“Azəravtoyol” ASC cəmiyyətə meydan oxuyur KÖŞƏ

Qış fəsli gələndə kasıbın, fağırın qara günləri başlayır. Ona görə yox ki kasıb kommunal ödənişləri ödəyməkdə çətinlik çəkdiyindən gileylənib öz-özünə mızıldanacaq. Deyəcək ki, kaş elə həmişə yay olaydı, kaş qış gəlməyəydi. Lakin zaman öz oxu ətrafında fırlanır və yaz yayı, payız isə qış fəslini əvəz edir. Budur, artıq çoxlarının arzu etmədiyi qış fəsli qapıları döyməkdədir. Qışın bir əmması da var ki, bu fəsildə varlıların məhəllələrindən fərqli olaraq kasıbların küçələrində iş-güc dalınca gedib-gəlmək çətin və müşkül bir işdir. Məhəllələrarası yollar bəzən elə acınacaqlı vəziyyətdə olur ki, yağış yağanda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə zəng edib qayıq çağırmaq məcburiyyətində olursan. Hərçənd Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə zəng edib qayıq çağırsan, halın fəna olar. Telefonun o başında acıqlı səslə "sənin başın xarab olub, get, işinlə məşğul ol" deyə bildirməklə söhbəti qapayarlar. Eşitdiyin acıqlı sözdən pərişan olsan da susacaqsan, mısmırığın yerlə getsə də asta addımlarla, bəzən də Kenquri kimi tullana -tullana küçədəki keçilməz yolu adlayıb, nisbətən hündür hamar yola çıxacaqsan. Ümumilikdə magistral yolların vəziyyəti pis deyil. Hətta bu yaxınlarda göz dəyməsin ödənişli yol da istifadəyə verildi. Kimin cibindəki pulu bir qədər artıqdırsa, ödənişini etməklə Bakı-Quba ödənişli yoldan istifadə edə bilər. Yəni, belə baxanda hər şey əladan da əladır. Lakin bu, gəlişigözəl də olsa, xoş sözləri kənd və qəsəbələrin yollarına aid etmək mümkün deyil. Çünki Bakının elə kənd və qəsəbələri var ki, onların küçələri dağ rayonlarının ucqar kəndlərinə bənzəyir. Yayda toz-torpaq, payız-qış fəslində palçıq, iri gölməçələr, bir sözlə, keçilməsi çətin olan bərbad yollar. Bu vəziyyət əhali tərəfindən narazılıq yaratsa da tədbir görən, problemi aradan qaldıran yoxdur. Aidiyyəti qurumlara ünvanlanan müraciətlər, şikayətlər də qulaqardına vurulur. Halbuki, hər il Bakıətrafı kənd və qəsəbələrin küçələrarası avtomobil yollarının tikintisi və təmiri üçün dövlət büdcəsindən yüz milyonlarla manat məbləğində vəsait ayrılır. Kənd və qəsəbələrdə küçələrarası yolların problemləri isə həll edilmir. Günahkar isə haqlı olaraq Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi göstərilir. Çünki yol tikintisi və təmirini bu qurum həyata keçirir. Ancaq "Azəravtoyol" ASC-nin başbilənlərinin başaları daha böyük həcmli maraqlı layihələrin icrasına qarışdığından, kənd və qəsəbələrin kiçik yollarının çəkilməsinə vaxt sərf etməyi mənasız hesab edirlər. Yenidən qurulan və ya təmir edilən əksər yollar isə keyfiyyətsiz olur. Binəqədi rayonu Biləcəri qəsəbəsi Yusif İmanov küçəsində isə Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi əsl həngamə yaradıb. Belə ki, uzun illərdən sonra sakinləri küçədə beton-asfatlaşma işləri həyata keçiriləcəyi ilə müjdələyən "Azəravtoyol" ASC əməli fəaliyyəti ilə insanları pərişan edib. İşlərin görülməsi qaydasına görə, asfalt - beton örtüyü döşənməmişdən öncə yolda bərkitmə işləri aparılmalı, hamarlanma işləri görülməlidir. Lakin "Azəravtoyol" ASC tərəfindən bu işlər yerinə yetirilmir. Sulu gölməçələrin, palçıqlı yolların üzərindən asfalt örtüyünü çəkirlər. Təbii ki, bu cür yolların ömrü uzun olmur. Digər diqqətçəkən məqam ondan ibarətdir ki, "Azəravtoyol" ASC-nin küçədə beton-asfatlaşma işlərinin görülməsinə rəhbərlik edən iş icraçısının öznəməxsus qaydalarının mövcudluğudur. Kim görüm-baxım edirsə, onun evinin ətrafı, səkiləri asfalt örtüyü ilə əhatə olunur, pulu-parası olmayan və yuxarıda qeyd etdiyim kimi, fağır insanların evlərinin və hasarlarının ətrafı asfalt örtükdən məhrum olunur. İnsanlar bu qaydalara etiraz etdikdə, iş icraçısı "rəhbərliyin tapşırığıdır və işlər belə də yekunlaşmalıdır" deyə mızıldanır. Başa salmağa çalışılır ki, "yolun hamarlanması adı ilə traktorla qazılan hasarların və evlərin özüllərində çatlar yaranıb, heç olmasa onları beton-asfaltla örtün". Arxasını "Azəravtoyol" ASC -də hansısa rəhbər şəxsə söykəmiş iş icraçısı "yol çəkirəm, hasar və evlərin bünövrəsini beton-asfatla örtmək mənlik deyil", - deyə bildirir. Mübahisələr yaranır, "yağış suları hündürlükdə olan asfalt yol vasitəsilə çökəkdə olan evin özülünə axacaq, bunu qaydaya salın"-deməklə xahişlər edilir. Yenə də tərslik edən iş icraçısı dirəniş göstərir, "bu mənim problemim deyil", - deyib aradan çıxır. Kimə şikayət edəsən, kimdən kömək istəyəsən, ünvan yox, tədbir görə biləcək vəzifəli şəxs də gözə dəymir. Əsasən, problemi həll edə biləcək ünvan "Azəravtoyol" ASC rəhbərliyidir ki, onların biri digərinin ayağını tapdalayacağı inandırıcı deyil. Digər tərəfdən tapşırıq "Azəravtoyol" ASC rəhbərliyindən gəlməsə, təbii ki, Y.İmanov küçəsində və ətraf ərazilərdə həngəmə qurmaqla sakinlərə meydan oxuyan iş icraçısı həddini aşmaz. Qeyd edim ki, Biləcəri qəsəbəsində bəzi küçələrin, o cümlədən Y.İmanov küçəsinin heç zaman asfalt-beton örtüyü olmayıb. Bu da yayda toz-torpaqdan, qışda isə palçıqdan burada yaşayan insanların gediş-gəlişində ciddi problemlər yaradır. Xüsusilə də, məktəbli uşaqlar əziyyət çəkirlər. Balaca körpələr dərin sulu çuxurların olması səbəbindən yolda hərəkət edə bilmirlər. "Azəravtoyol" ASC -ni isə insanların üzləşdikləri yolsuzluq problemi maraqlandırmır. Halbuki dövlət tərəfindən küçənin yol probleminin həll edilməsi üçün "Azəravtoyol" ASC-nin hesabına böyük məbləğdə maliyyə vəsaiti köçürülüb. Görünür, ayrılan maliyyə vəsaiti başqa məqsədlərə xərcləndiyi üçün küçənin beton-asfatlaşdırılması təxirə salınıb. El məsəlidir, "gözünüzün doyan günü olsun".

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə