“Qarabağ”ı almanlara kim uduzdurdu: futbol yoxsa siyasət?

Dünən axşam milyonlarla futbol azarkeşi Almaniya nəhəngi Liverkuzen “Bayer”i ilə Ağdam “Qarabağ”ı arasında gərgin futbol duelinə tamaşa etdi. Avropalısı da, Şərqlisi də, Afrika qitəsindəki hər kəs də bu dramatik matçın tamaşaçısı oldular. Təkcə futbol tamaşasını deyil, həm də ingiltərəli hakim Entoni Teylorun peşəkar hakim kimi futboldankənar “oyununa” tamaşa edirdilər..

Əlbətdə, hazırda Almaniya Bundesliqasının lideri olan, Avropanın top klublarından sayılan Liverkuzen təmsilçisinin “Qarabağ”dan aşağı fiziki və texniki imkanlara sahib olduğunu iddia etmirik. Bu, sadəcə mümkünsüzdür. Çünki azacıq futboldan başı çıxan istənilən şəxs üçün bu qarşılaşma büdcəsi nə az, nə çox düz 560 milyon avro olan nəhəng alman futbol maşınına qarşı “Qarabağ”ın əsl idman savaşı idi. Büdcələr, futbolçu qiymətləri, futbol çempionatları yerlə göy arasında fərqlidir. Burası milyon faiz belədir. Amma Qurban Qurbanovun bir neçə milyondan yğıb-yığışdırdığı komanda Avropanın top futbol çempionatının məğlubedilməz lideri olan, büdcəsi yarım milyard avronu keçən alman klubuna əsl futbol dərsi keçdi. Əzmkarlığı ilə, oyun texnikası ilə, meydançanın hər qarışı uğrunda amansız mübarizəsi ilə. Bunu Almaniya mediası geninə-boluna tirajlayırsa, biz nədən qürurla qeyd etməyək?

Ən diqqətçəkən məqam bilirsiniz nədir?. Hər iki qarşılaşmada 70-80 dəqiqə öndə olan “Qarabağ”ın son dəqiqələrdə qapısından qollar buraxıb uduzması. Nədən? Bu sırf futbolçuların fiziki hazırlıqları, oyun tempinə uyğunlaşa bilməmələri ilə bağlı olan məsələ deyil. Düzdür, bu amil də rol oynayır, fiziki hazırlıq, mübarizə tempi çox önəmlidir, amma tam həlledici deyil. Sanki oyunun sonlarında hansısa “sehrli qüvvə” almanların köməyinə yetişir. Özü də turun hər iki qarşılaşmasında eyni ssenari işə düşürsə...
Olduqca təcrübəli, UEFA Çempionlar Liqasında ən kritik qarşılaşmaları son dərəcə məharətlə idarə etmiş bir hakimin vicdanına daş basıb belə kobud səhvlər “buraxması” olduqca təəcüblüdür. Qarşılaşmanın 62-ci dəqiqəsində ingilis hakimin tərəddüd etmədən Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərməsi “sehrli əlin” ilk işartısı idi. Halbuki bu təcrübəli futbol hakimi İngiltərə Premyer Liqasında idarə etdiyi heç bir qarşılaşmada bu epizod üçün çox hallarda heç sarı vərəqə belə göstərmir. Futbolun qaydaları birdir, bu qaydalar ölkə və avroliqa qarşılaşmaları üçün fərqli deyil. E.Teylor İngiltərə çempionatında edə bilmədiyi bu cür hərəkəti Avroliqa qarşılaşmasında hansı cəsarətlə tətbiq edir?. Deməli BÖYÜK YERLƏRDƏN “CƏSARƏTLƏNİR”!.

Görünür, Avropa futbolu idman halından çıxıb qərbin ideoloji siyasət alətinə çevrilir. Onlar Azərbaycan kimi inkişaf etməkdə olan, daha çox müstəqil siyasət yürüdən ölkələrin idman yarışlarında önə çıxmasını, Avropa qitəsində yeni nailiyyətlər və rəğbət qazanmalarını qəti şəkildə istəmirlər. Artıq futbola siyasi çalarlar neçə ildir açıq şəkildə daxil olur. Sevmədikləri ölkələrə hakimlərin əli ilə yüz maneə yaradırlar. Elə uzağa getməyək, bir neçə il bundan əvvəl həmin bu “Qarabağ”ın Avroliqada Milan “İnter”i ilə oyununda Ağdam klubunun təmiz qolunun qeydə alınmaması, əvəzində italyanların açıq ofsayt vəziyyətdə vurduqları “qolun” qeydə alınması, “İnter”in ofsayt qollarla mərhələ adlaması və ən əsas da zaman-zaman bu halların “Qarabağ”ın oyunlarında təkrarlanması bizi necə şübhəyə salmasın? Həttda bilirsiniz ən çox marağımı nə çəkdi? “Bavariya” klubunun azarkeşlərinin sosial şəbəkə hesablarında “Bayer”in köməyinə hakimin yetişdiyi barədə ardıcıl paylaşımlar etmələri. Həttda alman azarkeşlər elə alman dəqiqliyi ilə hakimin hansı epizodda “Bayer”in dadına yetişdiyini sübut edən faktları ortaya qoyurlar.
Bəs bu cür ikili, saxta oyunlara nə zaman son qoyulacaq?. O zaman ki, Qərbdə Azərbaycan və Türkiyə əleyhinə siyasi təxribatlar və düşmənçilik dolu siyasi qərarlar çıxaran, Qarabağda sülh əvəzinə qan axtaran siyasi dairələrin UEFA, FİFA kimi qurumlardan çirkin “əlləri” birdəfəlik kəsiləcək. Kəsiləcəkmi? – qəti ümidim yoxdur...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə