Ortaq maraqlara və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətləri yeni mərhələdə
Azərbaycan ilə İtaliya arasındakı münasibətlər son onilliklər ərzində davamlı inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr təkcə ikitərəfli müstəvidə deyil, həm də regional və qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir. Sentyabrın 30-da İtaliya Prezidentinin Bakıya rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər bir daha sübut edir ki, iki ölkə arasındakı əməkdaşlıq qarşılıqlı etimada, uzunmüddətli maraqlara və ortaq strateji hədəflərə əsaslanır.
Enerji sektoru Azərbaycan–İtaliya münasibətlərinin əsasını təşkil edir. Azərbaycan uzun illərdir ki, İtaliyanın ən böyük neft təchizatçılarından biridir. Trans-Adriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsi isə qaz ixracında yeni mərhələni təşkil edir. Bu kəmər vasitəsilə Azərbaycan qazı İtaliyaya, buradan isə digər Avropa ölkələrinə çatdırılır. Həmin amillər bir tərəfdən bu dost ölkənin enerji təhlükəsizliyini möhkəmləndirir, digər tərəfdən Avropa İttifaqının enerji şaxələndirmə siyasətinə töhfə verir. Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Dövlətimizin başçısı vurğulayıb ki, əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Gələcəkdə enerji sahəsində əməkdaşlığın yaşıl enerji və elektrik ixracı istiqamətində genişlənməsi nəzərdə tutulur. Xəzər dənizi hövzəsində qurulacaq külək və günəş elektrik stansiyaları vasitəsilə hasil ediləcək enerji xüsusi kabel xətləri ilə Avropaya çatdırılacaq. Bu amillər Azərbaycanın Avropanın enerji bazarında yalnız ənənəvi resursların deyil, həm də alternativ enerjinin mühüm təchizatçısına çevrilməsinə şərait yaradacaq.
Azərbaycan–İtaliya iqtisadi əlaqələri təkcə enerji resurslarının ixracı ilə məhdudlaşmır. Bu ölkə Azərbaycanın Avropada birinci ticarət tərəfdaşıdır və ticarət dövriyyəsinin həcmi ildən-ilə artmaqdadır. Həmin əməkdaşlıq müxtəlif istiqamətləri əhatə edir, kənd təsərrüfatı, qida sənayesi, yüngül sənaye, maşınqayırma və turizm kimi sahələrdə də qarşılıqlı maraqlar mövcuddur.
İtaliya şirkətləri ölkəmizdə infrastruktur layihələrində fəal iştirak edir, yolların, körpülərin, sənaye obyektlərinin tikintisində mühüm rol oynayır. Bununla yanaşı, İtaliya texnologiyalarının ölkəmizə gətirilməsi yerli sənayenin modernləşdirilməsinə, innovativ həllərin tətbiqinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir.
Azərbaycan–İtaliya münasibətlərinin mühüm istiqamətlərindən biri humanitar və mədəni əməkdaşlıqdır. İtaliya zəngin mədəni irsə malikdir və dünya sivilizasiyasına bəxş etdiyi incəsənət, memarlıq, musiqi və kino nümunələri ilə seçilir. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəniyyəti və incəsənəti ilə İtaliya cəmiyyətində böyük maraq doğurur. Müxtəlif sərgilər, musiqi festivalları, kino günləri və qarşılıqlı mədəniyyət tədbirləri xalqlar arasında mənəvi yaxınlığı artırır, iki ölkənin dostluq münasibətlərini daha da gücləndirir.
Bu əməkdaşlığın ən mühüm nəticələrindən biri də İtaliya–Azərbaycan Universitetinin yaradılmasıdır. ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali məktəbi – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında əməkdaşlıq əsasında qurulan bu elm ocağı təhsil sahəsində yeni imkanlar açır. Hazırda yüzlərlə tələbə burada müasir biliklərə yiyələnir, elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarında təhsil alır. Universitet yalnız bilik mərkəzi deyil, həm də gələcək nəsillərin dostluq və tərəfdaşlıq ruhunda formalaşmasına xidmət edən bir mədəni körpüdür.
İtaliya ilə Azərbaycan arasında diplomatik münasibətlər yüksək səviyyədədir. Dövlət başçıları arasında müntəzəm görüşlər bu münasibətlərin davamlılığını təmin edir. İtaliya, həmçinin dövlətimizin Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin inkişafında daim dəstək göstərib. Bu dəstək nəticəsində Azərbaycan ilə Aİ arasında əməkdaşlıq genişlənib, tərəflər arasında enerji, nəqliyyat və təhlükəsizlik sahələrində mühüm razılaşmalar əldə olunub. İtaliyanın Avropa İttifaqındakı nüfuzlu mövqeyi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Rəsmi Roma həm ikitərəfli, həm də çoxtərəfli platformalarda Azərbaycanın maraqlarını nəzərə alaraq əməkdaşlıq üçün yeni imkanların yaradılmasına töhfə verir. Bu faktorlar tərəflər arasında siyasi etimadın daha da möhkəmlənməsinə gətirib çıxarır.
Azərbaycan–İtaliya münasibətləri Avropada və regionda sabitlik, enerji təhlükəsizliyi və mədəni inteqrasiya baxımından mühüm əməkdaşlıq modelidir. Enerji sahəsində etibarlı tərəfdaşlıq, iqtisadi əlaqələrin genişlənməsi, humanitar təşəbbüslər və təhsil layihələri bu strateji tərəfdaşlığı daha da dərinləşdirir. Dövlətlərarası münasibətlər gələcək nəsillərə yönəlik dayanıqlı strateji əməkdaşlıq yolunu müəyyənləşdirir.
Asif Əsgərov
Milli Məclisin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə