütün tərəflərə milyardlar qazandırıbmış. Təkcə yeni Ağ Ev sahibi Donald Trampın Ukraynaya xərclənən milyardlarla bağlı sorğu-suala başlaması, Kiyevə göndərilən pulları geri istəməsi, üstəlik Ukraynanın iştirakı olmadan Vladimir Putinlə Ukraynanı bölüşdürmək üçün hərəkətə keçməsi, müharibə adı verilmiş bu qanlı oyuna siyasət əvəzinə ticarət kimi yanaşması bütün dediklərimi təsdiqləyən faktlardır. Diqqət edin: bu adam da sanki yeyilməkdə olan dadlı ət kimi özünü Ukrayna böhranına çatdırıb və “burda mənim də payım olacaq” deyir. Bu, gerçəkdən açıqdan-açığa belədir. Bir nüansa xüsusilə diqqət edək. C.Bayden Ukrayna ətrafında silah ticarəti üçün qanlı oyun qurdu və həm öz oğlu, həm də silah tacirləri olan yaxın ətrafı güclü şəkildə bu məsələdən karlı qazancla ayrıldılar. Əlbəttə, Emmanuel Makron və digər Avropa siyasi liderləri də bu qanlı oyundan gözəl pay götürürdülər. Çünki D.Trampın onları Ukrayna məsələsindən oyundankənar vəziyyətə salmaları səbəbsiz deyil. Kifayət qədər məlumatlı şəxs sayılan hazırkı ABŞ Prezidenti bu Avropa liderlərinin Ukrayna məsələsindən nələr qazandıqlarını və C.Baydenə nələr qazandırdıqlarını əla bilir. Ona görə gələn kimi onları oyundankənar vəziyyətə saldı.

“Donald Tramp Ukrayna məsələsində özünü Prezidentdən daha çox yırtıcı biznesmen kimi aparır”

İndi D.Tramp da gəlib hakimiyyətə və deyir ki, növbə mənimdir və istədiyim kimi idarə edəcəm bu məsələni. Deyir sülh yaradacam və Ukraynadakı təbii sərvətləri ABŞ istismar edəcək. Təbii ki, V.Putinlə razılaşma əsasında. Bilirsiniz dəhşətli olan nədir? D.Tramp Ukraynanın təbii sərvətlərinə göz qoyduğunu heç gizlətmir də. ABŞ Prezidenti jurnalistlərə bildirib ki, Vaşinqton administrasiyası Ukraynada faydalı qazıntıların hasilatı ilə bağlı mümkün sazişə yenidən baxmaq niyyətindədir. SİTAT: "Düşünürəm ki, mən onu dirçəldəcəyəm. Baxarıq nə olacaq". ABŞ lideri Ukrayna tərəfi üçün hansı nəticələri nəzərdə tutduğunu izah etməyib. Təkcə bu məlumatın özündən aydın olur ki, Ukrayna ətrafında yeni iqtisadi yırtıcı siyasət işə düşmək üzrədir. Bu dəfə müharibə, qanlı toqquşma ilə deyil, iqtisadi yırtıcı istismarla.

Ukraynanın sahib olduğu nadir təbii ehtiyatlar - uran, litium, titan kimi sərvətlər bundan sonra çox güman ki, Rusiya və ABŞ arasında bölünəcək. Siyasətin davamı sayılan bütün müharibələrdə olduğu kimi, “dava yorğan davası”, qazanc və sərvət davasıdır. “Demokratiya”, “ölkə mənafeləri”, “xalq-millət uğrunda” kimi jarqonları yalnız siyasət oyunçularının əlinə oynayan və siyasət qurbanlarını bəzəndirmək üçün istifadə olunan dedi-qodudur. Bu, yeganə həqiqətdir. Baxın, minlərlə, on minlərlə ukraynalı ya öldü, ya Avropa öəlkələrində əsir-yesir qalıb, onların sərvətini dünya nəhəngləri bölüşdürürlər. Hətta dədə-baba malı kimi...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə