Xaçmazlı döyüşçü: Düşmənin başını əzib, torpaqlarımızı azad etdik

Şirin Ramizov Vətən müharibəsində düşmənlə qanlı savaşlara atılanda cəmi 18 yaşı var idi. Qəhrəman döyüşçü Ağdam, Füzuli, Xocavənd istiqamətlərində aparılan əməliyyatlarda fədakarlıqla döyüşüb. Düşmən mərmisinin yaxınlığında partlaması nəticəsində ağır yaralanan Şirin 3-cü qrup müharibə əlilidir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ramizov Şirin Telman oğlu 29 aprel 2002-ci ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2020-ci ilin may ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb.

Vətən müharibəsi başlayanda Şirin cəmi beş ayın əsgəri idi. Sentyabrın 27-dən başlayaraq cəbhənin Ağdam rayonu istiqamətində motoatıcı kimi əməliyyatlara qoşulub. Füzuli, Xocavənd rayonlarının və kəndlərinin, eləcə də Suqovuşanın işğaldan azad edilməsi əməliyyatlanda fədakarlıqla iştirak edib.

“Döyüşlərdən əvvəl təlimlərə cəlb olunmuşduq. Hamımızda qalib gələcəyimizə böyük inam var idi. Döyüşlərdə olduğum barədə ailəmin xəbəri olmayıb. Müharibənin son günlərində valideynlərimə bildirmişəm ki, cəbhədəyəm. İstəmirdim narahat olsunlar. Bizim əsas qanlı döyüşlərimiz Xocavənddə olub. Orada Üçtəpə adlanan ərazidə. Düşmən yüksəkliklərdə, illərlə möhkəmləndirilmiş mövqelərdən başımıza yağış kimi mərmi yağdırırdı. Buna baxmayaraq, ancaq irəli əmri almışdıq. Şəhidlərimiz, çox sayda yaralanan döyüşçülərimiz oldu. Döyüşə başladığımız gündən bizimlə olan 81 nəfərdən müharibənin sonunda 6 nəfər həyatda qaldıq. Allah onlara rəhmət eləsin. Amma ən əsas məqsədimizə çatdıq. Düşmənin başını əzib, torpaqlarımızı azad etdik”, - deyə Şirin Ramizov söyləyib.

Noyabrın 7-də Xocavənd uğrunda gedən şiddətli döyüşlərdə yaxınlığında partlayan mərminin qəlpələri Şirini qolundan və ayağından ağır yaralayıb. Sol qolunun dirsəkdən aşağı hissəsinin sümüklərinin əksər hissəsi parçalanıb, əzələ və toxumaları zədələnib.

“Yaralandığım döyüş heç vaxt yadımdan çıxmaz. Biz mühasirəyə düşmüşdük. Düşmən fasiləsiz minaatandan, toplardan atəş açırdı. Yaxınməsafəli döyüş idi. Mərmilərin arası 3-4 saniyə çəkirdi. Mən pulemyotçu olmuşam. Yaralansam da silahımı əlimdən buraxmamışam. Çox ağır yaralanmışam. İki saatdan çox mühasirədə qaldığımdan qanitirmədən ölə bilərdim. Məni ərazidən şəkili döyüş yoldaşım Valeh Məmmədov çıxardı. İlk tibbi yardım göstərildi və sonra Füzuli xəstəxanasına çatdırıldım. Əvvəlcə əlimi amputasiya etmək istəyirdilər. Amma həkimlərimizin səyi nəticəsində əlimi kəsmədilər. Müalicə alsam da, qolumda sağalma getmirdi. 2022-ci ildə Türkiyədə təcrübəli həkimlər qrupu tərəfindən 13 saatlıq əməliyyat olundum. Ayağımdan qoluma əzələ köçürülməsi, sümüklərin və toxumaların bərpa edilməsi və digər əməliyyatlar aparıldı. Hazırda da fizioterapiya müalicələri davam edir”,- deyə qəhrəman döyüşçü əlavə edib.

Şirin Ramizov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən döyüşlərdə göstərdiyi şücaətlərə görə "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə