Arif Hacılının istefası Əli Kərimliyə vurulan şapalaqdır ANALİZ
Xalqdan ayrı düşən ümidini və yaşayışını xarici maraqlı dairələrə bağlayan dağıdıcı müxalifət daxilində uzun illərdir ki, səngiməyən qarşıdurmalar və qalmaqallı münaqişələr bu gün də davam etməkdədir. Daha doğrusu, çəkişmələr, bir-birini təhqir etmək və ittihamlar irəli sürməklə gözdənsalma kampaniyası daha gərgin xarakter almaqdadır. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, ən çox ittiham edən də, ittiham olunan da məhz AXCP və Müsavat partiyaları və onların başında duranlardır. Əslində, müxtəlif vaxtlarda birləşdiklərini elan etsələr də, gəlinən son nəticədə Əli Kərimli ilə Müsavat funksionerləri bir-birinə qarşı barışmaz mövqedə dayanan düşmənlər olduqlarını göstəriblər. Təbii ki, çox ciddi sosial baza problemi yaşadıqları və silsilə uğursuzluqların rəmzinə çevrildikləri bir vaxtda funksionerlərarası qarşıdurmanın baş verməsi vəziyyətin daha da ağırlaşmasına təkan verir. Nəticədə qarşıdurmalardan bezən sıravi üzvlər, bəzən isə kollegial orqanlarda təmsil olunan şəxslər partiyalardan istefa verirlər.
İstefa bəyanatında da Arif Hacılı qırmızılıq edərək, mövcud reallıqları dilə gətirib
Bu da onu deməyə əsas verir ki, çox yaxın vaxtlarda AXCP və Müsavat tarixin zibilliyinə atılmalı olacaqlar. Çünki son vaxtlara qədər istər AXCP, istərsə də Müsavat partiyasının üzvləri iddia edirdilər ki, onları partiyaya bağlayan ideologiyadır. Lakin Müsavat-AXCP qarşıdurması bağlandıqları ideologiyanı sıradan çıxartdı. Vəziyyət o dərəcədə ağır və gərgin xarakter alıb ki, artıq Əli Kərimli ilə Arif Hacılı nəinki hansısa bir tədbirdə görünmək istəmirlər, hətta adlarının bir siyahıda çəkilməsini arzu etmirlər. Məhz bu səbəbdəndir ki, A.Hacılı Ə.Kərimlinin də təmsil olunduğu "Elçibəy İnstitutu" adlı qurumdan istefa verdiyini bəyan edib. İstefa bəyanatında da A.Hacılı qırmızılıq edərək, mövcud reallıqları dilə gətirib: "Təsisçilərindən biri olduğum "Elçibəy İnstitutu" adlı qurumdan istefa verirəm. Səbəb "Elçibəy İnstitutu"nun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etmələridir". Söz yox ki, A.Hacılı "Elçibəy irsini tədqiq və təbliğ etmək üçün deyil, şəxsi maraqları naminə istifadə edirlər" deməklə, əlindəki daşları birbaşa Ə.Kərimliyə atmış olur. Çünki "Elçibəy İnstitutu" adlı qurumda təmsil olunan Əli Kərimli, Pənah Hüseyn, Arif Hacılı, İsa Qəmbər, Arzu Səmədbəyli, Qiyas Sadıqov, Oktay Qasımov və digərləri sırasında A.Hacılının arzu etmədiyi şəxs yalnız Ə.Kərimlidir.
Əli Kərimli "Elçibəy İnstitutu"nun buraxıldığını elan edəcək
A.Hacılının İ. Qəmbərə və ya P.Hüseynə görə, adıkeçən qurumdan istefa verməsi inandırıcı deyil. Düzdür, A.Hacılı P.Hüseyni satqın və xəyanətkar hesab edir və qardaşı Mustafa Hacıbəyli və digər trol yazarları vasitəsi ilə P.Hüseyni təhqir etdirməklə kin-küdurətini nümayiş etdirir. Hətta P.Hüseynin Müsavat qərargahına gəliş-gedişinə də qadağa qoyub. Halbuki İ.Qəmbərin başqanlığı dövründə P.Hüseyn yeganə kənar şəxs idi ki, Müsavat Divanın iclaslarında iştirak edirdi. Lakin hazırda dövr dəyişib. P.Hüseyn A.Hacılının sərt təpkisi qarşısında Müsavatın kollegial orqanlarının iclaslarından qatılmaqdan məhrum edilib. Lakin A.Hacılı P.Hüseyni çox balaca məxluq hesab etdiyindən ona görə "Elçibəy İnstitutu"nun təsisçiliyindən istefa verməsi əsaslı görünmür. Onun İ.Qəmbərə görə də, istefa verdiyi anlaşılan deyil. Çünki İ.Qəmbərlə dostdular və ortaq biznes maraqları mövcuddur. Eyni yerdən təlimat alır və eyni qabdan qidalanırlar. Deməli, təhlillər haqlı və əsaslıdır, istefa məhz qurumda Əli Kərimlinin sifətini görməmək istəyi ilə bağlıdır. A.Hacılının istefasını Ə.Kərimlinin uğuru kimi dəyərləndirməkdə yanlışlıq olardı. Çünki A.Hacılının istefasından sonra İ.Qəmbərin uzun müddət orada qalacağı inandırıcı görünmür. Əgər İ.Qəmbər istefa versə, o zaman buyruq qulu rolundan başqa bir işə yaramayan P.Hüseyn də şələ-şüləsini götürüb "Elçibəy İnstitutu"ndan gedəcək. Arzu Səmədbəylinin, Qiyas Sadıqovun və Oktay Qasımovun İ.Qəmbərin maraqlarına xidmət edən şəxslər olduqlarını nəzərə aldığından onların da qurumdan istefaları çox çəkməyəcəyi şübhəsizdir. Bu zaman "Elçibəy İnstitutu"nda yalnız Ə.Kərimli qalacaq. Bu isə Ə.Kərimlinin siyasi intiharı deməkdir. Təbii ki, o, quleybani olmamaq üçün istəyindən asılı olmayaraq "Elçibəy İnstitutu"nun buraxıldığını elan edəcək.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB