“The Washington Post” - media, yoxsa siyasi rupor

Vəli VƏLİYEV

Azərbaycan torpaqları işğal altında olarkən dostlardan biri demişdi ki, “yaxşı ki, Ermənistanın torpaqlarını işğal etməmişik, yoxsa günümüzü göy əskiyə çevirərdilər”. Söhbət erməniləri işğala ruhlandıran, onlara qahmar çıxan, dünya ölkələrinin tənəsindən qoruyan ABŞ-ın “babalıq” etdiyi Qərb düşərgəsindən gedir. Bəli, torpaqlarımız işğal edilmişdi, beynəlxalq hüquqa qarşı ermənilər tərəfindən böyük sayqısızlıq var idi, amma kimsəni, heç bir dövləti bu faktlar, bu rəzalət qətiyyən narahat etmirdi. Dünyanın məhşur, həşəmətli media qurumları isə susmağa üstünlük verirdilər. Söz azadlığında dəm vurudular, azad mətbuat olduqlarını hər addımda gözümüzə soxmağa çalışırdırlar. Və Azərbaycan mətbuatını da onlardan nümunə götürməyə çağırırdılar. Ermənistanın torpaqlarımızda çıxardıqları pəstahaları isə görməzdən gəlirdilər, soruşanda isə “siyasətə qarışmırıq” deyib, söhbətdən yayınırdılar.

Hələ qəzetdə baş redaktor olduğum vaxtlarda BBC-nin “master klass” təlimlərində iştirak etmək fürsətim olmuşdu. Bizi tərəfsizliyə alışdırırdılar. Yəni media bir materialı hazırlayanda tam bitərəf qalmalı, kimsənin mövqeyinə, fikirlərinə şərik olduğunu büruzə verməməlidir. Qərb mediasının da fəaliyyətində bu kriteriyaların üstün olması barədə soruşanda “bəli” dedilər, amma faktları ortaya qoyanda “təlimçi” bir anlıq duruxdu və sonra özünü toparlayıb mətləbə dəxli olmayan məsələlərdən danışdı. İraqda müharibənin başlanmasında məhz Qərb mətbuatının başlıca rol oynadığını dəlillərlə, faktlarla “teacher”in diqqətinə çatdıranda isə təlimə fasilə verməli oldu...

Bəli, qərblilər belədirlər, ittiham etməyə, dərs verməyə öyrəniblər, dərs almaq, örnək götürmək isə ağıllarının ucundan da keçmir. ABŞ-da işıq üzü görən və üzünə-astarına qədər siyasi qəzet sayılan “The Washington Post” rəsmi olaraq Demokratlar Partiyasının media ruporudur. Doğru eşitdiniz, partiyanın ruporudur, təmsil etdiyi partiyaya alternativ olanların atalarına od vurmaqla, onları aşağılamaqla, siyasi fəaliyyətini ləkələməklə və ümumiyyətlə siyasi mübarizə aparmaqla məşğuldur. Hədəfləri həm də ölkə xaricində də ola bilər. Bu hədəflər sırasında Azərbaycanın da adı çəkilir. Düz 5 dəfə bu qəzetdə Azərbaycana qarşı sifarişli yazılar dərc edilib. Bütün məqalələrin dərcində Amerika Erməniləri Milli Komitəsinin sifarişçi olduğu bəlli olur. Bu baxımdan, “The Washington Post” qəzeti də sponsorlarının tapşırığı ilə müntəzəm əsasda Azərbaycanı hədəfə alır, ölkəmiz haqda mənfi imic formalaşdırır, öz beynəlxalq hüquqla tanınan ərazilərini bərpa etmiş Azərbaycanı militarist ölkə kimi təqdim edir, Qarabağı isə “mübahisəli ərazi” kimi təqdim edirdi. Bu gün isə ABŞ Qarabağı azad edən Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmir və ona qarşı çirkin kampaniyalar təşkil edir. Bu isə bütün Azərbaycan xalqına və dövlətinə qarşı hörmətsizlikdir...

“The Washington Post” qəzetinin qərəzli, sifarişli məqalələri ilə gündəmə gəlməsi yenilik deyil. ABŞ-ın keçmiş prezidenti, qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasından ən şanslı namizəd olan Donald Trampa qarşı mövqeyində də düşmənçilik var. Qəzetin səhifələrində Trampın siyasi və biznes fəaliyyəti tez-tez tənqid edilir, ittihamla dolu məlumatlar dərc edilir.

"The Washington Post" qəzetinin Azərbaycan qarşı apardığı kampaniyalar demək olar ki, müstəqillik əldə etdiyimiz gündən bu günümüzə qədər davam edib. Azərbaycanda keçirilən bütün seçkilərdə qələbə üzünə həsrət qalan müxalif siyasi partiyaların rəhbərləri Amerikaya tərəf boylanıblar, okeanın o tayından ümid gözləyiblər, xalqa yox, “demokratiya bayraqdarları”na üz tutublar. Donosbazlıq ediblər, məğlubiyyətlərini ört-basdır etmək üçün min bir hiylə işlədiblər. Amerikalılar da ələbaxan, ələyatan zümrənin idarə edilməsində çətinliyin yaranmayacağını nəzərə alaraq olunla işbirliyinə gediblər. Prosesdə AXCP sədri Əli Kərimli aktiv iştirak edib, gündəmdə qalmaq üçün istənilən öhdəliyi götürməyə razı olub. Təkcə milli məsələdən başqa, çünki bu adam özünün təmsil olunmadığı hakimiyyətin fəaliyyətini qəbul edə bilməyib. Azərbaycanı ləkələməkdə, dünya birliyində haqlı davamızı gözdən salmaqla özünü qərblilərin yanında “əsl demokrat” imici formalaşdırmağa çalışıb. "The Washington Post" qəzeti də bu fürsəti qaçırmayıb, “tutarlı mənbə” sarıdan heç vaxt qıtlıq yaşamayıb.

Demokratiya carçısı, həqiqəti yazan qəzet gəlin, görək nə vaxtsa obyektivlik nümayiş etdirərək, Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu dərc edibmi, münaqişənin tarixi, kökləri bu qəzetdə araşdırılıbmı? Bir milyondan artıq soydaşımızın öz yurd-yuvalarından didərgin salınaraq ağır vəziyyətdə yaşamaları, dünyanı sarsıdan Xocalı soyqırımı haqqında bu qəzetdə bu vaxta qədər bir informasiya dərc olunubmu? Yox, çünki, bu qəzetin siyasətinə ziddir. "The Washington Post" həqiqəti axtarmaqdan çox maraqlara xidmət etməyi özünün əsas meyarı, həyat fəlsəfəsi hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə