ADNSU-da ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel faciəsinin 15-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Ali təhsil müəssisəsindən SİA-ya verilən məlumata görə, universitetin həyətində faciə nəticəsində həyatını itirənlərin xatirəsinə ağac əkilib.

Ağacın önündə quraşdırılımış lövhədə QR kod vasitəsilə ADSNU-nun vebsaytına giriş edib 30 aprel qətliamı zamanı həyatını itirənlər və zərərçəkənlər haqqında ətraflı məlumat almaq mümkündür.

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov çıxış edərək 30 aprel qətliamından danışıb. O bildirib ki, universitetin çox dəyərli müəllim və tələbələrinin həyatına son qoyulduğu bu hadisə təkcə ADNA (ADNSU) tələbələrinə və əməkdaşlarına qarşı yox, Azərbaycan təhsilinə, insanlığa qarşı törədilmiş qətliam idi.

V.Əskərov qeyd edib ki, artıq 15-ci ildir hər il aprelin 30-da universitetdə anım tədbiri keçirilir, faciə zamanı həyatını itirənlərin ailə üzvlərinin və yaxınlarının da iştirakı ilə onların xatirəsi yad olunur, bu hər zaman da belə olacaq.

Sonra hadisə şahidi və zərərçəkmiş, ADNSU-nun “Sənaye maşınları” kafedrasının dosenti Zemfira Hüseynli, faciə zamanı həyatını itirən universitetin əməkdaşı Şəfa Məmmədovanın valideyni Xuraman Məmmədova, həlak olmuş tələbələrin valideynləri və faciənin şahidi olan universitet əməkdaşları çıxış edərək həmin qanlı gün haqqında təəssüratlarını bölüşüblər. Faciə qurbanlarının yaxınları onların həlak olmuş əzizlərinin xatirəsinin daim anıldığına görə ADNSU-nun rəhbərliyinə, müəllim və tələbə heyətinə təşəkkürlərini bildiriblər.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə