Ulu Öndərin zəngin irsi daha dərindən öyrənilməlidir - ANALİTİK

Qədim tarixə malik ulu xalqımız özünün xoş və çətin günləri üçün həmişə öndə gedən şəxsiyyətlər bəxş edib. XX əsrin ikinci yarısı da xalqımızın tarixində çətin və keşməkeşli, eyni zamanda ürəkaçan, parlaq olub. Xalqını, millətini, onun qədim tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını dərindən bilən müasir müstəqil dövlətçilik tariximizin təməl daşlarını 60-cı illərin ortalarında qoymağa başlayan müdrik, uzaqgörən, əbədiyaşar rəhbərimiz, görkəmli siyasi xadim Heydər Əliyev xalqımızın XX əsrin ortalarında bəxş etdiyi parlaq tarixi şəxsiyyətdir.

Dünya xalqlarının tarixinə nəzər salsaq görərik ki, ictimai-siyasi dövrlərdə həmin quruluşun ziddinə kommunist sovet rejiminuin sərt qanunları şəraitində demokratik fikirli ideyaları müdafiə etmək və dəstəkləmək, milli kadr hazırlığını həyata keçirmək, xalqını, millətini qəhrəman xalq olaraq təqdim etməyə heç bir siyasi xadim, tarixi şəxsiyyət cürət etməyib. Ancaq dünya miqyaslı siyasi xadim Heydər Əliyev 1950-60-cı illərdə DTK-da işləyərkən milli kadr hazırlığına, milli-mənəvi dəyərlərimizin, dilimizin, dinimizin, mədəniyyətimizin, tariximizin inkişafına xüsusi diqqət yetirib, demokratik fikirli ideyaları müdafiə edib. Həmin illərdə Azərbaycanda və Moskvada, həmçinin də dünyanın hər yerində Heydər Əliyev barəsində yüksək ictimai-siyasi fikir yaranmışdı. Onun fəaliyyətinə ittifaq rəhbərliyi yüksək qiymət verirdi və yüksək qiymətin nəticəsi olaraq SSRİ rəhbərliyi Heydər Əliyevi təkidlə 1969-cu il 14 iyulda Azərbaycan SSR-ə rəhbər təyin etdi.

Çox düzgün seçim edən Sovet rəhbərliyi Heydər Əliyevin şəxsində Azərbaycanın tez bir zamanda sürətli inkişafını görür və hiss edirdi. Qısa zaman kəsiyində Azərbaycanda həyat sanki yenidən başladı. İqtisadi, sosial, mədəniyyət, incəsənət, kənd təsərrüfatı, sənaye, energetika, maşınqayırma, elm, təhsil, kadrların seçilib yerləşdirilməsi və sair sahələrdə əsaslı dönüş yaradıldı. Azərbaycan nəinki ittifaqda, hətta xarici ölkələrdə tanındı.

Heydər Əliyev SSRİ büdcəsindən, şəxsi nüfuzundan və hörmətindən məharətlə istifadə edərək müasir dövrümüzü, bu günümüzü və gələcəyimizi görür və düşünürmüş kimi indiki müstəqil dövlətimizin iqtisadi, sosial bazasını tam şəkildə qurub bu günümüzə bəxş etdi. Ulu öndərin SSRİ-də və dünyada nüfuzunun artması, onun rəhbərlik, təşkilatçılıq, yaradıcılıq, diplomatik bacarığı, geniş dünyagörüşü, dünya siyasətinə dərindən bələd olması onu daha da yüksək vəzifəyə irəli çəkilməsinə gətirib çıxardı. SSRİ rəhbərliyi hələ 60-cı illərdən tanıdığı və onun siyasi təfəkkür tərzinə, şəxsi keyfiyyətlərinə yüksək qiymət verdiyi Heydər Əliyevi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, MK Siyasi Bürosunun üzvü, Sosial Siyasət komissiyasının sədri, Şərq ölkələri üzrə müşavir təyin etdi. O, bu vəzifədə həm xarici siyasət məsələlərində, həm də iqtisadi islahatların həyata keçirilməsində, dövlət quruculuğunda nəzərə çarpacaq yenilikləri ilə seçilirdi. Tükənməz enerjisi və iş qabiliyyəti, işindəki ciddilik, intizamlılıq, qanunları dərindən bilməsi, yüksək məsuliyyət hissinə malik olması Heydər Əliyevə böyük etimad qazandırmışdı.

1982-1987-ci illərdə sovet dövlətinin orta Şərqdə xarici siyasətini demək olar ki, Heydər Əliyev aparırdı. O, Misir, Suriya, İordaniya, Pakistan, İraq və başqa ölkələrə səfərlər edirdi. Dünyanın 26 ölkəsində səfərdə Sovet dövlət və hökumət nümayəndə heyətinə rəhbərlik edib. Bu səfərlərdə Heydər Əliyev çox böyük məharətlə Azərbaycanı və onun xalqını, dilimizi, dinimizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi yüksək səviyyədə tanıdıb. Xarici ölkələrdə Azərbaycan barədə geniş fikir formalaşdırıb. Özünü azərbaycanlı olaraq dünyaya təqdim etməklə öz şəxsi keyfiyyətlərini və diplomatik siyasi qabiliyyəti ilə xalqımızı dərindən dünya xalqlarına və dövlətlərinə tanıtdırıb.

Heydər Əliyevin SSRİ-də və dünyada nüfuzunun artması və SSRİ rəhbərliyinə real namizəd olması ermənipərəst Mixail Qorbaçovu narahat etməyə bilməzdi. Keçmiş SSRİ xarici işlər naziri Andrey Qromikovun oğlu Anatoli Qromiko atasının dediyi fikri belə ifadə edib: "SSRİ rəhbərliyinə cavan, enerjili, yüksək diplomatik qabiliyyəti olan, dünyada tanınan və qəbul olunan yalnız və yalnız Heydər Əliyev layiq idi".

Bu səbəbdən də M.Qorbaçov ona qısqanclıqla yanaşaraq Heydər Əliyevə qarşı çıxdı. Lakin Heydər Əliyev bir şəxsiyyət olaraq öz ucalığını bir daha sübut etdi. Çətin şəraitdə olsa da, həmişə olduğu kimi, öz xalqı ilə həmişə həmrəylik nümayiş etdirirdi. Öz xalqının dəstəyi ilə yenidən özünün qurub yaratdığı müasir müstəqil Azərbaycan dövlətinə rəhbərliyə gəldi.

Çoxşaxəli, hərtərəfli inkişaf etmiş, günü-gündən zənginləşən, müasirləşən, yeniləşən, qloballaşan sivil dünyaya qovuşan Azərbaycan adlı şah əsərini yaratdı və təmənnasız olaraq öz xalqına bəxş etdi. Xalqının, dünya azərbaycanlılarının, türk dünyasının Ümummilli Liderinə, qurtuluş dahisinə çevrildi. Dünyanın qəbul etdiyi siyasi xadim olaraq bəşər tarixinə əbədi lider, tarixi şəxsiyyət olaraq daxil oldu. Dünya xalqlarının, bəşəriyyətin mənafeyinə xidmət etməyə qadir olan ali siyasi kursumuzu - Heydər Əliyev siyasi kursunu, yüzilliklərə hesablanmış siyasi kursu bizlərə bəxş etdi.

Təbii ki, bu gün bəşər tarixinə, dünya xalqlarının və dövlətlərinin milli, müasir müstəqil dövlətçilik tarixinə geniş və əhatəli diplomatik, ictimai-siyasi, iqtisadi, quruculuq, xilaskarlıq fəaliyyəti ilə bənzərsiz dünyəvi siyasi xadim, milli lider, qurtuluş dahisi olaraq daxil olmuş Ulu öndər Heydər Əliyevin siyasi irsini, onun çoxşaxəli fəaliyyətinin daha da dərindən öyrənilməsi, elmi, siyasi əsərlərin yazılması və tədrisi məqsədilə daha məqsədəuyğun olar ki, Azərbaycan Milli Elmlər Akademiyasında Heydər Əliyevşünaslıq İnstitutu yaradılsın. Bakı Dövlət Universitetində Heydər Əliyevşünaslıq elminin tədrisi üçün kadr hazırlayan fakultə, kafedralar təşkil edilsin. Həmçinin Heydər Əliyevin həyat və fəaliyyətinin uşaqlıq və gənclik, DTK, Sovet Azərbaycanının rəhbəri, Moskva dövrünü, 1987-1990-cı illər mənəvi-siyasi təzyiqlər və repressiya, Naxçıvan və Müstəqil Azərbaycanın rəhbəri - prezidenti dövrlərinin tam və əhatəli öyrənilməsi üçün ali və orta ixtisas, orta məktəblərdə Heydərşünaslıq dərsləri ayrıca tədris edilsə daha məqsədəuyğun olar.

Regionlarda Heydər Əliyev Mərkəzlərinə peşəkar, savadlı, Heydər Əliyevşünaslıq elmini dərindən bilən şəxslər cəlb edilməlidir. Heydər Əliyev Mərkəzi siyasi məktəbdir. Dövlət başçımız XXI əsrin ən görkəmli bənzərsiz dünyəvi siyasi xadimi cənab İlham Əliyev Heydər Əliyev siyasətinin davamı olaraq bu siyasət əsasında, dövrün, zamanın, dövlətimizin və xalqımızın, milli maraqlarımızın qorunub möhkəmləndirilməsi, dövlətçiliyimizin, müstəqilliyimizin daimi və əbədi olması üçün yüzilliklərə, minilliklərə hesablanmış siyasətə uyğun olaraq uğurlu məqsədyönlü daxili və xarici siyasət kursunu həyata keçirir.

Dövlət siyasətimizin əsasını Ulu Öndərin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq ideologiyası təşkil edir. Ona görə də mən vətəndaş, media nümayəndəsi olaraq bənzərsiz dünyəvi siyasi xadim, Qurtuluş dahisi, müasir, müstəqil, demokratik, hüquqi, dünyəvi Azərbaycan Respublikasının qurucusu və baş memarı, banisi, tarixi əvəzolunmaz şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin təbliğ edilməsi, mənimsənilməsi məqsədilə fəaliyyət göstərən mərkəzlər üçün yüksək peşəkar, siyasi biliyə, təfəkkürə, siyasi təhlil və təbliğ etmə bacarığına malik, yüksək mədəniyyətə, əxlaqa malik olan, etik davranış qaydalarına və prinsiplərinə əməl edən, xarici dildə, o cümlədən ingilis, rus dillərində danışmağı, izah etməyi bacaran, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan ixtisaslı kadrların, elmi işçilərin, bələdçilərin, siyasətşünasların, Heydər Əliyevşünasların hazırlanmasını və mərkəzlərə mütəxəssislərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi məqsədilə Heydər Əliyev Akademiyasının yaradılmasını arzu edərdim. Əminəm ki, mənim təkliflərim dövlətimiz tərəfindən qəbul ediləcək. Bəli, bu gün də, sabah da və gələcəkdə də Heydər Əliyev ideyalarına hər zaman və hər yerdə ehtiyacımız olacaq.

Dəmir QURBANLI,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə