“Azəriqaz” və ADY nə etmək istəyirlər? KÖŞƏ

Dahilərdən birinin belə bir aforizmini oxumuşdum: "Nadan adamla mübahisə etmə, o səni öz səviyyəsinə endirib məğlub edər". Haqlı və əsaslı müdrik kəlamdır. Sadəcə, bir əmması var ki, günümüzdə çoxları üçün bu kəlam keçərli deyil. Çünki həmin kateqoriyadan olan bəşər övladları özlərini hər kəsdən daha haqlı və mükəmməl hesab edirlər. İstəsən ki yol göstərəsən, məsləhət verəsən köntöy-köntöy səni süzüb deyər ki, get tullanmağının dalınca, sən məndən ağıllısan? Bir qədər də dərinə gedib deyər ki, bilirsənmi, mənim sosial şəbəkələrdə dostluğumda olanların sayı nə qədərdir? Təbii ki, sən də məsləhətindən peşman olduğundan gözlərini döyə-döyə - xeyr, bilmirəm - cavabını verəcəksən. Həmin "ağıllı" sosial şəbəkə istifadəçisi amiranə poza alıb ədalı şəkildə - minlərlədir, bildin, minlərlə… onlar hər gün mənim paylaşdığım videolara baxıb feyzyab olurlar, ən çox da bəyənmə işarəsi ilə mükafatlanan istifadəçiyəm, - deyə bildirəcək və bir daha səni tərs-tərs süzüb, gedəcək şərafətli hesab etdiyi işini davam etdirməyə. Ümumiyyətlə, gəldiyim qənaət ondan ibarətdir ki, idarə, müəssisə, təşkilatlar, şirkətlər, qruplar və digərləri elə insan xarakterinə bənzəyir. Yəni, idarəetməsi, baxışları, fəaliyyət istiqamətləri ziddiyyətli insan təfəkkürünə oxşayır. Elə uzağa getməyək, cəmiyyətimizdə bir sıra şirkətlərin, idarələrin, qurumların fəaliyyətlərinə nəzər yetirsək, haqlı olduğum məlum olar. Eyni səhvlərə yol vermələri və insanlara qarşı eyni kobudluğu göstərmələri cümleyi-aləmdə elə təsəvvür yaradır ki, bu qurumların bəzi təmsilçiləri qida rasionalında adı keçməyən ərzaqlardan bəhrələnirlər. Misal olaraq, Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətini göstərmək olar. Sanki bu qurumlar bir medalyonun iki üzdürlər. Azərbaycan insanlarına qarşı hər cür yamanlıqları, pislikləri, hörmətsizlikləri edirlər. Belə demək mümkünsə, bir bəla olub keçiblər əhli-cümleyi Azərbaycan vətəndaşlarının boğazına. Əhali qaz limitinin ləğv edilməsi ilə bağlı xahişlər edir, Milli Məclisin deputatları təkliflər irəli sürürlər, lakin "Azəriqaz" rəhbrərliyi - olmaz, - deyir. Hələ bu azmış kimi, keyfiyyətsiz təbii qazla əhalini imtahan edirlər. Aradabir qaz borularına hava vurduqları da insanların dilindən səslənir.

Narazılıq var, lakin bu narazılıqların aradan qaldırılmasına təşəbbüslər yoxdur. "Azəriqaz" QSC rəhbərliyi iş gördükləri görüntüsünü yaratmaq üçün tez-tez kənd və qəsəbələrdə əhali ilə görüşlər keçirdikləri barədə özlərinə yaxın saytlarda məlumatlar yayırlar. Hərdən elan verirlər ki, guya respublika üzrə insanlarla onlayın görüşlər təşkil olunur. Lakin unudurlar ki, bəzi kəndlərimizdə təbii qaz olmadığı kimi internet də yoxdur. Yəni, bu məlumatları siyahınızdan silin, keçərli deyil.

Maraqlıdır ki, bu qurumlar etdikləri hərəkətlərə, atdıqları addımlara görə hesabat da vermirlər. Dəfələrlə sual olunub ki, niyə Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti uzun illər istifadə edilən kupe və plaskart tipli sərnişin qatarlarını ləğv edib? Nədən respublikamızın rayonlarına hərəkət etmiş sərnişin qatarları sıradan çıxarılıb? Süpürgəçi, bələdçi, fəhlə, maşinist daxil olmaqla ümumilikdə, 250-yə yaxın insanın günahı nə idi ki, "sizlər işdən azadsınız", deməklə onlar çörəklə imtahan edildi? Bakı-Xırdalan-Sumqayıt sürət qatarlarının sayını artırmaq çətindirmi? Hər gün mən də minlərlə sərnişin kimi bu qatardan istifadə edirəm, gördüyüm mənzərə, həqiqətən də, ürək ağrıdır. Dəfələrlə qatardakı insan sıxlığından yaşlı insanların, gənc xanımların ürəklərinin sıxılıb ölüm-qalım arasında çarpışmalarının şahidi olmuşam. İnsanlar pilləkənlərdə, qatarlara keçiddə sıxlıqdan əziyyət çəkdiyi halda, ikinci mərtəbə xüsusi imtiyazlı və ya pullu insanlar üçün bloklanıb. Yəni, ora sadə insanların keçidinə icazə verilmir. Nədən ayrı-seçkilik edilir, başa düşmək olmur. Azərbaycan azad, demokratik dövlətdir, ayrı-seçkiliyin hər cür növü qanunazidd hesab olunur və bu hallara yol vermək qəti qadağandır. İnsanların cibinə görə də fərq nəzərdə tutulmur. Elə isə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti niyə qatarlardakı ikinci mərtəbəyə insanların keçidinə icazə vermir?

Bir sözlə, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və "Azəriqaz" QSC fəaliyyətsizlikləri ilə ictimai rəydə özləri haqqında mənfi rəy formalaşdırıblar. Vəziyyətin düzəlməsi isə mümkünsüz görünür. Çünki rəhbərlik ya yerində deyil, ya da bilərəkdən iş mexanizmlərində dəyişiklik etmirlər. Ancaq yaxşı olardı ki, bu iki qurum birləşsin. Ya Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti "Azəriqaz"-ın tabeliyinə verilsin, ya da ikinci birinciyə birləşsin. Yetər ki, birləşsinlər. Bu halda insanların təskinliyi yalnız o olar ki, onlara tərəf daşın iki mərkəzdən deyil, bir mərkəzdən atıldığını görmüş və anlamış olarlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə