ABŞ, Aİ, Ermənistan və dəvəquşu nağılı

Vəli VƏLİYEV

Qərbin Cənubi Qafqaz siyasəti regiona yeni və dəhşətli müharibə vəd edir

Ermənistanın Aİ və ABŞ-a arxalanaraq regionda təxribat törətməsi ilə yanaşı sülhə qarşı durması bütün ölkələri narahat etməkdədir. 44 günlük müharibədə məğlub olan Ermənistan daxili auditoriyanın qəzəbindən qorxaraq, həm də hakimiyyətini itirməmək üçün bütün mənalarda yalançılıqla, manipulyasiya etməklə həm qalib Azərbaycanın əsəbləri ilə oynayır, həm də daxili qüvvələri neytrallaşdırır. Amma, nə vaxta qədər bunun davam edəcəyi hələlik məlum deyil. Qonşu ölkələrə ünvanladığı mesajlar da qeyri-müəyyəndir. Tam olaraq tutmaq olmur, hədəfə kim qoyulub, Rusiyamı, Azərbaycanmı? Hər ikisindən qorxduğu üçün İrəvan ehtiyatlı tərpənir, amma “dəvəquşu metodu” ilə.

Məsələ burasındadır ki, kənar aktorların dağıdıcı siyasətlərindən fərqli olaraq Azərbaycan region ikinci Ukraynaya çevirmək istəyən qüvvələrin niyyətlərinə qarşı sakit-səssiz davranış nümayiş etdirmək niyyətində deyil. Ermənistanın itirəcəyi bir şey yoxdur, Amma qondarma erməni dövlətindən fərqli olaraq Azərbaycan regionun sülhə olan ehtiyacını təmin etmək fikrində israrlıdır. Avropanın, uzaq Amerikanın “vur-dağıt”, Rusiyanın isə “vur-qaç” siyasətinə qarşı Azərbaycan tək mübarizə aparır, desək yanılmarıq. Ermənistan isə regionda Rusiya-Qərb qarşıdurmasında yeni cəbhə açmaq niyyətindədir, bu isə regionda sülhə təhdiddir və Azərbaycan məhz buna qarşıdır.

Bəs qərblilər nə düşünür?

ABŞ rəsmisi Entoni Blinken açıqlamasında vurğulayıb ki, onların toplantısı Bakıya qarşı yönəlməyib. Sual yaranır, Ermənistan hazırda KTMT-nin üzvüdür. Həmçinin Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqının da üzvüdür. Necə olur ki, Aİ və ABŞ bir tərəfdən iqtisadi dayanıqlılıqdan, inteqrasiyadan danışırlar, digər tərəfdən bütün iqtisadiyyatı Rusiyadan asılı olan, onun sanksiyalardan yayınmasına, qanunsuz maliyyə dövriyyəsinə kömək edən, Moskvanın silah istehsalında istifadə edilən və Ukraynaya qarşı müharibəyə ötürülən texnologiyalarının daşınmasına şərait yaradan Ermənistana iqtisadi yardım göstərirlər? Bütün bu suallar cavabsız qalır. Təbii ki, Azərbaycan tərəfi də Qərbin bu addımını ikili standart olaraq qəbul edir.

Brüsseldə keçiriləcək ABŞ-Aİ-Ermənistan görüşü haqqında qarşı tərəfin hansı izahat verməsindən, hansı fikirlər səsləndirməsindən asılı olmayaraq bu, bütövlüklə Azərbaycana qarşı yönəlib. Bunu tək biz demirik, Fransanın xarici işlər naziri amerikalı həmkarı ilə keçirdiyi mətbuat konfransında Azərbaycanı hədələməsi, bizi hədəfə alması təsadüfi deyil. Ermənistanı yeni müharibəyə hazırlayan, regionda başlanan sülh prosesinə əngəl yaradan da Fransadır. Haqlı olaraq Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığında Parisin destruktiv, təhrikedici addımlarını xüsusi olaraq vurğuladı. Bundan başqa, Azərbaycanın müxtəlif diplomatik kanallarla bu görüşün təxirə salınmasını əsaslandlraraq istəməsinin nəzərə alınmaması bunu deməyə əsas verir ki, Qərb Cənubi Qafqazda sülhün yaranmasında maraqlı deyil.

ABŞ kimi dünyanın ən güclü dövlətinin ikinci adamının Prezident İlham Əliyevə zəng etməsi, vəziyyəti izah etməyə çalışması dövlətimizin başçısının qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir. Azərbaycan regionun ən güclü ölkəsidir, 44 günlük Vətən müharibəsinin qalibidir, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına yerinə yetirən dövlətdir. Və bu dövləti idarə edən, onu indiki gücünə çatdıran, nüfuz sahibi edən bir rəhbəri, Ali Baş Komandanı var. ABŞ bütün bunları nəzərə almamış deyil. Həm də Qərb Azərbaycanın doğru hədəfə vurduğunun fərqindədir. Guya bu proseslər, imzalanacaq sənədlər Azərbaycana qarşı deyil. Söhbət Ermənistana dəstəkdən gedirsə, burada hədəf kim ola bilər? Rusiyanın Ermənistandan çıxarılmasından danışırlar, amma bunu tezliklə baş tutacağı inandırıcı deyil. Ermənistanın, eyni zamanda Qərbin bu ölkədəki hədəfi uzaqmənzilli deyil, rəsmi İrəvan çalışır ki, qısa zaman ərzində çox istəyinə çatsın. Amma maneələri aşmaq üçün ona Qərbin dəstəyi lazımdır. Rusiyadan qurtulmaq istəyən Ermənistan həm də Avropanın və ABŞ-ın həqiqi dəstəyini qazanmaq istəyir. Sözdə dəstək vəd edən Qərbin Ukrayna kimi Ermənistanı da yarı yolda buraxmayacağı qorxusu var. Başqa bir nüans da var, ssenari Ermənistanın tam şəkildə Qərbin sərəncamına verilməsini nəzərdə tutur. Ermənistan 30 il ərzində regionda Rusiyanın platsdarmı olub, indi isə Fransa başda olmaqla, Qərbin hərbi platsdarmına çevrilir. Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi oyunlar sanki III Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsidir. Əvvəlki status kvo Azərbaycan və Türkiyədən başqa hamını qane edirdi. Bu Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi. Bu oyunun qaydalarını Prezident İlham Əliyev pozdu. Regionda yeni reallıq və status kvo yaratdı. Qərb və Ermənistanın havadarları bununla barışmaq istəmir.

ABŞ və Avropa İttifaqının Ermənistanın təhlükəsizliyinə hansısa "təminatlar" verməsi, silahlandırması, maliyyə yardımı ayırması Ermənistanın danışıqlarda manipuyasiya etməsinə imkan verəcək. Ermənistan hələlik konsisution qaydada Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Bunu erməni dövlətinin konstitusiyasında da görmək olar. Azərbaycan ərazisi olan 8 kənd hələ də qaytarmayıb, sərhədlərin delimitasiya, və demarkasiyasında xəbər yoxdur. Aİ və ABŞ-ın "təhlükəsizlik təminatı" isə Ermənistanın daha destruktiv mövqe tutmasına, hətta sülh prosesinə zərbə vurması ilə nəticələnəcək.

ABŞ və Avropa İttifaqının əsas hədəfi Ermənistanın təhlükəsizlik vektorunu dəyişmək, Rusiyanın boşalan yerini doldurmaq və bölgədə möhkəmlənməkdir. Ermənistan onların niyyətini reallaşdırmaq istərdi, əlbəttə buna gücü yetsəydi. Siyasi cəhətdən Ermənistan bunu edə bilər, amma iqtisadi müstəvidə Rusiyadan və onun nəzarətində olan bazarlardan asılıdır. Ermənistanın büütün sərhədləri rus sərhədçiləri tərəfindən qorunur. Əvvəlki illər olsaydı, Qərb Rusiyanı beynəlxalq qanunlarla hədələyib onu Ermənistanda bu gün etmək istədiyi fikirlərdən daşındıra bilərdi. Onu da nəzərə almaq lazımdır ki, Rusiya hazırda digər dünya gücləri ilə müharibə şəraitindədir. Yəni, Moskva Qərbin əlində dəstəvuz olan beynəlxalq qanunları çoxdan heçə sayır. Əslində Rusiyanın etdikləri heç də Qərb ölkələrinin etdiklərindən geri qalmır, sinxronluq təşkil edir. Ona görə də Kreml Ermənistandan getməyin bir o qədər də asan olmayacağını bütün tərəflərin diqqətinə çatdırır. Bir sözlə, Qərbin niyyəti verilən reaksiya ilə oxşarlıq təşkil edir, əgər Avropa və ABŞ bölgəyə həqiqətən sülh gətirmək istəsəydilər, bu, yalnız alqışlanardı. Amma 30 il Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yuman Qərbdən bunu gözləmək sadəcə sadəlöhvlük olardı.

Bütün xəbərlər Facebook səhifəmizdə