Ruslar kütləvi şəkildə Türkiyədən qaçırlar...

Ruslar kütləvi şəkildə Türkiyədən qaçırlar...

...Ukraynadakı münaqişədən sonra Türkiyəyə gedən ruslar yaşayış icazəsi və banklarla bağlı problemlər fonunda kütləvi şəkildə başqa ölkələrə köçürlər.

SİA “Reuters”a istinadən yazır ki, son bir il ərzində on minlərlə Rusiya vətəndaşı Türkiyəni tərk edib.

Belə ki, may ayına qədər Türkiyədə yaşamaq icazəsi olan rusların sayı 96 min nəfərə qədər azalıb. Halbuki, 2022-ci ilin sonunda bu göstərici 154 min nəfər idi.

Bu arada bir neçə rusiyalı agentliyə 2023-cü ilin əvvəlində yaşamaq icazəsi almaqda yaranan çətinliklərə görə Türkiyəni tərk etməli olduqlarını bildiriblər.

Qeyd edək ki, müharibə nəticəsində yaranan miqrant axını daşınmaz əmlak qiymətlərinin kəskin artmasına səbəb olub. Və ev sahibləri mənzillərini daha yüksək qiymətə kirayə vermək üçün səlahiyyətlilər müraciətlərin yoxlanılmasını gücləndiriblər.

Nəticədə Antalyanın 10 rayonu əcnəbilərin üzünə bağlanıb. Bundan əlavə, yaşayış icazəsinə zəmanət vermək üçün daşınmaz əmlakın minimum dəyəri kiçik şəhərlərdə əvvəlki 50 min dollar əvəzinə 200 min dollara, böyük şəhərlərdə isə 75 min dollara yüksəlib.

Rusiya vətəndaşlarının Türkiyədən qaçmasının digər səbəbi isə bank əməliyyatlarının aparılmasında yaranan çətinliklərdir.

Belə ki, 2024-cü ilin əvvəlindən ölkənin ən böyük banklarından biri olan DenizBank ruslar üçün hesab açmağı praktiki olaraq dayandırıb. İstisnalar yalnız 100 ABŞ dolları məbləğində böyük əmanəti olan müştərilər üçün edilir.

...Bundan əlavə, rusların kütləvi şəkildə köçməsi ölkədəki qiymətlərin kəskin artması ilə bağlıdır.

Deyilənlərə görə, ötən ay respublikada inflyasiya 70 faizə çatıb.

2022-ci ildə səfərbərlik elan edildikdən sonra Sankt-Peterburqdan İstanbula qaçan 46 yaşlı İT sektoru işçisi Dmitri “Türkiyədə gələcəyinizi proqnozlaşdırmaq mümkün deyil”-deyə bildirib.

Yeri gəlmişkən, bu gün Türkiyədən qaçan rusların əksəriyyəti yaşamağa Serbiya və Monteneqroya gedirlər. Bəziləri isə Latın Amerikası ölkələrini - Argentina və Braziliyanı seçir.

Bu arada Türkiyə Ticarət Palatasının bülletenindən belə çıxır ki, Rusiya kapitalının iştirakı ilə yaradılan şirkətlərin sayı 2022-ci ildəki 140-dan 2023-cü ildə 68-ə enib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə