Sosial şəbəkələr: Bizə və gələcəyimizə qənim kəsilən düşmən!

Sosial şəbəkələr... cəmi 20-25 il öncə heç kimin ağlına gəlməzdi ki, bütün cəmiyyət nə vaxtsa vatçap, tik-tok, feysbuk aludəçisi kimi ağır “xəstəliyə” düçar olacaq. Əslində, normal halda sosial şəbəkələr gündəlik iş rejimi, ünsiyyət və əlaqə axımından əsrimizin ən gözəl yeniliyidir. Dünyanın inkişaf etmiş ölkələrində bu sahədən sürətli informasiya üçün, vaxt itirmədən səmərəli ünsiyyətə sahib olmaq üçün, daha çox məlumat əldə etmək və bildiklərini artırmaq üçün istifadə olunur. Amma min təəssüf ki, biz tərəflərdə bu ən təhlükəli, hətta on düşmənə bərabər qorxunc “silah” kimi özümüzə qarşı işlədilir...

Sosial şəbəkələrdən asılılıq və aludəçilik artıq qorxunc şəkil almağa başlayıb. Elə bir aludəçilik ki, bu gün bütün sosial və psixoloji fəlakətlərin ana səbəbi, əsl mənəviyyat “qatili” kimi acı tablo şəklində qarşımızda dayanıb. Kişiliyin, ar-namusun, düzgünlük və insanlığın məhv edildiyi, cinsi azlıqların, fahişə ləçərlərin, xuliqan və psixozların, ərini 3 uşaqla evdə atıb cavan oğlanlara qaçan üz qarası evli “qadınların”, ailə-uşağını atıb “alfonsluq” edən bişərəf “ərlərin” reklam BAZARINA çevrilib sosial şəbəkələr. Bizi özümüzə yadlaşdıran, yenicə gözünü açan azərbaycanlı uşaqları soykökünə ata-baba adətinə düşmən kimi yetişdirən bu sosial şəbəkələr artıq AZƏRBAYCANÇILIQ mənsubiyyətinin də axırına çıxmaq üzrədir. Bəli, heç bir izahsız milli mənəviyyatımız, azərbaycanlı kimliyimiz üçün tam bir işğal faktıdır sosial şəbəkə mifi. Sosial şəbəkələrdə milli kimliyimizin göz görə-görə məhv edilməsi Azərbaycan xalqına qarşı 10 erməni işğalına bərabər bir cinayət dosyesidir. Artıq yeni azərbaycanlı nəsli bu sosial şəbəkələrdə beyinləri məhv edilən informasiyalarla böyüyürlər. Beyinləri “yuyulan”, milli kimliyinə nifrət ruhunda böyüyən gələcək cəmiyyət üzvləri yetişdirilir bu fəlakət ocağında. Hətta hazırkı dövrdə sosial şəbəkə aludəçiliyi narkotika asılılığını çoxdan geridə qoyub...

Diqqət edin: artıq əksər insanlarda sosial şəbəkələrdən asılılıq kütləvi hal alıb. insanlar sanki sosial şəbəkəsiz qala bilmirlər. Gecə yatanda da sosial şəbəkəyə baxıb yatırlar, səhər oyananda da ilk işləri paylaşımlara nəzər yetirmək olur. Elələri də var ki, - hətta belələrinin sayı hər gün min nəfərlərlə çoxalmaqdadır – bütün gecəni səhərə qədər tik-tokda keçirir, elə oradaca yuxulayırlar. Sözsüz ki, bunun səbəbi tanışlıq və “sevgi axtarışı” olmaqla yanaşı, həm də sosial şəbəkələrdə qazanc amilinin çoxalması, insanları daha çox cəlb etmək üçün yaradılan “biznes şəraitidir.” Və ən dəhşətlisi də odur ki, sosial şəbəkələrin şirnikləndirici qazanc toruna yeniyetmələr, hətta azyaşlılar daha çox düşürlər.
Bilərəkdən, “qazanmaq həvəsi” yaradaraq gələcək nəsli sosial şəbəkə tiryəkinə qurban edir, onları əxlaq yoxsulu olanların, cinsi azlıq gədələrin, fahişə və ailə tərbiyəsindən yoxsul olanların qarşısına qurbanlıq yem kimi atırlar. Təəssüf ki, artıq hiss edilmədən bu sosial şəbəkələr gələcəyimizin qəbrini qazmağa başlayıblar belə...
Təəssüf ki, son bir neçə il ərzində sosial şəbəkələr əsl xaotik vəziyyətdədir. Heç bir sərhəd tanımayan məlumat yayımı, dövlət və milli maraqların gözlənilməməsi, ailə həyatından tutmuş ən kritik dövlət və siyasi məsələlərə qədər hər şeyin hədəfə alındığı sosial şəbəkələrdə nəzarət mütləq tənzimlənməlidir. Tənzimləmə mexanizminin olmaması isə olduqca təhlükəlidir. Müharibə zamanı dövlətin məcburən interneti məhdudlaşdırmağa məcbur olması dediklərimiz üçün bariz nümunədir. Sosial şəbəkələr nəzarətsiz poliqona çevrilib və bu proses dayandırılmasa, cəmiyyət olaraq bunun acı nəticələrini uzun illər çəkməli olacağıq.

Digər bir məqama diqqət edin. Artıq yüz illərin azərbaycanlı ailə dəyərləri sosial şəbəkə arsenalında bilərəkdən məhv edilir. Sosial şəbəkələr, artıq Azərbaycanın min illərdən günümüzə çatan ailə dəyərlərinin əsl “qatilinə” çevrilib. Təsəvvür edin ki, sosial şəbəkələrdə ər-arvad arasındakı xəyanətlər biabırçı həddə çatıb. Evli qadınların və kişilərin qarşılıqlı xəyanət və gizli yazışmaları ailə dağılmasını və boşanmaları pik həddinə çatdırıb. Ailələrdəki boşanma səbəbləri arasında ən “dəbdə olanı” sosial şəbəkələrdəki xəyanətlərdir. Bu, bir xalqın milli genefondu üçün olduqca təhlükəli insidentdir. Sosial şəbəkə bu gün bizim milli kimliyimiz üçün min düşmənə bərabərdir. Düşmən bizə silah tuşlayırsa, sosial şəbəkələrdə gələcəyimiz “gülə-gülə” məhv edilir...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə