“Xristian klubu” Qarabağda qan axtarır...

Müharibə bitsə də, görünür, bir çox qüvvələr bu bölgədə sülh və inkişafa qənim kəsiliblər. Onlara yeni qan lazımdır. Onların maraqları üçün axıdılacaq qanlı oyunları işə salırlar... Artıq Qarabağ üzərində yeni qanlı oyunlar üçün düyməyə basılıb belə. Bu düşmənçilik işinə rəhbərliyi Fransa üzərinə götürüb. Açıq-aşkar Qərbdəki qüvvələr bölgədə sülh sazişinin imzalanmasına qarşıdırlar. Hətta bunu ən həyasız şəkildə bəyan etməkdən də çəkinmirlər. Əgər əvvəllər qərb dairələri bunu dolayısı ilə ifadə edirdilərsə, artıq bu murdar niyyətlərini gizlətmirlər də heç.
Xüsusilə, Afrikadan və başqa keçmiş koloniyalardan iti qovan kimi qovulan rəsmi Paris, indi də Nikol Paşinyana “böyük bacılıq” adı ilə Qafqaza soxulmağa, bu bölgədə daimi təxribat oyunçusuna çevrilməyə çalışır. Prezidentliyi dövründə Fransanı itdən də hörmətsiz duruma gətirən, bütün beynəlxalq tədbirlərdə Vladimir Putindən tutmuş ta Afrikadakı qəbilə başçılarına qədər hər kəsdən təhqir və azar eşidən Emmanuel Makron, bu uğursuzluqlarını “kompensasiya” etmək üçün Qafqazda yeni qanlı ssenarini işə salmağa başlayıb. Ermənistana silah-sursat daşınır, qərb siyasi institutlarındakı fransız rəsmilər “zavallı erməni qaçqınlara” dəstək üçün “nə lazımsa edəcəklərini” uca səslə qışqırmağa başlayıblar. E.Makronun bu Azərbaycan düşmənçiliyinə artıq Avropa İttfaqının bütün rəsmiləri də qatılıblar. Xankəndidən deyə-gülə İrəvana üz tutan yerli erməniləri bu E.Makronun israrı ilə “qaçqın statusuna” mindirən, N.Paşinyana 100 milyon dollardan çox vəsait ayıran Avropa İttifaqı qanlı ssenari üçün hazır dayanıb durub. Görün, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Azərbaycana qarşı hansı açıqlamalarla çıxış edir.

C.Borrel Aİ Ermənistanın ərazi bütövlüyü və suverenliyinin pozulmasını qəbuledilməz olduğunu və bunun “ağır nəticələrə” səbəb olacağı haqda Azərbaycana xəbərdarlıq edib. “Biz Ermənistanda həm daxili, həm də xarici sabitliyi pozmağa yönəlmiş istənilən cəhdə qarşı ayıq olmalıyıq. Azərbaycana mesajımız aydındır: Ermənistanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını qəbul etməyəcəyik və bu, “ağır nəticələrə” gətirib çıxaracaq”. Görün bu qoca Borel daha sonra nə deyir: “Avropa Sülf Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsini nəzərdən keçirirlər”.
Bax, məsələnin düyün nöqtəsi buradadır. Sülh Fondu Ermənistana müharibə üçün silah yardımı edəcək. Sülh Fondu və qanlı müharibə üçün silah yardımı!!! Avropalı siyasətçilərin illərdir pərdələməyə çalışdığı əsl yırtıcı sima xoxan kimi ortadadır. Bu qoca C.Borrel gör qanlı planlarını necə də diletant şəkildə “pərdələyir”. Azərbaycan nə zaman Ermənistanın ərazisində hərbi əməliyyatlar keçirəcəyini bəyan edib ki? Rəsmi Bakının sülh çağırışlarına, xüsusilə, iki ölkə arasındakı sülh müqaviləsinin imzalanması üçün elə Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlara gözlərini bağlamaq təkcə C.Borrelə məxsus “istedad” deyil. Bunların hamısı belədir, işlərinə gəlməyəndə “kar və kor” olurlar. Fransanın Qafqazdakı qanlı planlarına Avropa İttifaqının da belə aktiv şəkildə və həyasızcasına qoşulması, həm də Rusiyanın Qafqazdan sıxışdırılması planları ilə bağlıdır. Ukraynadakı qanlı ssenarini Qafqazda təkrarlamaq üçün qollarını çırmalayıblar.
Var gücləri ilə regionda kimin qanının tökülməsindən asılı olmayaraq xaos və müharibələr yaratmağa çalışırlar. Təki hər şey Rusiyanın nəzarətindən çıxsın və xaos olsun. Daha çox “Xristian Klubu” kimi ad çıxaran Aİ zaman-zaman min təəssüf ki, ədalətli və obyektiv olmaq əvəzinə, hətta xristian maraqları kontekstinə qədər aşağı yuvarlana bilir. 1967-ci ildən Türkiyəni Avropa Birliyinin qapısında gözlədən bu mürtəce avropalı siyasətçilər üçün heç bir dəyər yoxdur. “Mədəni və humanist” Avropa ölümcül yırtıcı kimi ancaq öz maraqları üçün, başqalarını talayıb, məhv edib özünü yedirmək üçün çalışır. Bu qərbdəkilər tarix boyu hansı ölkəyə demokratiya və ədalət gətiriblər ki? Şərqdəki “ərəb baharı” kimi qanlı çevrilişlərdən sonra İraqda, Misirdə, Liviyada, Suriyada, daha haralarda xaos və qanlı toqquşmalar yaradıb insanları evsiz-eşiksiz qoymadılar ki?
Bunların “ərəb baharı”ından sonra milyonlarla insan evlərindən qaçaq düşüb Avropa sərhədlərinə axın etmədilərmi, həmin qaçqın insanların başına zəncir keçirib Avropa paytaxtlarında bir tikə çörəklə alçaldıb qul kimi münasibət göstərmədilərmi? Bax, bu, həmin “mədəni Avropadır”. Onların elan etdikləri sosial rifah, insanın insan kimi yaşamaq cəmiyyətləri yalnız özləri üçündür, başqalarına qəti olmaz! Bunların tezisi belədir: Avropada mədəni həyat, sosial gül-çiçək, başqaları üçün isə ancaq qan-qada, qaçqınlıq, aclıq və səfalət. Beləcə Avropa İttifaqı –“Xristian Klubu” Qafqazda Fransa ilə əl-ələ verib qan axtarışına çıxıb. Əcdadlarının etdiklərini təkrarlayırlar.
Beləcə, artıq hamıya aydındır ki, Qərb üçün yalnız yırtıcı maraqlar var, başqa heç nə!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə