“Televiziyada söhbət bizim məişətimizin pozulmasından getmir. Televiziyalarda, ucuz şou proqramlarda Azərbaycanın adət-ənənəsini, ailə dəyərlərini aşağı salan və məhv edən şou proqramdan gedir. Bu şou proqramlarda insanların şəxsi həyatını önə çəkməklə, ictimailəşdirməklə, onu fağır, yetim, yazıq görkəmdə verməklə reytinq qazanırlar. Əslinə qalsa bu heç doğru deyil. Bir neçə aspektdən doğru deyil. Ona görə ki, hər hansı bir fərd ictimai bir şəxs deyilsə, adi bir insandırsa onun problemini ictimailəşdirmək o qədər də vacib deyil və lazım da deyil. Qanunla da bu olmaz. Yəni, hər hansı bir şəxs ictimai fiqurdursa, ictimai əhəmiyyət daşıyan şəxsdirsə təbii ki onun bu və ya digər məsələlərlə bağlı, hətta ailədaxili olsa da müəyyən mənada xəbər formasına salıb cəmiyyətə çatdırmaq olar”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Yadigar Məmmədli deyib.

Yadigar Məmmədli sözlərinə belə davam edib: “Amma bu şou proqramlar əslində bütün hədləri aşıblar, qırmızı xətti çoxdan keçiblər. Orada hər dəfə həm insanları alçaltmaqla, həyat tərzini çılpaqlığı ilə göstərməklə, həm də oradakı o epizodlarda bizə dədə-babalarımızdan miras qalan ailə modeli, əxlaq adət-ənənələri yerlə-yeksan etməklə məşğuldurlar. Buna qarşı çıxmaq lazımdır və təbii ki bu kimi məsələlər müzakirə olunmalıdır. Söhbət təkcə həmin telekanalların rəhbərləri ilə görüş bitməz. Telekanallarda, daha çox özəl kanallarda bunlar geniş yer alır. Özəl kanallarda bildirilir ki, biznes strukturudur, bu qədər pul gətirilməlidir, ona görə də reytinq olmalıdır, reklam gətirməlidir. Amma bu qəbul oluna bilməz. Televiziyaların cəmiyyəti maarifləndirmə missiyası da var.
Camaatın məlumatlandırılması, ümumiyyətlə bu məsələlərdə düzgün bilgi alınması çox önəmlidir. Ona görə də məhz televiziya rəhbərləri yox, daha geniş formatda müzakirə olunmalı, dəyirmi masalar təşkil edilməlidir. Məsələn, mən düşünürəm ki, televiziya ilə bağlı şura var. Orada bu məsələ onların diqqətinə çatdırılmalıdır. Onların özlərinin monitorinq qrupları var. Niyə bu məsələləri araşdırmırlar, ictimailəşdirmirlər, onlarla bağlı ölçü götürmürlər?! Eyni zamanda bu Audiovizual Şuranın üzərinə getmək lazımdır ki, bu məsələlər daha diqqətə alınsın, monitorinqdə çox ciddi müzakirə olunsun və ictimaiyyətə çatdırılsın. Lazım gəldikdə vizual şuranın həm də belə bir səlahiyyəti var ki, televiziya rəhbərliyinə qarşı hər hansı sanksiyalar, cərimələr tətbiq edə bilərlər. Bütün qırmızı xətləri çoxdan keçən həmin şou proqramlarının fəaliyyəti ilə bağlı müəyyən məhdudiyyətlərlə bağlı cərimələr də edilsin”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB