Kənddə nə var axı?.. Şəhərdə nə var axı?...

"Əşi nə qədər mal-qara saxlamaq olar? Nə qədər heyvan sağmaq olar, südü pendirə, şora, qaymağa, qatığa çevirmək olar? Nə qədər torpaqla əlləşmək olar? Nə qədər ağacın altının meyvəsini yığmaq olar? Nə qədər qoz, badam, fındıq çırpmaq, yığmaq, qabıqdan çıxarmaq, sərmək, qurutmaq, kisələrə doldurmaq, bazara aparmaq, satmaq olar? Nə qədər toyuğun dalınca düşüb oradan bura, buradan ora qovmaq olar? Belə də iş olar, düşmüşük, axı bitdik, tükəndik".

Hə, bu tükənənlər,- bu dünyada heç bir gün görmədik. Gedək Bakıda gün görək,- deyib gəlirlər Bakıya.

Bakıda da gün görmələri bu olub ki, şəhər mərkəzindən kilometrlərlə kənarda, haradasa 2-3 saatlıq məsafədə şəraitsiz evlərdə kirayədə yaşamalı olublar, hansı ki, kənddə xan sarayı kimi evlərinə qıfıl asıb gəliblər. İşləri də belədir ki, yaşadıqları ərazidən yenə də kilometrlərlə uzaqda olan bir işdir. Günlərinin yarısı yollarda keçir, əllərinə də rayonda aylıq qazanclarının dörddə biri gəlir, ya gəlmir.

Bu da Bakı. Arzuların, istəklərin Bakısı. Sən evini-eşiyini qoy, gəl, burada nə evin-eşiyin, nə düz-əməlli bir işin olsun. Rayonlarda o gözəllikdə ev-eşiyin boş qalsın, o qədər qazancın əlindən çıxsın. Gəl, burada səhərin sübhündən qalx ayağa ki, işə çatasan.

Kənddə nə var axı? Buyur, şəhərdə yaşa ki, kəndin qədrini biləsən.

Bəs şəhərdə nə var? Qulaq as, gör nə var...

Məsələn, işdən, dərsdən yorğun-arğın çıxmısan, deyirsən bir az hava alım, elə yaxınlıqdakı dayanacaqdan marşrut avtobusla üz tutum evə. Dayanacağa çatırsan, baxıb görürsən ki, İlahi, bütün şəhər buradadır ki... Avtobuslar dayanır, insanlar özlərini bir təhər ki, ona yetirir, qapılar bağlanır, yola düşür. Məcburən ikincini gözləməli olursan. Gözlə ki, gözləyəsən, ay gəldi ay... Yaxşı, bir xeyli vaxtdan sonra yenə də gözlədiyin o nömrəni avtobusun üzərində görəndə sevincdən az qalır ürəyin partlasın ki, şükür Allah, gəldi. Gedirəm.

Bu dəfə fərasətin varsa, gedəcəksən, yoxsa, ta özündən küs. Bu qalır sənin tərpənişinə. Özünü bir təhər irəliyə ata bildinsə, ayağını avtobusun pilləkəninə qoya bildinsə, deməli, getdin. İçəridə səni əzib suyunu çıxarsalar da, uzun yolu iki yox, bir ayağının üzərində durmalı olsan da, getdin. Yerə enəndə axşamın küləyi səni nə günə salacaq, onu da ki, Allahdan başqa heç kim bilmir. Sabah qalxıb işə gedə biləcəksənmi, bunu da Allahdan başqa heç kim bilə bilməz.

Yaxşı, bu yerin üstü, vəziyyəti bildik. Yerin altına enənlərdən danışaq bir az da. Metrodasan, dayanmısan ki, qatar gələr, səni aparar evinə. Gəlir, niyə gəlməsin ki, gəlməyinə gəlir. Sənə o qatarda yer varmı, bax, məsələ budur. Nə qədər edirsən, qatara minə bilmirsən. Qatar gedir, sən qalırsan. Deyirsən əşi, ikinci gəlsin, nə etməli, bu şəhər belədir də. İkinci gəlir, bu dəfə özünü qabağa verirsən ki, yox ey, mən səhərdən burada dayanmışam, birinci özüm minəcəyəm. Çox təəssüf. Qatardan düşənlər sənə elə bir təkan verirlər ki, üç metr kənara çəkilməli olursan. Bir də baxıb görürsən ki, bu qatar da sənsiz getdi.

Əlac nədir, gözləməlisən. Telefonun da susmur. Evdə səndən nigaran olanlar zəngdir ki, vururlar. Sən də deyirsən ki, vallah, metrodayam.

"İnşallah üçüncü qatarla gedərəm", -deyib başlayırsan gözləməyə. Başqa əlac yoxdur ki, gözləməkdən savayı. Gözlə, amma demə ki, bu dəfə gedəcəyəm ta. Dayanmadan-durmadan, inşallah, ya qismət de ki, bəlkə getmək sənə də nəsib ola.

Hə, indi siz deyin, kənddə nə var axı? Mən də deyim ki, şəhərdə nə var axı? Bir ağsaqqal da gəlsin, desin görək siz düz deyirsiniz, yoxsa mən?..

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə