"Yeni parklar Bakının turizm brendini gücləndirir və şəhərin cazibəsini artırır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Bakıda istifadəyə verilən yeni parklar şəhərin turizm brendini gücləndirən çox mühüm amillərdən biridir. Çünki müasir turizmdə artıq yalnız tarixi abidələr və muzeylər deyil, həm də şəhərin insanların gündəlik həyatına uyğun yaratdığı rahat və ekoloji məkanlar böyük əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib.
Onun sözlərinə görə, turistlər bir şəhəri tanıyarkən onun parklarında gəzmək, yerli sakinlərlə eyni məkanda istirahət etmək və şəhərin nəfəsini hiss etmək istəyirlər: "Nərimanov rayonunda açılan yeni park həm memarlıq baxımından müasir dizayna malikdir, həm də burada müxtəlif yaş qrupları üçün imkanlar yaradılıb. Bu, xüsusən də ailəvi turizmin inkişafı üçün önəmlidir. Uşaqlar üçün əyləncə zonaları, gənclər üçün idman meydançaları və hər kəs üçün sakit istirahət guşələri şəhəri ziyarət edən turistlərin rahatlığını artırır. Eyni zamanda, belə layihələr Bakının ekoloji imicini gücləndirir. Dünyada “yaşıl şəhər” konsepsiyası turizmdə çox populyardır və turistlər təmiz hava, geniş yaşıllıq və estetik baxımdan gözəl istirahət məkanlarını yüksək qiymətləndirirlər. Bu mənada yeni parkların açılması paytaxtı regionun turizm mərkəzlərindən biri kimi daha da cəlbedici edir.
Beləliklə, yeni parklar həm turistlərin şəhərdə daha uzun müddət qalmasına səbəb olur, həm də Bakının müasir, rahat və yaşıl şəhər obrazını dünyada tanıtmaq üçün vacib vasitəyə çevrilir".
Bütün xəbərlər Facebook səhifəmizdə