Vəli VƏLİYEV
Bu yaşa çatmışam xəyanətin cəhətlərə görə çeşidləndiyini təzə eşidirəm. Sən demə qərbə, şimala, cənuba, ya da şərqə satılmağın, xəyanət etməyinin bir birindən fərqi var imiş. Məsələn, milləti qərbdəkilərə beş qəpiyə satmaq, sən demə xəyanət deyilmiş, eyni işi şərqdəkilərlə, yaxud şimaldakılarla etsən, bu, ən böyük, bağışlanmaz xəyanət imiş. Bu ideyanın müəllifi hamımızın tanıdığımız, amma heç də hamının qəbul etmədiyi Əli Kərimlidir. Onun “nəzəriyyə”sinə görə, Rusiya və yaxud Çinlə, o cümlədən İran və Türkiyə ilə siyasi münasibət qurmaq millətin kürəyinə balta vurmaq, yəni xəyanət hesab olunmalıdır. Amma Qərb ölkələri və təşkilatları qarşısında quyruq bulamaq, onların qarşısında itaətkarlıq etmək xəyanət yox, əksinə millətin gələcəyi üçün lazım imiş.
Kərimli Azərbaycanın BRİKS-lə yaxınlaşmasını “şərq və islam aləmində ilk demokratik cümhuriyyət qurmuş qurucu babalarımızın ruhunu incitmək” və “Azərbaycanı inkişafdan saxlamaq cəhdi” kimi cəfəng fikirlərlə yozmağa çalışır. İndi gəlin, görək, Əli Kərimlinin ətəyində xaç çevirdiyi Qərb indiyədək Azərbaycandan nəyi alıb və Azərbaycana nəyi verib? Müstəqilliyimizin ilk günündə Rusiyanın dəstəklədiyi, himayə etdiyi, bəslədiyi Ermənistana Qərbin köməyi, havadarlığı Rusiyadan bir qram da az olmayıb, hələ çox olub. Məhz Qərb ölkələrinin Rusiyadan da artıq dəstəyi hesabına Ermənistan Qarabağın özəlləşdirilməsi üçün müxtəlif platformalarda, siyasi təşkilatların konfrans salonlarında, danışıqlar masasında Azərbaycanla söz güləşdirib, özünü haqlı tərəf kimi təqdim edib. Lazımi vaxtda beynəlxalq qanunları özünə bayraq edən Qərb dünyası Qarabağ məsələsində işğalçı Ermənistanla həmrəylik nümayiş etdirib. Bir Qərb ölkəsi işğalçı Ermənistana “dur” deməyib, beynəlxalq qanunların baş hərflərini ermənilərin gözünə soxmayıb.
Hələ bitməyib, Qərbin ədalətsiz davranışı bu gün də davam edir. Vasitəçilik missiyasında fiaskoya uğrayan Qərb ölkələri – Fransa və ABŞ bu gün müxtəlif adlar altında yenidən regionda zühr ediblər. Fransanın əli hər yerdən üzüldüyü üçün Azərbaycanla açıq qarşıdurma yolunu seçib. Ermənistanı silahlandırır, mülki müşahidəçi” adı altında keçmiş kəşfiyyat və jandarmlarını Ermənistan-Azərbaycan sərhədinə yığıb və bizi müşahidə etməkdədirlər. Avropa Parlamenti Azərbaycana sanksiyalar tətbiq etmək üçün bir işarəni gözləyir. Bir az qabağa getsək deyə bilərik ki, artıq sanksiyalar tətbiq olunmaqdadır. Niyə, hansı günahımıza görə? Ona görə ki, Azərbaycan öz suveren ərazilərini təkbaşına, Avropanın iradəsindən kənarda bərpa edib?
Amerika Birləşmiş Ştatları Konqresinin Azərbaycanın 43 vətəndaşına qarşı sanksiya tətbiq etməsinə nə deyirsiniz, Əli “bəy”? O kəslərə ki, torpaqlarımızın erməni işğalından azad edilməsində müstəsna xidmətləri olub. O kəslər ki, 44 gün ərzində ölümlə üz-üzə dayandılar, torpaqlarımızı işğal edib 30 il ərzində bizə rişxənd edən, aşağılayan ermənilərin analarını ağlar qoydular. Siz və sizin ağalarınız isə bunu qəbullanmaq istəmədiniz. Ermənilərin məğlubiyyətini həzm edə bilmədiniz. Çünki bu, sizin gəlir yeriniz idi ki, onu da ordumuzun qələbəsi sayəsində əldən verdiniz.
Bəziləri üçün məsələni anlamaq bir az çətinlik yarada bilər, amma darıxmasınlar, buna aydınlıq gətirməyə çalışaram. Qarabağ erməni işğalında qalanda Əli Kərimli hakimiyyəti bu nöqtədən vurmağa çalışırdı. Ordumuz gələcək döyüşlərə hazırlaşanda Kərimli başının dəstəsi ilə avropalılardan aldığı əmr əsasında küçələrə çıxıb etiraz edirdi, xalqı inandırmağa çalışırdı ki, İlham Əliyev Qarabağı çoxdan satıb. Hətta Qurana əl basmaqdan da çəkinmirdi. Bəziləri isə bir rayon, yaxud kənd işğaldan azad edilərsə qulağını, ya da başqa əzalarını kəsəcəkləri şərtilə “kişi sözü” verməkdən də çəkinmirdilər.
Azərbaycan ordusu nəinki bir rayonu, bütöv Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad etdi, sərhədlərimiz tam olaraq bərpa edildi. Minlərlə igid oğullarımız Vətən uğrunda şəhidlik zirvəsinə ucaldılar, gözlərini qırpmadan güllənin önünə atıldılar, amma “bir kənd alınsa…” deyənlərin qığırdaqdan olan qulağının, yaxud elə o materialdan olan bir əzasının düşdüyünü görmədik. Bir qulağı bu Vətənə qurban vermək cəsarətini özündə tapa bilməyən Əli Kərimli bu gün xəyanətdən danışır. Dağıl, ay dünya…
Bütün xəbərlər Facebook səhifəmizdə