"Bələdiyyələr tərəfindən alqı-satqı yolu ilə torpaqların verilməsi dayandırılıb" - MÜNASİBƏT BİLDİRİLDİ

"Torpaq sahələrinin etibarnamə ilə öz adına alqı-satqısı mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır: "Yəni etibarnamə mülkiyyət sənədi yox, vəkalət sənədidir. Tez-tez şahidi oluruq ki, etibarnamə ilə adətən sənədləşdirilə bilməyən torpaqlar qeyri-rəsmi şəkildə satılır. Yəni sənədsiz torpağı satan şəxs digər alan şəxsə torpağa dair etibarnamə verməklə alqı-satqı həyata keçirirlər. Bu hərəkət qanunsuz olmaqla yanaşı, heç bir hüquqi zəmanətə də malik deyil. Mülki Məcəlləyə əsasən, daşınmaz əmlak üzərində mülkiyyəti təsdiq edən yeganə sənəd Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışdır.

Bundan başqa bildirmək istəyirəm ki, daşınmaz əmlaka dair rəsmi alqı-satqı müqaviləsi yalnız notariusda bağlanıla bilər. Etibarnamə verən şəxs istənilən vaxt gedib onu ləğv etdirə bilər. Bu zaman necə deyərlər “ it də gedəcək, ip də”. Lakin bununla da iş bitmir. Torpağı etibarnamə əsasında alan şəxs onun ilkin (kök) hüquqmüəyyənedici sənədləri qaydasında olmadığı üçün ya heç vaxt həmin torpağı sənədləşdirə bilməyəcək, ya da illərlə məhkəmə çəkişmələrində vaxtını və pulunu itirərək nələrəsə nail olacaq.

Bələdiyyələrə münasibətdə bildirmək istərdim ki, hazırda Prezidentin 23 oktyabr 2007-ci il tarixli sərəncamı ilə bələdiyyələr tərəfindən alqı-satqı yolu ilə torpaqların verilməsi dayandırılıb".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə