Bölgədə sülh və təhlükəsizlik üçün ən etibarlı təminat - Azərbaycan!

Artıq üç ildən çoxdur ki, 44 günlük Zəfər müharibəsi ilə Azərbaycan 30 illik erməni işğalına son qoydu, öz ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli sərkərdə kimi yürütdüyü əzmkar siyasət və igid oğullarımızın dillərə dastan olan qəhrəmanlığı sayəsində bu gün Azərbaycan doğma Qarabağa, Laçına, Şuşaya, Xankəndiyə qovuşdu. Artıq doğma-yurd yuvalarına qayıdan insanlar, dinc quruculuq üçün çalışırlar. İndi sülh zamanıdır. Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsi!

Bəs nədən Azərbaycanın sülh təşəbbüslərinə rəğmən acı məğlubiyyətə uğrayan, sosial böhranla çapalayan Ermənistan sülh müqaviləsini ləngidir?
İlk növbədə ona görə ki, Fransa prezidenti Emmanuel Makron başda olmaqla bir sıra qərb dairələri, - bura “Sülh Fondu”nun əli ilə Ermənistanı silahlandırmağa qərar verən Avropa İttifaqı da daxildir - var gücləri ilə bölgədə sülhün və iqtisadi dirçəlişin baş verməməsi üçün çalışırlar. Görün situasiya nə eybəcər hal alıb ki, Aİ “Sülh fondu”nun əli ilə Ermənistanı silahlandırmaq kimi həyasızlığa əl atır. Amma anlamadıqları və dərk edə bilmədikləri bir fakt ortadadır: Cənubi Qafqazda təhlükəsizliyi və sülhü təmin edəcək yeganə güc Azərbaycandır. Regionun lider ölkəsi olan Azərbaycan bölgənin inkişafı, tərəqqisi, gələcəyi naminə Ermənistan ilə normallaşmaya tez bir zamanda nail olunması üçün bütün mümkün addımları atır, əməli fəaliyyət göstərir.
Hətta Azərbaycan ilə Ermənistan arasında barış əldə olunması üçün kənar vasitəçilərə belə lüzum görməyən Bakı ikitərəfli görüşlərin sülhə gətirib çıxaracağını əminliklə bildirir və bu fikri müdafiə edir. Lakin Azərbaycanın siyasi, diplomatik müstəvidə sülh istiqamətində atdığı addımlara qarşı tərəf nəinki adekvat cavab verir, əksinə, sülhdən yayınmaq üçün hər cür siyasi, hərbi təxribatlara əl atır. Sözsüz ki, qərbdəki “ağıl mərkəzləri”nin təhriki ilə!

Dünyaşöhrətli yazıçı Viktor Hüqo yazır ki, “sülh sivilizasiyanın fəziləti, müharibə isə onun cinayətidir”. Təbii ki, bölgəmizdə sülhün yaranması, ilk növbədə, bizim istəyimizdir. Cənubi Qafqazın son 30 il tarixinə diqqət yetirmək kifayətdir ki, Qafqazda kimin fəzilətli, kimin isə cinayətkar dövlət olması aydın olsun. Azərbaycan daima bütün mübahisə və münaqişələrin dinc yolla həll edilməsinin tərəfdarı olub. 44 günlük Vətən müharibəsində misilsiz qələbə qazanmaqla yanaşı, sülh təklif edən tərəf məhz Azərbaycan olub.
Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Azərbaycan hər zaman konstruktiv mövqelərdən çıxış edib. Azərbaycan tərəfi bildirib ki, sülh sazişi imzalamalıyıq və delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən edən Azərbaycan olub.

Azərbaycanın bölgədə sülh və təhlükəsizlik üçün olduqca istəkli və etibarlı tərəf olduğunu göstərən daha bir fakt barədə danışaq. Elə bir fakt ki, hətta adı sülh əvəzinə qanlı ssenarilər üçün hallanan əksər qərb siyasətçilərinin alqışladıqları hadisədən danışıram. Hamıya bəlli olduğu kimi, bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Bu hadisənin özünü dayanıqlı sülhün əldə olunması istiqamətində atılmış ciddi addım kimi qiymətləndirmək olar. Cənab Prezidentin davamlı mesajlarından sonra Ermənistanın kənar müdaxilələrdən qismən də olsa qurtularaq, müstəqil mövqe nümayiş etdirməsini regionun gələcək inkişafı üçün atılmış müsbət addım kimi qiymətləndirmək olar.
Uzun müddətdən sonra Ermənistanın Azərbaycan tərəfindən dayanıqlı sülhün əldə olunması istiqamətində atılan addımlara adekvat cavab verməsi qarşılıqlı etimad mühitinin yarana biləcəyinə olan inamı qüvvətləndirir. Amma.. amma Fransa, Aİ, bir sıra ermənipərəst qüvvələrin Ermənistanı fİtnə-fəsada sürüklənməsi baş verməsə. İnanmaq istəyirik ki, ayıq-sayıq, konstruktiv düşünən erməni ictimai rəyinin mövqeyi daha güclü olacaq və qisas faşizminə sarılanları üstələyərək iki ölkə arasında sülhün bərqərar olmasına, bölgədə əmin-amanlığın, iqtisadi tərəfdaşlığın formalaşmasına dəstək olacaqlar. Biz sülhdən yanayıq, əksini düşünənlər üçün isə DƏMİR YUMRUQ hər an hazırdır!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə