Qardaşlı bacılar, bacısız qardaşlar...

10 aprel Beynəlxalq Qardaş və Bacılar Günüdür. Elə bu gündən yola çıxaraq ailələrimizdə bacı həsrəti çəkən qardaşlardan danışmaq, bəzən öz əllərimizlə pozduğumuz bioloji faktora nəzər salmaqla, bacıları qətiyyən qardaşsız qoymayan, lakin qardaşları bacısız qoyan bizlərdən söhbət açmaq istəyirəm.

Öncə vurğulayım ki, 1990-cı illərdə uşağın cinsiyyətinin bəlli olması ilə əlaqədar USM (ultrasəs müayinəsi) dəbə düşdü. Həkimlər hamilə qadınları bu müayinədən keçirməklə, qız və yaxud oğlu olacağını təyin edirdilər. Bu iş isə baxırdı həkimə. Savadlı, bacarıqlı həkim bunu düz təyin edə bilirdi. Təyin edə bilməyən həkimlərinsə "verdiyi söz" çox halda yalan çıxırdı: ana oğlan gözlədiyi halda, dünyaya qız gətirirdi. Lakin zaman-zaman bu müayinə üsulu daha da təkmilləşdirildi, həkimlər də bu sahədə peşəkarlaşdı. Beləliklə, kim hansı cinsdən uşaq dünyaya gətirmək istədisə, onu edə bildi. Bioloji tarazlıq da bununla pozulmağa başladı.

Əvvəllər ailələrdə beş bacının bir qardaşı, dörd qardaşın bir bacısı olurdu. İki oğlan-üç qız, dörd qız-iki oğlan olan ailələr vardı. Və yaxud da qardaşsız, bacısız uşaqlar da olurdu. Yəni Allahın verdiyinə insanlar tabe olurdu. Daha sonralar isə USM-lə Allaha qarşı çıxdıq və Allahın məsləhət bilmədiyini bizlər məsləhət bildik. Beləliklə, çox uşağın olmasını lazımsız hesab etdik.

Biz nə zaman dünyaya gətirdiyimiz qıza qardaş, qardaşa bacı verə bilirik? Məsələn, bir ailədə ard-arda iki oğlan uşağı doğulubsa, burada artıq qıza ehtiyac olmadığını düşünənlər var. Lakin bir ailədə ard-arda iki qız uşağı doğulubsa, nəyin bahasına olursa-olsun, üçüncü uşaq dünyaya gəlməlidir, bu, oğlan olmalıdır. Və yaxud da birinci uşaq oğlandırsa, artıq heç bir narahatlıq olmur, əşi, ikinci nə olur, olsun. Lakin birinci qızdırsa, ikinci hökmən oğlan olmalıdır. Bunu isə USM tənzimləyir.

USM sayəsində artıq illərdir ki, ölkəmizdə oğlanlar qızlardan çox doğulur. Bu gün doğuş göstəricilərinə görə cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir. Göründüyü kimi, günün adı da Beynəlxalq Qardaş və Bacılar günüdür. Elə burada da qardaşın önə keçməsi heç də təsadüfi deyil. Nədənsə bütün dünya oğlanla qız arasında bir ayrı-seçkilik içərisindədir. Bunun səbəbini insan övladı hələ də anlamadan elə öz iddiasında qalmaqdadır.

Vaxtilə bəzi ölkələrdə qızların doğulması ilə yasa batmaq, onların qətlə yetirilməsi kimi hallar da olub. Qızı və yaxud oğlu olanlar arasında fərq kimi adətlər də olub. Bizdə isə həmişə öz aktuallığını qoruyan belə bir deyim var: Allah sənə şirin bir pay versin. Bu şirin pay isə oğlan övladı olub.

Bütün bu ayrı-seçkiliklərə baxmayaraq, gəlin, bacılara qardaş düşündüyümüz kimi, qardaşlara da bacı düşünək. İlkimiz, ikincimiz qızdırsa, üçüncü hamiləlikdə xəstəxana yollarında qalıb, USM-dən keçərək uşağın cinsini öyrənib oğlan olduğuna əmin olandan sonra könlümüz rahat olduğu kimi, əşi, iki oğlum var da, nə edirəm üçüncü uşağı deməyək. O qardaşlara axı bacı lazımdır.

Ümumiyyətlə, evlərimizin yaraşığı uşaqlardır. Onların hansı cinsdən olmasına baxmayaraq, uşaqlar bir dünyadır. Qaldı onların cinsini zərrəbinlə düşünən ailələrə, qoy onlar heç olmasa, oğlan-qız tarazlığını pozmasın. Beynəlxalq Qardaş və Bacılar günündə hər kəs yanında qardaşını, bacısını görə bilsin.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə