Qərbin köhnə oyunu: toplumu xaosa sürükləmək taktikası...

Qərb Azərbaycan əleyhinə yeni “sürprizlər” hazırlamaqda davam edir. Ölkə rəhbərliyinin digər marionet ölkələrdən fərqli olaraq tam müstəqil və düşünülmüş siyasət yürütməsi, daima çürük “demokratiya” şüarı ilə hiyləgər məqsədləri üçün təxribat və xaos yaratmaq yolu tutanlara fürsət verməməsi qərbdəki irtica qüvvələrini möhkəm narahat edir. Budur, həmin “narahatlıq” özünü uzun müddət gözlətmədi. Artıq Azərbaycan daxilində ictimai xaos və informasiya təxribatı üçün “bismillah” ediblər belə. Qərbdəki təxribat qurumları avro və dollar kisəsinin ağzını geniş açıblar bu məqsədlər üçün.
Belə işlər üçün “səxavət” göstərmək bunların ənənəvi adətidir. “Əl izləri” o dəqiqə hiss olunur. Budur, “Toplum TV”, “Abzas Media” kimi təxribat “maşınları” ortaya atılıb, ətrafında da ənənəvi hay-həşir siyasəti püskürür. Bu taktika olduqca tanış və köhnə metodla hazırlanıb. Klassik üsullarıdır, elə 2000-ci ilin yayında, kompüterlərin yenicə ayaq açıb yeridiyi o illərdə “müxalifətin mitinq taktikası” kimi təxribat materialları da bu üsulla hazırlanırdı...

Əlbəttə, bələkdəki uşağa da aydındır ki, belə işlər güclü pullarsız başa gələn iş deyil. Heç pulsuz bu işlərə barmaq uzadan da olmaz. Elə bu günlərdə “Toplum TV” ofisindən, təxribat işinin təşkilini icra edənlərin ciblərindən çıxan avro və dollar dəstələrindən hər şey gün kimi aydın olur. Azərbaycan hüquq mühafizə orqanları aidiyyatı üzrə işə qarışan kimi, okeanın o tayından möhkəm “səs“ gəldi. Bilirsiniz kimdən çıxdı həmin SƏS? ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerdən. Gör nə deyir xanım M. Miller? Deyir ölkəsi bu məsələdən dəhşət dərəcədə narahatdır. Niyə? Ağ Evin həyətindən hinduşka yumurtasımı oğurlanıb? Azərbaycan atalar sözündə əla vurğulanır: “Soğan yeməmisənsə, için niyə göynəyir?” Onları göynədən işə saldıqları bu çürük təxribat oyununun Azərbaycan dövləti tərəfindən elə bəribaşdan zərərsizləşdirilməsidir. “Toplum TV”-dəkilər də qərbin dollarlarını ata malı kimi bədxərcliklə sağa-sola xərcləyiblər. Üstəlik, onlara zaman-zaman, mərhələ-mərhələ Gürcüstan üzərindən çox ciddi maliyyələr, pullar ayrılıb. Bu riyakarlar da həmin maliyyənin müqabilində antimilli icraatla, xarici kəşfiyyatların xəfiyyəliyi ilə, vətən satmaqla məşğul olublar. Hər halda Xədicə İsmayıl adında casusun baş redaktoru olduğu media qurumundan bundan artığını gözləməyə dəyməzdi. Ən maraqlı məqam bilirsinizmi nədir? “Toplum TV”, “Abzas Media” kimi qurumların indiyə qədər heç bir jurnalisitika fəaliyyəti olmayıb. Bəlkə də üzdə belə görünməyə çalışıblar, amma dərində, reallıqda yox. Gerçəkdən olmayıb! “Toplumçular" da, “abzasçılar" da sadəcə, xaricdəki yiyələrindən gələn tapşırıqları icra ediblər, “araşdırmaçı” adı altında casus fəaliyyəti ilə, ara qarışdırmaqla, əyri, qara, yaramaz işlərlə məşğul olublar.

Faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir. Maliyyə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb, Şərqdə terror təşkilatlarının da istifadə etdiyi həvalə mexanizmi, adsız kartlardan geniş istifadə olunub. Məlum hal Qərbin müəyyən dairələrinin öz fəaliyyətini səngitmədiyini, Azərbaycanda qarışıqlıq yaratmaq üçün bütün mümkün vasitələrdən istifadə etdiklərini göstərir. Baş verənlər fonunda Azərbaycana qarşı xarici mediada qarayaxma kampaniyası davam etdirilir, gündəlik qaydada onlarla əsassız ittihamlarla dolu materiallar verilir. Qərbin qaranlıq dairələrinin həyata keçirdiyi məkrli siyasətin Gürcüstan, Rusiya və digər ölkələrdə həyata keçirildiyi, növbənin Azərbaycana çatdığı müşahidə edilir. Daha doğrusu, Azərbaycanda daha geniş xarakter daşıyır.

Digər bir fakta da nəzər yetirək. Bu prosesdə USAİD və Samanta Pauer başda olmaqla Qərb fondlarının, hüquq-müdafiə təşkilatlarının xüsusi il fəallıq göstərdikləri diqqəti çəkir. Məqsədləri özlərinə yaxın müxtəlif şəbəkələrin qurulması və onların vasitəsilə daxildə qarışıqlıq yaradılmasına cəhdlərin göstərilməsidir. Lakin qeyd edildiyi kimi, pozucu şəbəkə öz çirkin məqsədlərinə nail ola bilmədilər. Ümumiyyətlə, son vaxtlar xaricdən maliyyələşən istər media qurumları, istərsə də dağıdıcı müxalif qüvvələr Azərbaycanda qarışıqlıq yaratmaq üçün hər cür çirkin vasİtə və üsullardan istifadə edirlər. Lakin xalq-hakimiyyət birliyi, insanların ayıq-sayıq olması məkrli dairələrin pozucu planlarının iflasa uğramasına gətirib çıxarır. Bu hal bir daha Azərbaycanın güclü dövlət olması və belə metodlarla daxili sabitliyə xələl gətirmək cəhdlərinin iflasa uğramasının sübutudur. Elə qərbdəkiləri də dəli danaya çevirən Azərbaycan dövlətinin belə əzmkar və müstəqil siyasət aparmaq bacarığıdır.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə