Parisin sərxoş ittihamları - RAKURS

Parisin sərxoş ittihamları - RAKURS

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan və “Avropanın lider dövləti” tituluna sahiblənməyi qarşısına strateji məqsəd kimi qoyan Fransa hələ də müstəmləkəçilik azarından qurtula bilmir. Tarix boyu dünyanın zəif dövlətlərini, xalqlarını əzmək, zülüm etmək, soyqırımına məruz qoymaq Fransanın ən çox sevdiyi siyasət olub. Tarixi vərəqləyək, Parisin Afrikada, uzak Sakit Okean adalarında, Amerika materikində, Yaxın Şərqdə, bir sıra Asiya ölkələrində törətdiklərinə yenidən baxaq.

Fransa Afrikanın qərbi və cənubunu öz hakimiyyətləri altında birləşdirmişdi. Əsas məqsəd isə zənci qəbilələrini bir-birindən ayrı salmaq, bu yolla onları bir-biri ilə danışa bilməyəcək vəziyyətə gətirmək idi. Fransızlar həmçinin missionerlik fəaliyyəti ilə məşğul olaraq xristianlığın qəbul etdirilməsinə çalışmışdılar. Hal-hazırda bir çox Qərbi Afrika ölkəsinin dövlət dilinin fransızca olması da bu siyasətin əyani sübutudur.

Birinci Fransa müstəmləkə imperiyası (yaşıl) və İkinci Fransa müstəmləkə imperiyası (tünd mavi)

Fransız müstəmləkə imperiyası XIX və XX əsrdə Britaniya İmperiyasından sonra dünyanın ikinci böyük müstəmləkə imperiyası olub. Müstəmləkə imperiyasının sahəsi Fransa ilə birlikdə 1900 ilə 1930-cu illər arasında 24.000.000 km²-ə çatıb. Bu böyüklük dünyadakı torpaqların sahəsinin 17.8%-inə bərabərdir. Amerikadakı Fransız müstəmləkələrinin ən vacibi şübhəsiz olaraq Kanadadır. Kanadaya ilk ayaq basan fransızlardan sonra Kanadaya ingilislər çıxmış və oranı işğal ediblər. Kanada 1756-1763-cü illəri əhatə etmiş olan “Yeddiillik müharibə”dən sonra Fransadan İngiltərəyə keçib. Ancaq bölgəyə gətirilmiş fransızların dillərini unutmamalarına görə bugünkü Kanada iki dilli qalıb.

Fransanın bundan başqa Karib dənizi sahillərində də müstəmləkələri vardı. Haiti və Fransa Qvianası da Fransız müstəmləkəsidir. Bu gün Guadeloupe və Martinique hələ də Fransaya aiddir. Fransızların Şərqi Afrikadakı yeganə müstəmləkəsi isə Cibutidir. Bu dövlətin rəsmi dillərindən biri fransız, digəri isə ərəbcədir. Məğrib bölgəsindəki Əlcəzair, Mərakeş və Tunisdə hələ də fransız dili öz önəmini saxlayır. Əlcəzairdə fransız dilində qəzetlər nəşr edilir.

Hind okeanında Madaqaskar adası da Fransanın müstəmləkəsi olub. Bundan başqa Komor (Qəmər) adaları qrupu da müstəmləkə olub. Bu gün Komor adalarından biri hələ də Fransaya aiddir.

Orta Şərqdə Osmanlı imperiyasından ayrılmış Suriya və Livan Fransanın müstəmləkəsi altına keçən dövlətlərdəndir. Fransa daha sonra Qaziantep, Qəhrəmanmaraş, Şanlıurfa, Hatay, Adana (hətta Sevr müqaviləsiylə Tokat, Malatya, Sivas) kimi Türk şəhərlərinə qədər irəliləməyi bacarmışdırlarsa da, sonradan Türkiyə İstiqlaliyyət müharibəsi dövründə geriyə çəkilməyə məcbur ediliblər. Bir müddət Hatayı əlində saxlayan Fransa, onun müstəqil olmasına göz yumub. Daha sonra Hatay Türkiyənin tərkibinə daxil edilərək Fransanın müstəmləkəsi olmaq təhlükəsindən xilas olub. Suriya və Livan isə daha bir müddət ərzində müstəmləkə olublar, lakin sonra müstəqillik əldə etməyi bacarıblar.

Parisin hədəf(lər)indəkilər...

Sovet hakimiyətinin süqutundan sonra onun yerində yaranan 15 müstəqil dövlətə nəzarət uğrunda ölüm-dirim savaşına qalxan iri dövlətlər arasında Fransa ilk yerlərdə idi. Ermənistanın Azərbaycana ərazi iddiasının arxasında da rəsmi Parisin dayandığına dair sübutlar kifayət qədərdir. İşğalçı ilə işğala məruz qalanı eyniləşdirən də, BMT Təhlükəsizlik Şurasında 4 dişsiz qətnamənin qəbulunda, ATƏT-in Minsk qrupunun və həmsədrlik institutunun yaradılmasında təşəbbüskar da Fransa idi. Məqsəd Ermənistanın təcavüzünü, Qarabağın işğalını legitimləşdirmək və bunun üzərindən Cənubi Qafqaza yerləşmək, regional layihələrə nəzarət idi. Fransa öz məqsədinə çatmaq üçün bütün beynəlxalq qanunları çeynəməkdən də çəkinmədi, Ermənistanın təcavüz siyasətinin arxasında durdu, regionun inkişafını düz 30 il ləngitdi. Ermənistanın bütün layihələrdən kənarda qalmasına səbəbkar da, qonşu dövlətlərə rəsmi İrəvanın ərazi iddiası ilə çıxış etməsinə həvəsləndirən də Fransa olub. Amma ermənilər ən böyük düşmənlərinin elə Paris olduğunu anlamaqda hələ də zorluq çəkirlər.

Azərbaycan erməni separatizmini hərtərəfli dəstəkləyən Fransanın əsl niyyətini ifşa edəndən sonra Parisin atdığı addımlar əslində bu ölkənin iç üzünü bütün dünyaya açıb göstərdi. Bəlkə də dünyanın əksər qütbündə, ölkəsində Yeni Kaledoniyanın hansı qitədə-materikdə olduğunu, kanak adlı xalqın olub olmadığını az adam bilirdi. Uzun illər Fransa müstəmləkəsi altında inildəyən Yeni Kaledoniyanın – ada dövlətin, burada yaşayan xalqların problemləri Parisin apardığı əzici siyasət nəticəsində gözdən uzaq tutulub, kanakların səsi dünya birliyinə çatmayıb. Periodik olaraq başlanan azadlıq hərəkatlarında basqılara məruz qalan Yeni Kaledoniya xalqları Azərbaycanın timsalında özlərinə mənəvi dayaq tapana qədər zülmə tabe olublar. Qoşulmama Hərəkatına Azərbaycanın rəhbərlik etməsi zamanı Bakı Təşəbbüs Qrupu yaradılıb və Fransanın son koloniyalarında azadlıq mübarizəsi aparan xalqlar bu qrupda təmsil olunublar. Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat Yeni Kaledoniyada baş verənlərlə bağlı birgə bəyanat da yayıb. Fransa isə beynəlxalq diqqəti özünün işğalçı siyasətindən, insan haqlarını tapdamasından yayındırmaq üçün Azərbaycanın adını hallandırır.

Viginum nə yazır?

Fransanın Xarici rəqəmsal müdaxilələrdən müdafiə üzrə dövlət xidməti - Viginum Azərbaycanla mübarizə aparmaq üçün yeni siyasətin simptomlarını oxucuların diqqətinə çatdırıb. Guya Azərbaycan sosial şəbəkələrdə Yeni Kaledoniyadakı iğtişaşlar fonunda Fransanı hədəf alan qaralama kampaniyası aparır. Viginum aprelin 17-də yaydığı hesabatda iddia edir ki, “Azərbaycan mənşəli hesabların son günlərdə X və Facebook platformalarında Fransa polisini Yeni Kaledoniyada etirazçılara atəş açmaqda ittiham edən "aşkar qeyri-dəqiq və ya aldadıcı məzmunun kütləvi və koordinasiyalı şəkildə" yaymasını “aşkarlayıb”. Hesabatda təkcə mayın 15-də X plaftormasında 1686 istifadəçinin Fransanı hədəfə alan saxta məlumatlar paylaşdığını, onlardan ən az 86-sının öz hesablarında Azərbaycanın hakim partiyası - Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduqlarını qeyd etmələrinə diqqət çəkilir. Mayın 16-da isə X platformasında oxşar paylaşımlar edən 301 istifadəçinin ən azı 112-sinin bioqrafiyasında YAP və Azərbaycandan olduqlarını qeyd etdikləri bildirilir.

Viginum iddia edib ki, guya foto və videomontajlardan ibarət saxta məlumatları ilk yayan istifadəçilərdən biri - İslam Bafadarov adlı şəxs YAP-da məsləhətçi işlədiyini vurğulayıb. Hesabatda həmçinin kampaniyada iştirak edən istifadəçilərin bir hissənin siyahısı, yayılmış saxta məlumatlara dair “nümunələr” verilib. Xatırladaq ki, ötən həftə Fransanın daxili işlər naziri Azərbaycanı Fransanın Sakit okeandakı xüsusi inzibati-ərazi vahidi, həftə ərzində iğtişaşların baş verdiyi Yeni Kaledoniyanın daxili siyasətinə qarışmaqda ittiham edib. Təbii ki, rəsmi Bakı ittihamları rədd edib. Azərbaycanın Xarici İşlər Nazirliyi dərhal bəyanat yayıb və fransalı nazirin “əsassız fikirləri”ni tamamilə rədd etdiyini vurğulayıb. Fransa baş verənlərə görə Azərbaycanı ittiham etsə də, Yeni Kaledoniyada yaşananlar Makron hakimiyyətinin yanlış siyasətindən xəbəb verir. Etirazların kökündə də Makronun “islahat” adı altında atdığı addımlar dayanır.

Bəli, Azərbaycan Yeni Kaledoniyaya dəstək verir və bu sirr deyil. Bu ada dövlətində yaşayan xalqlar Fransanın müstəmləkə boyunduruğundan xilas olmağa can atırlar. Onları Fransanın Qarabağda dəstəklədiyi erməni separatçıları ilə eyniləşdirmək olmaz. Necə deyərlər, “cin ayrı, şeytan ayrı”. Əgər Qarabağda yaradılmış separatçı qurumun legitim olması barədə beynəlxalq qanunlarda bir cümlə var idisə, onda Fransa niyə öz ərazisində yaşayan 600 minlik erməniyə heç olmasa muxtariyyət, yaxud özünüidarə forması vermədi? Deməli, Azərbaycanda olar, Fransada yox?

Fransa dünyanın müxtəlif qitələrində olan koloniya-dövlətlərini əldən vermək istəmir. Bilir ki, əgər adalardan çəkilsə, onun yerini digər dövlətlər tutacaq. Amma müstəmləkəçi kimi yox. Fransa Afrikadakı mövqelərini itirir, onun yerini Çin, Türkiyə və Rusiya tutur. Amma necə? Çin iqtisadi, Türkiyə sosial-iqtisadi, Rusiya digər məqsədlərlə “qara qitə”dəki “boşluğu” doldururlar. Fransanı aqressivləşdirən də budur. Rəsmi Parisin Cənubi Qafqaza yerləşməsinə Azərbaycanın yaratdığı maneələr isə Makronu daha da çılğınlaşdırır. Əslində, Azərbaycanın Fransa ilə əlaqəli etdiyi hərəkətlər daha çox reaksiya xarakteri daşıyır.

Son zamanlar Fransada baş verənlər, ölkədə artan xaos prezident Emmanuel Makronun artıq diktatorlara xas olan xüsusiyyətlərini açıq göstərir. Makronun siyasətində türkofobiya, azərbaycanofobiya və islamofobiya açıq görünür. Fransa rəhbəri 44 günlük müharibədən sonrakı dövrdə öz çirkin məqsədlərinə nail ola bilmədiyi üçün sarsıntı keçirir. Makron etiraf edir ki, sülh danışıqlarında Azərbaycana təzyiq göstərməyə çalışsa da buna gücü çatmayıb. Makron Azərbaycan Prezidenti qarşısında aciz olduğunu etiraf edib.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə