Putin Baydeni və NATO-nu Ukraynada “dəfn edir”...

Hə, qoca Co Baydenin Rusiyanı küncə sıxmaq, qanlı Ukrayna müharibəsi hesabına Rusiya ilə Qərb arasındakı sərhəd xəttini Polşadan Ukraynaya keçirmək, sanksiyalarla Rusiya iqtisadiyyatını çökdürüb məhv etmək planı demək olar ki, “suya düşüb”. 1970-ci illərdə Moskvaya səfər edən senator C.Bayden, o zaman Leonid Brejnevlə, Yuri Andropovla, habelə Andrey Qromıko ilə görüşlərində beyninə belə bir ideya qoymuşdu ki, gec-tez Rusiyanın qərb ilə sərhədlərini yeniləmək lazımdır. Ta o vaxtdan bəri ABŞ siyasətinin qoca quzğununa çevrilən C.Bayden dəfələrlə keçmiş sovet ərazilərində olmazın təxribat və “rəngli inqilab” şouları təşkil etməklə açıq şəkildə Rusiyaya nifrət hissini ortaya qoymağa başladı. Məsələnin “mustafası” bu idi: Rusiyanı hətta keçmiş sovet ərazilərindən sıxışdırıb çıxarmaq, Vladimir Putini devirməklə Moskva üzərində istədiyi oyunu oynamaq.

Düzdür, hətta o dərəcədə diletant və xəyalpərəst olmalısan ki, Rusiyanın siyasi coğrafiyasında onu itaətkar, oyuncaq bir dövlət halına salmağı düşünəsən. Amma görünür ki, C.Bayden administrasiyası keçən ilin 24 fevralında rus tankları üzünü Ukraynaya sarı çevirəndə şadyanalıq edib Ağ Evdə şampan partladırdılar və onların ağlında olan tək “düşüncə” nəyin hesabına olursa-olsun Rusiyanın qulağının dibində xaos və müharibə yaratmaq arzusu idi. Rusiyanı Ukrayna bataqlığına sürüklədikləri üçün.
Amma fərqində deyildilər ki, V.Putindən daha çox ABŞ Ukrayna “bataqlığına” yuvarlanıb. Bu barədə sonra danışacağıq. Bəli, hətta ilk günlər V.Putinin, sadəcə, adından titrəmə keçirən qərb liderləri günlər keçdikcə daha da cəsarətlənməyə, rus tanklarını dayandırdıqdan sonra üzü Moskvaya hücum edəcəklərinə gün kimi əmin olduqlarını ucadan deməyə başladılar. Düzdür, Kiyevə tərəf yol alan rus tankları bir qədər sonra özləri geri çəkilib getməli oldular. Hə, onu da nəzərə alaq ki, müharibənin ilk günlərindən Ukrayna uniformasında NATO və digər qərb dövlətlərinin peşəkar orduları, könüllü qrupları Rusiyaya qarşı döyüşməyə başladılar. Son aylara qədər ABŞ başda olmaqla qərb dövlətləri Ukraynaya milyardlarla dollar həcmində maliyyə yardımı, silah-sursat, ən müasir hərbi texnika və qırıcılar göndərirdilər. Bütün Avropada belə bir rəy formalaşmışdı ki, sanki Ukrayna Rusiyaya qarşı qərbi qorumaq üçün döyüşür və iki slavyan ölkəsindən birinə var gücləri ilə pul, silah göndərmək onların əsas vəzifəsidir.
Sanki Ukrayna Rusiyanın qərb ilə səngər xətti kimi təqdim edilirdi. Hətta peşəkar aktyor sayılan Vladimir Zelenski də bu yaxınlarda Ukraynanı NATO-ya qəbul etməkdən boyun qaçıran qərb liderlərinə belə hədələyici mesaj yolladı: “Ukraynadan sonra növbə qərbindir”. Amma deyəsən, gün keçdikcə Ukraynanı yetim inək balası kimi yedizdirən qərb dövlətləri bundan o qədər yorulublar ki, Ukraynaya arxa çevirməyə başlayıblar. Çünki iki ilə yaxındır ki, bütün NATO üzvləri qeyri-rəsmi olsa da, Ukraynada Rusiyaya qarşı vuruşurlar, amma müharibədə heç bir nəticə yoxdur, Rusiya ordusu son bir ay ərzində hər dəfə bir Ukrayna yaşayış məntəqəsini ələ keçirir, qərbdəkilərin isə milyardlarla dollarları və silah-sursatı havaya uçur. İş o yerə çatıb ki, ABŞ generalları da dilə gələrək, silah arsenalının əhəmiyyətli şəkildə Ukraynada xərcləndiyini, bunun Pentaqonun planlarına daxil olmadığını, ABŞ ordusunda bu itkilərin hiss edilməyə başlandığını elan edirlər. Yuxarıda dediyimiz faktı təkrarlayıram: 80 yaşlı, huşu gedib-gələn C.Bayden bilərəkdən, ya da bilməyərəkdən ABŞ-ı çıxılmaz Ukrayna “bataqlığına” sürükləyib. V.Putin bu “bataqlıqdan” əsgər itkisi ilə çıxsa da, ABŞ böyük maliyyə və hərbi arsenal itkisi baxımından o bataqlıqda hələ də ilişib qalıb. Artıq ABŞ cəmiyyətində də Ukrayna müharibəsinə qarşı ciddi etirazlar başlayıb. “The New York Times” yazır ki, ABŞ vergi ödəyiciləri Ukraynaya çoxmilyardlıq maliyyə yardımlarından yorulublar. Qəzetin keçirdiyi sorğular göstərir ki, ABŞ-da ukraynalıların silahlanmasına ictimai dəstək azalır.

Hələ keçən ilin sonlarında Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının üzvü, deputat Den Bişop bəyan etmişdi ki, ABŞ Ukraynaya bir dollar da ayırmamalıdır. Deputatın fikrincə, Vaşinqton diqqətini daxili problemlərə cəmləməlidir. Bu barədə Rusiya mediası “The American Conservative” qəzetinə istinadən xəbər verir. Bişop ABŞ-ı Ukraynanı maliyyələşdirməyi dayandırmağa çağırıb və vurğulayıb ki, Kiyevə “bitməyən” yardımlar Prezident Co Baydenin “Sonuncu Amerikadır” siyasətinin bariz nümunəsidir.

Və... və V.Putin artıq usta şahmatçı kimi uzun səbirdən sonra hücum silahını işə salıb. C.Baydenin ideyalarını açıq şəkildə cəfəngiyyat adlandıran Kreml rəhbəri NATO və qərbdəkilərin yanında yer alanlara mesaj da yollayıb. Kreml rəhbəri həm də sadə ruslara səslənib. Sitat: “Ruslar yadda saxlamalıdırlar ki, Rusiya ya suveren güc olacaq, ya da ümumiyyətlə olmayacaq, bu fikir onların beyinlərində və ürəklərində olmalıdır. Biz yadda saxlamalı və heç vaxt unutmamalıyıq və uşaqlarımıza öyrətməliyik: Rusiya ya özünü təmin edən, suveren bir güc olacaq, ya da ümumiyyətlə olmayacaq. Bu, həmişə ağlımızda və qəlbimizdə olması gərəkən çox vacib bir şeydir. Buna görə də gələcəyimizi özümüz müəyyən edəcək və yaradacağıq. Rusiyanı beş yerə parçalamaq istəyənlər isə tezliklə əsl Rusiyanın gücünü daha möhkəm hiss edəcəklər. Biz heç nəyi unutmamışıq”, - Putin bildirib. Aydın görünür ki, Kreml sahibi artıq müdafiədən hücuma keçib və həm 80 yaşlı yaddaşını itirən C.Baydenin növbəti prezident seçkilərində məğlub olacağına, həm də artıq qərbdəkilərin V.Zelenskiyə milyardlarla dollar pul və silah-sursat daşımaqdan təngə gəldiklərindən əmindir. Keçmiş KQB generalı hazırkı vəziyyətdən zövq ala-ala NATO-nu və C.Baydenin ideyalarını Ukraynada dəfn etməyə hazırlaşır. Hətta Ukrayna Avropa İttifaqına üzvlük üçün sevindirilsə belə...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə