Ölkəmizdə gender siyasətinə xüsusi önəm verilir - TƏHLİL

Gender siyasətinin əsasını ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyi təşkil edir. Dövlətin məqsədyönlü gender siyasətinin tərkib hissəsi isə hər iki cinsdən olanların istər dini, istərsə də ümumbəşəri insan haqları baxımından hüquqlarının, haqlarının qorunması, möhkəmləndirilməsi və eləcə də istifadə etməsi imkanlarından ibarətdir. Cəsarətlə deyə bilərik ki, ölkəmizdə gender siyasəti uğurla həyata keçirilir, çünki Azərbaycanda hər iki cinsdən olanların hüquqlarının qorunması təmin edilir və bu da o deməkdir ki, hər iki cinsin öz hüquqlarından istifadə etmələri üçün bütün imkanlar yaradılır.

Gender bərabərliyi Dünada ən aktual məsələlərdən biri hesab olunur. Qadın və kişilər arasında bərabərlik məsələləri hər zaman dünyanın diqqət mərkəzində olub. Gender məsələlərinə hər zaman qlobal səviyyədə nəzarət var. Bir sözlə, gender məsələsi dünyada ən həssas məsələlərdəndir. Elə məhz bu baxımdan da dünyanın ən inkişaf etmiş ölkələrinin belə gender siyasətini ən aktual məsələ olaraq gündəmdə saxlaması heç də təsadüfi deyil. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gender siyasəti uğurla davam etdirilir. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gender siyasətinin yüksək səviyyədə aparıldığının bütün dünya şahididir. Əbəs yerə deyil ki, gender məsələləri ilə bağlı ölkəmizin adı bir dəfə də olsun neqativ formada işlədilməyib və hətta Azərbaycan məhz gender məsələlərinə görə nümunəvi olkə hesab olunmaqdadır. Çünki ölkəmizdə bunun üçün hüquqi baza mövcuddur və cəmiyyətin bütün sahələrində kişilər və qadınlar arasında bərabərlik təmin olunub.

Sözsüz ki, hüquqi bazanın olması olduqca vacibdir və hər iki cinsin hüquqlarının təminatı üçün əvəzsizdir. Daha doğrusu, hər iki cinsin hüquqları məhz hüquqi baza ilə təmin olunur. Amma hüquqi bazanın olması özü belə hələ heç də hər şey demək deyil. Əvvəla ona görə ki, bərabərliyin təmin olunmasının ancaq qanunvericiliklə, hüquqi baza ilə reallaşdırılması mümkün deyil. Çünki bütün hallarda bu məsələnin, gender məsələlərinin, xüsusən də hər iki cins arasında mübahisənin qanun müstəvisinə daşına bilinmədiyi bəllidir. Yəni, inzibati tədbirlərin heç də bərabərliyin təmin edilməsi, qorunması üçün kifayət etmədiyi aydın məsələdir. Cəmiyyətin, insan cəmiyyətinin özünün gender bərabərliyinin təminatçısı olmaqda maraqlı olması gərəkir. Hər bir cəmiyyət öz fərdlərinin hüquqlarının qorunmasında maraqlı olmalı, xüsusən də gender məsələlərinə həssas yanaşmalıdır. İnsanlar özləri bərabərliyin təminatçısı olmaq üçün çalışmalıdırlar. Çünki hər bir insanın yaxınları, əzizləri arasında hər iki cinsin nümayəndələri var və onların hər birinin hüququnun müdafiəsi haqqında düşünməmək belə olmur. İnsanlar bərabərlik məsələsini hər zaman diqqətdə saxlamalı, qorumalı və bu anlayışından, gender bərabərliyi anlayışından qətiyyət çəkinməməli, qorxmamalı, heç ehtiyatlanmamalıdırlar. Çünki gender bərabərliyi nə kişinin qadının yerini tutması, nə də qadının kişinin yerinə keçməsi demək deyil.

Gender bərabərliyi məsələləri bütün dünyada hələ son dövrlərdə diqqət mərkəzinə alındığı halda, müsəlman dünyasında, şərqdə, islam dini inanclı insanların çoxluq təşkil etdiyi ölkələrdə, xüsusən də Azərbaycanda hələ qədim dövrlərdən belə zərif cinsin hüquqlarının müdafiəsi, bərabərliyin qorunub saxlanması ön planda olub. İslam əxlaqı qadınlara qarşı, ümumiyyətlə, kimə qarşı tətbiq edilməsindən asılı olmayaraq şiddətin əleyhinə çıxış edib və etməkdədir. Haqların, hüquqların pozulması həqiqi müsəlmanlar tərəfindən qəbul edilməyib. Bir zamanlar qız övladlarından imtina edildiyi, onlar doğularkən tələf edildiyi zamanlarda məhz ilk olaraq, İslam dini buna qarşı çıxmağa başladığını da yaxşı bilirik. İslam dininin ailədə qadınlara verdiyi hüquqları da bütün dünya ictimaiyyəti bilir və bu hüquqların müdafiəsinə necə həssas yanaşıldığı da sirr deyil. Bununla yanaşı xalqımıza məxsus mental dəyərlər fonunda qadının ana olaraq, müqəddəs hesab edilməsi də tarixi faktlarda öz təsdiqini tapmaqdadır. Öğuz tayfalarının qadınları necə müdafiə etdikləri barədə dastanlarda, salnamələrdə rast gəldiyimiz faktlar belə deyilənləri bir daha təsdiq edir.

Azərbaycan qadınının bir zamanlar seçmək və seçilmək hüququ olduğu halda, indi dünyanın ən inkişaf etmiş ölkələrindən olan ABŞ, Fransa kimi ölkələrdə qadınlara belə hüquqlar hələ verilməmişdi. Amerikada bu hüquqlar qadınlara bizdən düz 20 il sonra verildi. Hələ ötən əsrin əvvəllərində Azərbaycan qadınına verilən hüquqlar, onların cəmiyyətdə tutduqları mövqe, ictimai həyatın bir çox sahələrində kişilərlə bərabər olmaları bizdə gender bərabərliyinin lap əvvəldən olduğunu təsdiq edir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra isə qadınlarımızın cəmiyyətdə rolunun tamamilə artdığının şahidi olduq. Məhz müstəqilliyini yenidən bərpa edən Azərbaycanda qadınlara həyatın bütün sahələrində çalışmaları üçün dövlətimizin yaratdığı imkanlar göz önündədir. İndi Azərbaycan qadını dövlət orqanlarında, güc strukturlarında, Milli Məclisdə və başqa dövlət əhəmiyyətli yerlərdə çalışırlar və öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilirlər. Hazırda pedaqoji fəaliyyətlə məşğul olan qadınlarımızın sayı daha çoxdur. Ölkəmizin orta və ali təhsil ocaqlarında dərs deyən qadınlarımız var və onlar arasında yüksək ali dərəcə sahibləri də az deyil. Təkcə dövlət orqanlarında deyil, özəl sektorda da qadınlarımız özlərini layiqincə sübut edə biliblər. Bu gün ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə, bizneslə məşğul olan, kifayət qədər uğur qazanan qadınlarımız da var. İdmançı qadınlarımızın olduğunu da unutmaq lazım deyil və bu gün ölkəmizin idman şərəfini ölkə hüdudlarından kənarda qoruyan, bayrağımızı ucalara qaldıran qadınlarımızla da qürur duyuruq. Bir sözlə, həyatın bütün sahələrində qadınların iştirakının şahidiyik və sözsüz ki, onların belə fəal iştirakı üçün dövlətimz tərəfindən xüsusi şərait və imkanlar yaradılıb. Bütün bunlar da əlbəttə ki, ölkəmizdə gender siyasətinə xüsusi önəm verildiyinin birbaşa sübutu, təsdiqidir.

Müəllif: İnam Hacıyev

6.3.18. “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə