Onların bizə ehtiyacı var. Lakin əslində bu ehtiyacı biz öz əllərimizlə yaratmışıq onlar üçün. Yaratmasaydıq, onlar da Allah-təalanın yaratdığı hər canlı kimi heç kimə ehtiyac durmazdılar. Söhbət küçə heyvanlarından gedir. Vicdanımız bir kərə nə vaxtsa oyananda onun səsinə qulaq asaraq 4 apreli Dünya Küçə Heyvanları Günü elan etdiyimiz və əksəriyyətimizin məhz həmin gün varlığının fərqinə vardığımız küçə heyvanlarından…

İnsan övladı bütün canlıların düşmənidir. Bunu bilməyən varsa, öyrənmiş olsun. İnsan dünyaya gəldi-gəlmədi, fauna və floraya düşmən kəsildi. Hansı ki, heç bir canlı heç nəyə ehtiyaclı deyil. Biz onları ehtiyaclı, özümüzdən asılı vəziyyətə gətirdik.

Ulu Yaradan biz canlılar kimi, onlara da istənilən qədər şərait yaradıb. Biz olmasaydıq, nə onların yeri daralardı, nə də yemi tükənərdi. Biz bütün əraziləri ələ keçirib, əkin-biçin aparmaqla varlanmağı qarşımıza məqsəd qoyandan sonra onların yeri daralmağa başladı. Əraziləri zəbt edərək tikinti işləri aparmaqdan gözlərimiz doymadıqca, onlar yurdlarından oldular. Biz bir-birimizin torpağını işğal etmək üçün müharibələrə başladıqca onlar üçün real təhlükələr yaratdıq. Ölümlərinə, xəsarət almalarına, ac-susuz qalmalarına səbəbkar olduq.

Viruslar, pandemiyalar, müxtəlif xəstəliklər onların da sağlamlığından yan keçmədi. Biz özümüzü müalicə etmək üçün min bir yola əl atanda, onlar əlacsızlıqdan haradasa, bəzən isə gözlərimiz qarşısında həyatlarını itridilər. Biz xəstəxanaların, restoranların, mağazaların tullantılarını istədiyimiz yerə atanda heç fərqində olmadıq ki, axı küçə heyvanları var, onlar bunlarla zəhərlənə bilərlər…

Beləliklə, təbiətin bəxş etdiklərini ala-ala onları ehtiyaclılara çevirdik. Sonra içimizdə olan rəhmli insanlar onları həyətlərində, evlərində saxlamağa başladılar. Bununla iş bitdimi? Küçələr hələ də sahibsiz, qayğıya ehtiyacı olan heyvanlarla doludur. Bəs onların taleyi?..

Pandemiya dövründə mən insan kimi küçə heyvanlarının da xoşbəxt və bədbəxt taleli olduqları qənaətinə gəldim. Küçəmizdə onlarla it və pişik vardı. Onlardan evlərdə yaşayanlar da, küçələrdə olanlar da vardı. Evlərdə olanlar küçəyə çıxanda nə qədər gümrah, pandemiyadan xəbərsiz görünürdülərsə, günlük həyatı yaxınlıqdakı restoranların, ət mağazasının, marketin tullantılarından, bir də vicdanlı insanların hərdənbir verdiyi yemdən asılı olan heyvanlar isə bir o qədər cılızlaşmışdı. Ayaqları ayaqlarına dolaşırdı. Bu problemi də biz insanlar onlar üçün yaratmışdıq. Yoxsa elə həmişəki günlük həyatları ilə yaşayacaqdılar da…

İndi onların bizə ehtiyacı var. Onlar isə bir deyil, iki deyil, minlərlədir. Lakin biz onların əlindən yerini-yurdunu, yemini almağımıza baxmayaraq, gəlin görək hər birimizin qəlbi onlar üçün eyni yanardadırmı? Əsla. İnsan var ki, bəlkə də ömründə bir dəfə belə bir pişiyə, bir itə ovuc yem, bir quşa bir dən verməyib. Onların özlərini su ilə təminatı barədə fikirləşməyib. Hansı ki, onların yurdunda əyləşib, onların azuqələri onun hesabına sıradan çıxıb.

Lakin adam da var ki, gün ərzində bircə heyvanı belə yemləyə bilmırsə, həmin gün özü yemək yeyə bilmir. Vicdanının səsi hər zaman onları xatırladır, ürəyi hər zaman o heyvanların sevgisi ilə döyünür. Onlar üçün ev qurur, onlar üçün parklara, küçələrə qablarda su qoyur, müxtəlif yerlərə yem səpir ki, oradan keçəndə qidalana bilsinlər.

Məktəblilər var ki, valideynlərinin onlara verdiyi günlük xərcliyi marketdən yemək alıb küçə heyvanlarına verir, onların su ilə təminatını yaradır. Dəfələrlə küçədə balacaların heyvan sevgisinin şahidi olmuşuq.

Kaş ki, bütün insanlar, uşaqlar birinci haqqında danışdıqlarımızdan deyil, ikincilərdən olardı. Heyvanları sevərdi, onlara qayğı bəsləyərdi. Axı onların bizə ehtiyacı var. Ən əsası isə odur ki, bizim onlara borcumuz var, çünki onları ehtiyaclı biz etmişik. Məhz bu səhvimizə görə, həm də ədalət naminə gəlin, küçə heyvanlarını qoruyaq. Onlar üçün yarana biləcək bütün təhlükələrin qarşısını alaq. İnsafa gələk, onların əlindən aldıqlarımızı özlərinə qaytaraq.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə