Məktəbini və şagirdini İTİRMİŞ TƏHSİL...

Bizim uşaqlıq illərimiz üçün müqəddəs sayılan, həyata ilk göz açdığımız, ilk müəllimimizi görən kimi əlimizdəki bulkanı utana-utana ovcumuzda gizlətdiyimiz o məktəb dəhlizlərində indiki uşaqların rəzalət dolu videoları, müəllimini və öz sinif yoldaşlarını təhqir edən “qəhrəmanlıqları” tüğyan edir. Sosial şəbəkələrin bütün seqmentlərində bu şagird biabırçılıqları müzakirə olunur. Məktəb, müəllim, təhsil elə ucuzlaşıb ki indiki günlərdə. Məktəbli qızların son biabırçı videolarından sonra sosial şəbəkə platformasında qızğın müzakirələr gündəmin bir nömrəli məsələsinə çevrilib.

Kimisi buna görə müəllimləri, kimisi ailə tərbiyəsini, bir çoxları da, ümumiyyətlə, nə məktəbdə, nə də təhsildə baş verənlərə qarışmayan, baş verənlərin arxasınca sürünərək özünü təhsilə cavabdeh olan qurum kimi yox, müşahidəçi kimi aparan Təhsil Nazirliyini ittiham edir.
Düzdür, əslində baş verənlərdə adları çəkilən subyektlərin hamısı bu və digər dərəcədə günahkardır. Amma məktəb direktorlarının fironluq etdikləri hazırkı vəziyyətdə Təhsil Nazirliyinin özünü sanki təhsilə aid olmayan qurum kimi aparması ən çox qəzəb və təəssüf hissi yaradan faktdır. Əgər məktəb direktorları Təhsil Nazirliyini ən yumşaq formada ifadə etsəm, VECLƏRİNƏ belə almırlarsa, bu Nazirliyin rəhbərliyi də özünü sanki İsveç və Norveçdəki, Hollandiya və Braziliyadakı təhsil sisteminə cavabdeh olan qurum kimi aparırsa, daha deyiləsi heç nə qalmayıb. Bir vaxtlar təhsil siyasətinin komandiri kimi tanınan bu qurum artıq əhəmiyyətsiz və hətta lazımsız, məktəb direktorlarının məsxərə və gülüş obyektinə çevrilən, ömrünü başa vurmuş ixtiyarı xatırladır...
Məktəb direktorlarının məktəblərdə özlərini qeyri-ixtiyar sahibləri kimi aparmaları, hər məktəbdə bir qərar qəbul olunması təhsil üzərində vahid idarəetmə sisteminin tamamilə ortadan qalxması, həm də o deməkdir ki, pedaqoji siyasət də məktəblərdən qeybə çəkilib. Bu o deməkdir ki, müəllimin şagird üzərindəki pedaqoji təsiri, təlim tərbiyə işindəki rolu artıq heçə enib.
Sual olunur: nədən məktəblərdə zaman-zaman belə hallar baş verir, nədən aqressiv, tərbiyəsiz, hətta skinxet şagird nəsli ortaya çıxır? Birincisi, ailə tərbiyəsi, ikincisi və ən əsası məktəb mühitindəki dəhşətli boşluq, müəllimin şağırd qarşısında əliyalın, çarəsiz buraxılması. Müəllim uşağa acıqlana bilməz, onu doğru yola dəvət edə bilməz, el dilində desək, “qulaqburması” verə bilməz. Müəllim yazıq azacıq uşağa acıqlanan kimi valideynlər məktəb direktorunun qapısında sıraya düzülürlər. Belə olan halda müəllim töhmətlənir, hətta işini itirmək təhlükəsi ilə üz-üzə də qalır. Bu baş verənlərdən sonra müəllimin nəyinə lazımdır ki, uşağa acıqlansın, evdə ailəsindən tərbiyə almayan uşaqlara min zülümlə adamlıq dərsi keçsin. İşindən olunca, eləcə görməzlikdən gəlsə, başı da salamat qalacaq, vəssalam. Çünki bu məsələdə nə məktəb, nə də valideyn onun tərəfində deyilsə, nədən müəllim özünü riskə atsın? Müəllim qadasını aldığım da beynini pedaqoji qaydalara yormaqdansa, keçir repetitor ”xidmətinə”. Dərsdə şagirdə öyrədəcəklərini saxlayır dərsdən əlavə məşğələyə. Türklər demişkən, gəlsin paralar! Artıq məktəb pedaqoji funksiyalarını tamamilə itirib.....
İndi keçək əsas mətləbə. Hazırkı Azərbaycan məktəbinin ən acınacaqlı mənzərəsi ilk dərs günündə baş verənlərdən başlayır. Hər yeni dərs günündə məktəblərdə nələrə şahid olmuruq ki. Azərbaycan təhsilinin real mənzərəsi rentgen kimi ortada olur bu günlərdə. İlk dərs günündə ata-ana, qohum-əqrəba, qoca nənə-baba, hamısı doluşur məktəbin həyətinə. İmkan vermirlər ki, bu günün əsl səbəbkarları ilk dərs gününün həyəcanını yaşasınlar. Sanki məktəb həyəti deyil, əsl doğum xəstəxanasıdır. Elə bil hər kəs yeni doğulacaq körpə üçün pəncərə qarşısında növbə çəkir…

Daha betəri sonra başlayır. Zəng çalınan kimi, var gücü ilə elə ilk saatdan, ilk məktəb günündən müəllimin cibinə “yol tapmaq” üçün ora-bura qaçışan, pəncərə altında növbə tutan valideynlər əsl komediya səhnəsini xatırladır. Oradan da sinifdəki müəllimə ötürülmək üçün yığılan 20 manatlıqların ağ zərfə qoyulması. Təsəvvür elə: (amma heç cür qəzəbsiz filansız təsəvvür edə bilmirəm) öz övladının ilk təhsil, ilk bilik saatını RÜŞVƏTLƏ AÇAN VALİDEYN SÜRÜSÜ!!!

Bir anlıq “Mehman” əsərində əllərindəki aş dolu qazanlarla rayona təzə təyin olunan prokurorun qapısına düzülən kəndlilər yadıma düşdü. Dəhşət bilirsiniz nədir? Öz gələcəyini, uşağının taleyini rüşvətlə zəhərləyən “valideynlər” sürüsü iş başındadır. Bu bir fəlakətdir, başqa heç nə. Nə ehtiyac var ki, ilk dərs günündən ağ zərfə kirli rüşvəti doldurub pəncərələrdən müəllimlərə ötürməyə? Bununla nə olacaq ki? Hə, ilk dərs günündən uşağını əzizləmək üçün müəllimə “görüm-baxım” etmək, özünü “yola gedən” valideyn obrazında təqdim etmək istəyi.

Yersiz və mənasız addım. Çünki onsuz da müəllim məktəb başlamamış hökmünü elan edib: Dərsdən sonra əlavə məşğələlər olacaq, vəssalam. İndi cəsarətin var uşağı sinif müəlliminin yanına göndərmə əlavə məşğələ üçün. Müəllimlərin də əlinə çox böyük “silah” keçib: Bildiklərini dövlətin tədris proqramındakı dərs saatlarında öyrətmir, saxlayır əlavə məşğələ saatına. 50-100 manat arası ödə, uşağın həm gerçək bilik alsın, həm də müəllimin “gözünə girsin”, başını sığallasın. Dünyanın hansı ölkəsində ilk dərs gününə qədəm qoyan körpələri dərs yükü ilə bu qədər yorurlar? Harada görünüb ki, A, B hərflərini, ana-ata cümləsini öyrənmək üçün hələ yenicə parta arxasına keçən körpə uşaqlara informatika kitablarını, məşğələlərini yükləyəsən, valideynlərə hökm edəsən ki, əlavə məşğələlər başlayır, əsas bilik “boxçası” orada açılacaq….

Rüşvətxor, “əliaçıq” valideyndən sonra gələk eyni şəkildə rüşvətxor “imic” sahibi olan “müəllimlərə”, məktəb direktorlarına. Kosmetika salonlarından məktəb direktorluğuna “atlayan”, müəllim peşəsindən xəbəri belə olmayanların məktəbləri bu hala salmasında təəccüblü nə var ki? Pedaqoji hərc-mərclik, müəllim-şagird münasibətlərinin tərbiyəsiz ifadələrlə əvəzlənməsi, məktəblərdəki əsl xaos mühiti... Məhz bütün bunlardan sonra pedaqoji işdən başqa nəyə desən rast gələ biləcəyin bir “təhsil” mənzərəsi ilə üz-üzəyik. Məktəbini və şagirdini itirmuş TƏHSİL...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə