Vəli VƏLİYEV

Son 30 ildə Avropanın nəmənə olduğunu bizə qarşı olan münasibətində tam şəffaflıqla gördük. Sovet hakimiyyəti illərində xarici siyasətimiz o qədər də aktiv olmadığı üçün xaricilərin, beynəlxalq təşkilatların hansı hoqqadan çıxdıqlarından bixəbər idik. Müstəqillik həm də bizə kimin kim olduğunu, dünyada nə qədər iyrənc üsulların, yanaşmaların, münasibətlərin mümkünlüyünü bir daha aydınlatdı. Nəzəriyyəni bir kənara tullayıb keçək əsas mətləbə.

Azərbaycan 30 il bundan əvvəl Avropanın bu gün, yəni 44 günlük müharibədən sonra uzun qulağını sallayıb maddım-maddım tamaşa etdiyi və beynəlxalq hüquqa görə heç bir irad bildirə bilmədiyi sərhədləri vardı. Sovet ittifaqını təşkil edən, formalaşdıran və dünyanın da tanıdığı 15 respublika var idi. İstər onlara qardaş, yaxud düşmən deyilsin, fərq etməz və hər birisinin də ABŞ-da, Belçikada, Böyük Britaniyada, elə Avropa İttifaqında dövlətlərin müəyyən sərhədlər daxilində inzibati ərazisi olduğu kimi Azərbaycanın, Gürcüstanın, Moldova və Özbəkistanın, Ermənistanın da sərhədləri mövcud idi. Sovet hökuməti dağılanda qardaş respublikalar da öz sərhədlərinə çəkildilər, təkcə Ermənistandan savayı. Erməni dövlətini idarə edənlər fürsətdən yararlanmaq, Azərbaycandan pay qoparmaq, həmin tikəni həzm-rabeədən keçirmək istəyi hər iki dövlətə ziyanla başa gəldi. Amma Avropanın məsələyə yanaşma tərzi isə “qoca qitə”nin nə qədər aşındığını göstərdi. Problemə adekvat reaksiya vermək qabiliyyəti olmayan Avropa həm də Ermənistanın 30 il ərzində törətdiyi qanunsuzluqları, cinayətləri görməzdən gəlməklə öz imicini ayaqlar altına atdı. Sadalasaq yaxşı olar.

Azərbaycanlılar Ermənistandan zorla çıxarıldı, Avropa susdu, sərhədlərimiz pozuldu, ərazi bütövlüyümüz, suverenliyimiz təhlükə altına düşdü, Azərbaycanın 20 faiz torpaqları işğal edildi, yerli sakinlər, yəni azərbaycanlılar öz yurdundan zorla qovuldu, vətəndaş öz ölkəsində məcburi köçkün vəziyyətinə düşdü, şəhər, kənd və qəsəbələrimiz vandalizmə məruz qaldı, dağıdıldı, viran qoyuldu, dini, milli, tarixi abidələrimiz məhv edildi, insanlarımız öldürüldü, əsir və girov götürüldü, izsiz-soraqsız yoxa çıxarıldı Qərbdən səs çıxmadı. Bir sözlə, Ermənistan adlı qondarma dövlət xalqımıza qarşı bəşəriyyətə məlum olan bütün cinayətləri törətdi, ona “gözün üstə qaşın var” deyən olmadı, əksinə 25-30 il ərzində həmin Qərb, həmin Avropa, həmin xristian dünyası bu cinayətləri malaladı, ört-basdır etməyə çalışdı. Diqqət edin, yəqin ki, Avropanın İnsan Haqları Məhkəməsinin guya araşdırdığı, guya ədalətli qərar verdiyi “Çıraqovlar Ermənistana qarşı” məhkəmə işindən xəbəriniz var. Laçın şəhərindən didərgin salınan Çıraqovlar ailəsi öz mülkiyyət hüquqlarını bərpa etmək və təzminat əldə etmək üçün düz 10 il (!!??) adıçəkilən məhkəmənin qərarını gözləməli oldu. Anlamaq olmur, Avropa Məhkəməsi bu illər ərzində nəyi araşdırırdı, cinayətkar beləmi uzaqda idi?

Mətləbə bir az da yaxınlaşaq. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Narayan və başqaları Azərbaycana qarşı” işi üzrə hökm çıxarıb. Qərara əsasən, hərbçilər Edqar Narayan və Erik Abovyanın ölümü, habelə onların ölüm şəraiti ilə bağlı hər hansı araşdırma aparılmaması ilə bağlı Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ) pozulub. Və bir neçə maddə ilə də Azərbaycan tərəfi günahkar elan edilib. Söhbət 3 il bundan əvvəl Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdən gedir. Azərbaycan ordusunun əsgəri Çingiz Qurbanov hücum edən erməni diversiya qrupunun 3 hərbçisini qeyri-bərabər döyüşdə məhv edib və sonda özü də həlak olub. Qeyd edək ki, şəhidimiz ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Milli Qəhrəman” adına layiq görülüb.

AİHM-in qərarı da elə ermənilərin mahiyyətindən uzağa getməyib, yəni para qoparmaq. Həm də çox absurd ittihamla, əcaib məhkəmə vasitəsilə. Yenə diqqət edin, Çıraqovların mülkiyyəti əlindən alınıb, bütün hüquqları, ən adi yaşamaq haqqı tapdalanıb, Avropa isə dilini udub, araşdırıb və on ildən sonra məcbur qalaraq gərəksiz qərar verib. İndiki qərar isə sırf döyüş şəraitində baş verən uydurmalar əsasında verilib. Guya, bizim əsgər sərhəd xəttini keçərək Ermənistanın içərilərində günahsız insanları öldürüb. Ona qalsa, Ermənistan törətdiyi hərbi cinayətlərə görə Azərbaycana bir ömür təzminat ödəməlidir. Amma bu baş vermir. Çünki Ermənistanın göndərdiyi dana Avropa Məhkəməsinin simvolu olan “Femida”nın əlindəki qılıncın sapını çoxdan bulayıb.

Avropanın ədaləti dananın səxavəti qədərmiş. Bu, bir daha sübut olundu...

Bütün xəbərlər Facebook səhifəmizdə