“Azərbaycanda avarçəkmə idman növü bugünkü gündə möcüzələr yaradır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Artıq üçüncü ildir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı belə mühüm bir idman tədbiri həyata keçirilir. Sözün əsl mənasında, Azərbaycanda avarçəkmə idman növü bugünkü gündə möcüzələr yaradır. Etiraf etməliyik ki, güləş idman növü ölkəmizdə çox populyardır. Bu idman növü üzrə beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr əldə edir, medallar qazanırlar. Onunla müqayisədə avarçəkmə bizim ölkəmizdə bu qədər populyar olmamışdı. Artıq avarçəkmə idman növündə yarışan idmançılarımız elə nəticələr əldə edirlər ki, bununla sadəcə fəxr edə bilərik”. SİA xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov jurnalistlərə açıqlamasında deyib.

”Dünən də son dərəcə sevindirici bir xəbər aldıq. Bizim avarçəkənimiz Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu həm Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə, həm də cənab Prezidentin rəhbərliyi altında dövlətimizin qazandığı zəfərə böyük bir töhfədir. Biz inanırıq ki, avar çəkənlərimiz bu yarışda da, Fransada keçiriləcək Olimpiya oyunlarında da tarixi uğurlara imza atacaqlar. Bəlkə də çoxları güman etmirdi ki, avarçəkmə idman növü üzrə idmançılarımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Amma fakt budur ki, sadəcə üç ildir ki bizim idmançılarımız bu idman növündə öz sözünü deməyə başlamaqlarına rəğmən əldə edilən uğur göz qabağındadır. Hər bir idmançımıza uğurlar arzu edir, hər birinə sonsuz güvənirik”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə