“Azərbaycan-İran münasibətləri davamlı olacaq” - ŞƏRH EDİLDİ

“Azərbaycan-İran münasibətləri davamlı olacaq” - ŞƏRH EDİLDİ

“Azərbaycanla İran arasındakı münasibətlərdə olan problemlər aradan qalxıb. Xüsusilə Azərbaycan səfirliyinə İranda baş tutan hücumdan sonra İran tərəfi ilə müəyyən soyuqluq yaranmışdı. Amma artıq hər iki ölkə problemli məsələləri arxada qoyub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, Azərbaycanın səfirliyi isə Tehranda yeni bir ərazidə fəaliyyətə başlayacaq: “Eyni zamanda keçdiyimiz günlərdə Azərbaycanla İran dövlət rəhbərlərinin sərhəddəki görüşü, Araz və "Qız qalası hidroqovşaq"larının təməlinin qoyulması, həmçinin gələcəkdə bu hidroqovşaqların sərhəd ərazidəki hər iki ölkə əhalisi üçün iqtisadi, aqrar mənada böyük əhəmiyyət daşıması faktoru var. Həmçinin Azərbaycan və İran rəhbərlərinin sərhəddəki görüşdə verdiyi açıqlamalar iki ölkə arasında münasibətlərdə dostluq, qonşuluq və mehriban münasibətlərin bundan sonra da davam etməsinin zəruriliyini bir daha ortaya qoymuş oldu.

Azərbaycan Ağbənddə layihə həyata keçirir və burada həyata keçirilən lojistika-kommunikasiya layihəsi bütövlükdə şimal-cənub, şərq-qərb dəhlizi baxımından da vacib əhəmiyyətə malikdir. Hesab edirəm ki, Azərbaycan tərəfindən irəli sürülən “3+3” platformasına da İranın maraq göstərməsi Azərbaycan-İran münasibətlərinin bu konteksdə bundan sonra da davamlı olacağını söyləməyimizə imkan verir.

Bütövlükdə iki ölkənin münasibətləri bütün region üçün müstəsna əhəmiyyətə malikdir və bundan həm Azərbaycan, həm İran, həm də regionun digər ölkələrinin də faydalanması artıq görünən məsələdir. Bu baxımdan da hesab edirəm ki, iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələ başlayır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə