Biz sürücüyə, sürücü bizə?.. -KÖŞƏ

Şəhərimizdəki işıqforsuz piyada keçidlərindən istifadə edənlərdən biri kimi son vaxtadək hər dəfə o xətlərin üzərində dəli bir ağlamaq keçirdi könlümdən. Soruşsaydınız ki, nə üçün? Deyərdim ki, sürücülərə - qayda-qanunlardan, cərimələrdən xəbərsiz sürücülərin gününə ağlamaq istəyirdim. Deyirdim, İlahi-pərvərdigar, bu sürücülər nə vaxt qayda-qanuna riayət edəcəklər. Bu sürücülər, əlbəttə, hamısı deyil, lakin əksəriyyəti bu maşınları nə vaxt adam kimi sürəcəklər.

İndi isə elə o xətlərin üzərində gülməyə başlamışam. Desəniz ki, nəyə gülürsən? Deyərəm ki, özümə gülürəm. Nə üçün gülürəm, bilirsiniz, keçiddə xəttin üzərində dayanıb sürücüyə yol verdiyim üçün. Onun da məsuliyyətsizcəsinə məni gözlətməsinə gülürəm. Sürücü bir az kənardan görür ki, biz piyada keçidinin düz ortasındayıq, daha da sürətini artırır ki, qarşımızdan keçsin. Biz də qalırıq düz yolun ortasında ki, sürücü bəy, sürücü xanım keçsin, biz sonra yola davam edək.

Məktəbin qarşısı, ictimai yaşayış binasının önü və sair, hara olursa-olsun bəzi sürücülər üçün heç əhəmiyyəti yoxdur, bizi gözlədib özləri keçəcəklər. Əslində biz onlardan qabağa düşə bilərik. Lakin bu sonuncu keçidimiz olar. Bizi asfalta elə yapışdırarlar ki, tikəmızi yerdən qoparmaq olmaz.

Biz hüquqlarımızı bilirik. Bilirik ki, piyada keçidinə yaxın avtomobili idarə edən sürəti azaltmalı, dayanıb piyadanın keçməsini gözləməlidir.

"Yol hərəkəti haqqında" Qanunun 54-cü maddəsinin I hissəsində də deyilir ki, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Sürücünün piyadaya yol verməli olduğu xüsusi bir hal isə adı çəkilən qanunun 75-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulur: sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Bu normadan göründüyü kimi, yolayrıcında dönən sürücü hətta döndüyü yolda piyada keçidi olmasa da, piyadaya yol verməlidir.

"İnzibati Xətalar Məcəlləsi"nin 330-cu maddəsinə əsasən isə həm nizamlanmayan piyada keçidlərində, həm də sağa və sola dönən zaman piyadaya yol verilməməsi 50 manat cərimə olaraq qiymətləndirilir.

Bu qaydalardan və cərimələrdən piyadaların xəbərsiz olanı olar ki, sürücülər deyillər. Bəs belə isə nə üçün bilmək istəmirlər ki, kim kimi gözləməli, kim kimə yol verməlidir? Əksinə, piyada keçidinin ortasında maşını üzərimizə sürür, əsla dayanmaq fikirləri yoxdur. Və yaxud da ki, qarşıdan qəflətən adam çıxar, fikrini ağıllarına belə gətirmirlər?

Sürücülər bu barədə düşünmədikcə biz hələ ağ xətt üzərində çox qara düşüncələrə dalacaq, ya ağlayacaq, ya da güləcəyik. Öz yolumuzda sürücülərə yol verməyimiz çox gülməli deyilmi?..

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə