27 mart-Beynəlxalq Teatr Günündə bir az teatrdan danışaq. Nədir teatr? Teatr oxuduğumuz bir əsərin qəhrəmanlarını canlı şəkildə təsəvvür edə bilməyimizdir. Dünənədək kitab vasitəsilə tanıdığımız qəhrəmanlarımız bir teatr tamaşasında gözümüzün qarşısındadır və bizə həmin kitabı oxuyarkən yaşadığımız hissləri canlı şəkildə yenidən təqdim edir. Teatr həm də haqqında məlumatımız olmayan bir hadisənin səhnə variantıdır. Bu zaman isə hər pərdə, hər səhnə dəyişdikcə, ürək döyüntülərimiz də artır. Ona görə ki, hadisələrin necə sona çatacağı bizim üçün həddən artıq maraqlıdır...

Teatr... Səhnə işıqları-bəzən kölgəlik, bəzən qaranlıq, bəzən gur işıqlar, dəyişən səhnə dekorasiyaları... Bütün bunların fonunda istedadlı aktyorların yaratdığı obrazlar, mimika və jestlərlə qəhrəmanlarını olduğu kimi canlandıra bilmələri sanki adamı həmin dövrə aparır, o dövrün və hadisələrin qonağı olaraq nələrisə öyrənmiş olursan.

Teatr bir tarixdir, desək, yanılmarıq. Çünki ayrı-ayrı dövrlərin hadisələrini o qədər anlaşıqlı şəkildə açıqlayır ki, buna yalnız heyran qalmaq olur... Teatrların hər yeni tamaşası həm də bir kitabdır. Gedirsən teatra, tamaşa edirsən, 1,5-2 saat ərzində bir kitabı oxuyub başa çıxırsan. Teatrdan ayrıldıqda artıq bu gün nə isə öyrəndiyini anlayırsan.

Teatrlarımızın öz tamaşaçıları var. O tamaşaçılar ki, illərdir, teatr afişalarını izləyir, tamaşalara baxır. Necə deyərlər, həyatlarını teatrsız təsəvvür edə bilmir. Lakin etiraf etməliyik ki, teatrların tamaşaçıları konsertlərinki qədər deyil. Səbəb?

Artıq illərdir ki, biz əsl dəyərlərimizi dəyərləndirə bilmirik. Sanki hansısa bir qüvvə bizimlə dəyərlərimiz arasında elə bir körpü yaradıb ki, ona doğru bu körpü ilə gedərkən yarıda qırılır, biz qalırıq bu tərəfdə, dəyərlərimiz isə o tərəfdə. Nəticədə isə qaldığımız yerdə yeni bir həyata başlayırıq. Bu həyat körpünün o tərəfindəki həyatdan çox fərqlənir. Burada haqqında danışdığımız teatr sevgisi azdır, əyləncə axtaranlar, bu əyləncəni sosial şəbəkələrdə paylaşanlar, özünü reklam edənlər, bununla sanki sosial ehtiyacının ödənildiyinianlayanlar daha çoxdur.

Elə bu səbəblərdən də müasir dövrdə konsert sevgisi teatr sevgisini üstələyir. Çünki artıq əksər insan öyrənməyə, biliyini artırmağa meylli deyil, əylənməyə meyllidir. İndi əksər insan, xüsusilə də gənc nəsil hay-küyə səbəb olacaq hadisələr axtarır. Ona görə də şəhərimizdə tez-tez keçirilən konsertlərə axın-axın insan toplaşır. Onu da qeyd edək ki, biz nədənsə öz aktyor-müğənnilərimizi ya qiymətləndirmək, ya da bu barədə fikirləşmək istəmirik. Xarici müğənnilərə, nə bilim, psixoloqlara, varlanmağın yolunu bizə onunla görüşün bileti qiymətinə satanlara daha çox dəyər veririk.

Lakin qayıtmalıyıq. Teatra qayıtmalıyıq. Ən çox əyləncə yerimiz teatr olmalıdır. Çünki teatrda insan taleləri var. Dünyanın hansı bir şəhər, kənd, qəsəbəsində baş verən hadisəni yazıçı yazır, sonra o əsər ssenariləşdirilir, səhnələşdirilir, onlarla aktyorun zəhməti ilə hasilə gəlir. Həmin tamaşalara baxdıqca bəzən qərbli, bəzən şərqli, bəzən cənublu olursan. Müxtəlif insan taleləri ilə qarşılaşırsan.

Bu tamaşalara baxdıqca bir kitab oxuyub başa çatırıq. Buradakı yaxşılara bənzəməyə çalışır, pislərə nifrət etməyə başlayırıq. Belə isə teatrı bir tərbiyə evi də adlandırmaq olar. Teatra gedək, bütün əyləncələrdən başda dayanan teatra!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə