Azərbaycan qadını hər zaman geyim-keçimi, oturuşu-duruşu, hərəkətləri, danışığı ilə nümunə olub. Oğlunun, qızının, qohum-qonşunun məsləhətkeşi, yol göstərəni olub. Biz nənələrimizin tövsiyəsi ilə boya-başa çatmışıq, cəmiyyətdə mövqeyimizi tutmuşuq. Tərbiyə etdiyimiz övladlarımız başımızı uca edib, hərəkətləri, danışıqları ilə nümunə olublar.

Azərbaycan qadını zamanında kişilərin yanında ağzının yaşmağını gözlərinə qədər çəkib. İsməti, iffəti, namusu, arı, həyası ilə hər vaxt nümunə olub. Qonşunun yolunu gözləyib, qohumun yanında ləyaqəti ilə hörmət qazanıb. Qayınatasının yanında yemək yeməyib, uşağını qucağına almayıb. Qayınanasının yolunu gözləyib, deyilən hər sözü böyüdüb problemə çevirməyib.

Azərbaycan qadınının günlərlə saya biləcəyimiz bu qədər dəyərli keyfiyyətləri fonunda müasir dövrümüzdə elə qadınlarla qarşılaşmaq olur ki, sözün həqiqi mənasında, adam xəcalət çəkir. Məsələn, geyimindən xəcalət çəkdiyimiz bəzi qadınlar... Ətrafdakı insanların ona baxışını sanki öz üzərində hiss edir və düşünürsən ki, o baxışların nə ifadə etdiyi sənə də aiddir. Bəli, başqa cür ola da bilməz, çünki sən də qadınsan.

Məsələ tək geyim olsa, dərd də yarı olar. Son vaxtlar bəzi qadınlarımız nəinki geyimini bilmir, hətta ictimai yerlərdə nə danışdığının belə fərqində deyillər. Sanki düşünmürlər ki, kənardan bütün diqqətlər onların üzərindədir, geyimlərindən, oturub-durmalarından, hərəkətlərindən tutmuş danışıqlarınadək hər biri kənardan müşahidə olunur və qiymət verilir. Belə isə onlar nə üçün qadınlıq adına hörmət etmək istəmirlər?

Bəzi televiziyalarda bəzi qadın aparıcıların isə geyimlərindəki kimi, danışıqlarında da xoşagəlməyən nüanslar var. Bu xanımlar düşünürlər ki, efirdən hər sözü söyləmək olar, studiyaya gələn qonaqla istədiyi kimi danışmaq, ona irad bildirmək olar. Lakin anlamaq istəmirlər ki, həmin qonaq onun nə övladıdır, nə də tənbeh edə biləcəyi yaxın qohumu.

Beləliklə çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, müasir cəmiyyətimizdə Azərbaycan qadınının, əsl azərbaycanlı xanımın gözəl keyfiyyətlərinə xələl gətirən qadınlar var. Lakin bu qadınlar oturub danışdıqları söz, hərəkətləri və geyimləri haqqında ətraflı düşünməlidirlər. Bunu etməyə borcludurlar. Çünki bir azərbaycanlı qadın olaraq necə geyinəcəklərinə cavabdehdirlər. Bir azərbaycanlı qadın olaraq cəmiyyət içində necə danışmalı olduqlarını bilməlidirlər. Azərbaycanda ailə dəyərlərini zaman-zaman qoruyub dövrümüzədək gətirib çıxarmışıqsa, heç kimin bu dəyərləri dəyərdən salan sözlər söyləməyə haqqı yoxdur.

Qaldı bəzi aparıcı xanımlarımıza, onlar da ağızlarından çıxan sözləri götür-qoy edib, ölçüb-biçsələr, geyimlərinə fikir versələr, əla olar. Beləliklə biz ümumilikdə azərbaycanlı xanımların dəyərinin qədrini bilmiş və ona hörmət etmiş olarıq. Bunu unutmayaq. Bir də "qadınlığa hörmət et, qadın" tövsiyəsini hər an xatırlayaq.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə