Ekvador 5 əyalətdə fövqəladə vəziyyət elan edib

Ekvadorun beş əyalətində cinayətkarlıqla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. SİA “El Telégrafo” dövlət qəzetinə istinadən xəbər verir ki, bu barədə Ekvador Prezidenti Daniel Noboa fərman imzalayıb. “Davam edən daxili silahlı münaqişə ilə əlaqədar El-Oro, Quayas, Los-Rios, Manabi və Santa-Elena əyalətlərində fövqəladə vəziyyət elan edilsin”, – fərmanda qeyd olunub.

Sənəddə diqqətə çatdırılıb ki, ölkənin sözügedən regionlarında “hücumların intensivləşməsi müşahidə olunur ki, bu da silahlı qruplaşmalara qarşı taktiki xüsusi əməliyyatların keçirilməsini zəruri edir”.

Fövqəladə vəziyyət 60 gün müddətinə tətbiq edilir. Fərmanın mətninə əsasən, bu müddət ərzində beş əyalətdə mənzil toxunulmazlığı hüququ müvəqqəti olaraq dayandırılacaq ki, bu da polis və hərbçilərə məsuliyyətdən yayınan şəxslərin aşkar edilməsi məqsədilə axtarışlar aparmağa imkan verəcək.

Xatırladaq ki, daha əvvəl Noboa narkotik kartelinin lideri Adolfo “Fito” Masiasın yanvarın 8-dəki qaçışından sonra həbsxanalarda asayişi bərpa etmək üçün 60 günlük fövqəladə vəziyyət elan etmişdi. Fövqəladə vəziyyət elan ediləndən bəri silahlı iğtişaşlarda iştirakda şübhəli bilinən 10 mindən çox şəxs saxlanılıb. Qeyd edək ki, Ekvadorda son illərdə cinayətlərin sayı kəskin artıb. 2023-cü ilin iyulunda iqtidar eyni gündə baş vermiş bir neçə üsyan səbəbindən ölkədəki bütün həbsxanalarda 60 gün müddətinə fövqəladə vəziyyət elan edib. Avqustun 10-da prezidentliyə namizəd Fernando Vilyavisensionun öldürülməsi ilə əlaqədar respublikada ümumi fövqəladə vəziyyət elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə