"Pranklar bizim cəmiyyətimiz üçün xarakterik deyil" - SOSİOLOQ TƏNQİD ETDİ

“Ümumiyyətlə, pranklar bizim cəmiyyətimiz üçün xarakterik deyil”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Üzeyir Şəfiyev sözlərinə belə davam edib: “Bilirsiniz ki, Avropa qərb ölkələrindən bu yanaşmalar gəlir. Hesab edirəm, heç də uğurlu bir fəaliyyət deyil və heç bir mənası da yoxdur. Əksinə insanlar arasında münasibətləri korlayır, konfliktlər yaradır, anlaşılmazlıq yaranır, insanların əsəblərinə təsir edir.

Həssas insanlar var, insanları tanımadan, onların emosional psixoloji durumunu bilmədən bu şəkildə onlara qarşı prank fəaliyyət tətbiq etmək heç də etik, əxlaqi hərəkət deyil. İnsanları rahatsız etmək nə dərəcədə düzgündür?! Ümumiyyətlə, buna nə dərəcədə lüzum var?! Bu prankların tətbiqinə nə dərəcədə lüzum var?! Hesab edirəm ki, bu hətta hüquqazidd bir davranışdır. Nəinki əxlaqa zidd, hüquqa zidd davranışdır və bu hüquqi məsuliyyət yaratmalıdır. Niyə görə insanlar üçün diskomfort yaradılmalıdır bu pranklar vasitəsilə?! Niyə saxta zənglə və yaxud da saxta zarafatlar, adekvat olmayan zarafatlar, şuluq hərəkətlər, bu dəcəllik fəaliyyətlər niyə olmalıdır?! Bəlkə bir insan onu xoşlamır. Onun psixoloji ovqatı, əhval-ruhiyyəsi o deyil. Niyə insanları rahatsız etməlidirlər ki?! Güman edirəm ki, belə tərzlər, belə yanaşmalar uyğun deyil və heç bir faydası yoxdur. Əksinə insanların əhval-ruhiyyəsini bir qədər də pozur, əsəb gərginliyi, insanlarda diskomfort yaradır və emosional tarazlığını pozur. Belə davranışlara qarşı həm ictimai, həm də hüquqi müstəvidə mübarizə aparmaq lazımdır və belə fəaliyyətin mövcudluğuna heç bir lüzum yoxdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə